“Lalə Devri”nin baş qəhrəmanı: “Azərbaycanlılar gülərüzlü və kübardırlar” – MÜSAHİBƏ
07 aprel 2011 11:01 (UTC +04:00)

“Lalə Devri”nin baş qəhrəmanı: “Azərbaycanlılar gülərüzlü və kübardırlar” – MÜSAHİBƏ

Türkiyənin məşhur aktyorlarından biri, “Lalə Devri” serialının baş qəhrəmanı “Çinar” obrazını canlandıran Tolqahan Sayışmanın Lent.az-a eksklüziv müsahibəsi


- Azərbaycanda sizi “Lalə Devri” serialının baş qəhrəmanı “Çinar” kimi tanıyırlar. Açığını desəm, barənizdə o qədər də məlumatlı deyilik.

- O zaman mən özümü təqdim edim. 2002-ci ildə “Best Model Of Türkiyə”, 2004-cü ildə isə “Manhunt Of Turkey”in qalibi olmuşam. Türkiyə və Avropada təşkil edilən ən böyük dəfilələrdə baş maneken olaraq iştirak etmişəm. 2005-ci ilin oktyabrında Cənubi Koreyada “Manhunt International” müsabiqəsində 75 ölkə birincisi arasından Dünya Birincisi seçilmişəm.

Daha sonra Türkiyəyə döndüm və seriallarda oynamağa başladım. “Əlvida Rumeli” serialında iki il yarım davam edən əməkdaşlığım oldu. O serial çox tanındı, Türkiyədə də çox sevildi. “Əlvida Rumeli”də populyarlığım artıqdan sonra “Aşk tutulması” kinofilmi çəkildi, romantik komediya idi. Komediyadan sonra məni Türkiyədə Tarık Akana bənzətməyə başladılar. İndi də “Lalə Devri” serialı ilə davam edirəm. Bu serial Türkiyədə, bildiyim qədər Azərbaycanda da çox izlənilir.

- Türkiyədə ən məşhur sənətçilərinin əksəriyyəti modellik, kino sahəsində təsadüfən kəşf olunub. Kıvanc Tatlıtuğ da bu günlərdə Bakı səfərində bunu etiraf etdi. Siz bu təsadüflər arasında deyilsiniz ki?

- Hamının həyatında təsadüflər bir-birini qovur. Məndə də belə olub. Universitetdə oxuduğum vaxtlarda kaskadyorluq edirdim. Məni bu vaxt ərzində bəzi manekenlik agentlikləri kəşf etdi. Sonra müsabiqələrə qatıldım. Bununla da həyatım dəyişdi.

- Model olmaq arzunuz var idi?

- Yox, qətiyyən! Lakin aktyor olmağı həmişə istəmişdim. Konservatoriyaya daxil olub, teatr bölümündə təhsil almaq istəmişdim. Lakin modellik təsadüf oldu.

- Maraqlıdır, modellərin çoxu karyerasını kino sektorunda davam etdirir. Axı model biznesi Türkiyədə kifayət qədər inkişaf edib. Niyə aktyorluğa bu qədər meyllisiniz?

- Bu hər modelin başına gələn bir şey deyil. Əgər qabiliyyətin varsa, insanlar sizi kino sektorunda görmək istəyirlərsə, siz də o tərəfə gedirsiniz. Sizi seçməlidirlər. Bunun davamının gəlməsini istəyirsənsə, qabiliyyətini göstərməlisən. Bir təklif alıb bunun davamını gətirməyənlər də var. Lakin əgər təkliflər davamlı gəlirsə, deməli, davam etməyə borcluyuq.

- Sizi kinoya necə dəvət etdilər?

- Yaponiyadan Türkiyəyə döndükdən sonra dəyərli bir istehsalçı şirkət məni aradı və serialda oynadım. Doğrudur, serial çox da uğurlu olmadı, lakin mənim başqa uğurlu təkliflər almağıma kömək oldu. Sonradan “Əlvida Rumeli”də oynamağa başladım. Sonra kino müəllimləri, ustadlar məni seriallara dəvət etdilər.

- “Lalə devri” serialı “Fatmagülün suçu nə”, “Ezel” və digər çox izlənən seriallarla müqayisədə arzu olunan reytinqi yaxalaya bilməyib...

- “Lalə devri” son üç həftədə böyük reytinq əldə edib. Daha da yüksələcək. Mövsümün əvvəlində çox parlamasa da, getdikcə seriala baxanların sayı artır.

- Serialda tərəf müqabiliniz - Selenay Sarıkaya ilə sevgi münasibətləriniz var. Serialdan çox sevgilinizlə gündəmdəsiniz. Bu, sizi narahat etmir?

- İstər-istəməz narahat oluram. Mən bu qədər göz önündə olmaqdan çox da məmnun olan bir insan deyiləm. Selenay özü də bu xarakterə sahibdir. Lakin populyar olduğumuz üçün diqqət mərkəzindəyik, bizi birlikdə görmək istəyirlər. Bu, təbii haldır.

- Seriallarda çox populyar qadın aktrisaları tərəf müqabiliniz olub. Fahriyə Evcen, Bergüzar Korel, Mustafa Sandalın həyat yoldaşın Emina Sandalla birgə rollarda çəkilmisiniz. Onlardan kimlə işləmək daha maraqlıdır?

- Birini seçib, tərifləyə bilmərəm. Hamısının öz yeri oldu. Hərəsi ilə fərqli əməkdaşlıq oldu, razıyam, məmnunam.

- Qəribə haldır, filmin adı “Lalə devri”dir. Serial qəhrəmanı Lalə öldü. Adətən sizdə aktyora başqa serial təklifi gələndə filmdə ya ölür, ya oğurlanır, ya da başqa ölkəyə köçür... Burada vəziyyət necədir, Mustafa Sandal həyat yoldaşını sizə qısqanmadı ki?

- Eminanın serialdan ayrılması ilə bağlı hər hansı məlumat verə bilmərəm. Əslində düzünü desəm, bu mənim verə biləcəyim cavab deyil. Bilirəm ki, serialdan ayrılmaq istədi. Şəxsən mən öz tərəfimdən onun qərarına hörmətlə yanaşdım. Davam edirik, biz öz halımızdan məmnunuq.

- Hər mövsüm türk kanalları bir çox fərqli seriallar ilə ekrana çıxır. Sizcə, reytinq savaşında qalib çıxan filmlərdə kimin rolu çoxdur – aktyorun, yoxsa ssenarinin?

- Hər il bir çox serial ekran həyatı yaşayır. Bəziləri uzunömürlü olur, bəziləri isə bir neçə seriyadan sonra təəssüf ki, vidalaşmaq məcburiyyətində qalır. Çox şeyin təsiri var. Məncə, aktyor yoxsa ssenari müqayisəsini aparmaq düzgün deyil. Təbii ki, aktyorlar da reytinq savaşında serialı ön plana çıxaran faktordur. Layihənin mətni, hekayə çox əhəmiyyətlidir. Daha sonra filmin komandası nöqtə qoyur. Çünki güclü bir heyətlə oynanan hekayə daha gerçək və izlənən olur.

- Dediniz ki, sizi Tarık Akana bənzədiblər. Bu bənzərlik nədədir?

- Hə, belə bir bənzərlik var. Amma fiziki baxımdan deyil. Tarık Akanın yüksəliş dövrlərində oynadığı filmlərlə bərabər bu sektorda qazandığı status, nüfuz mənasında nəzərdə tutulur. Məncə, son vaxtlar türk filmlərində bir az o səpkili filmlərə və oynadığı xarakterlərə yaxın işlər görürəm. Ona görə bu bənzərlik ola bilər.

- Seriallarda həmişə təqdim etdiyiniz, istəməsəniz də önə çıxan spesifik xarakteriniz, jestləriniz var?

- Yox. Əslində fərqində olmuram. Özümü ekranda izlədiyim vaxtlarda belə bir hal diqqətimi çəkmədi. Fiziki özəlliklərim xaricində hansı xarakteri istəyiblərsə, onu da oynamışam.

- Hansı xarakterə sahibsiniz?

- Açığı, özümü ifadə edə bilmirəm və hətta sevmirəm. Nə bilim, olduqca yüksək inancım var, prinsiplərimə sadiqəm. Dəyərlərimə ziyan gəlməsinə heç vaxt icazə vermərəm. Doğru bildiyimi deməkdən və tətbiq etməkdən çəkinmirəm.

- Sizi nə hirsləndirir?

- Yalan, hədsiz israr edən insanlar, inadlı şəxslər. Hər şeyin bir həddi var. Lazımsız məsələlərdə önümə çıxıb israr edən şəxsləri heç sevmirəm. Hər anlamda, hər hərəkətdə, hər vəziyyətdə ifrata varmaq məni çox hirsləndirir. İfratçılığa qarşıyam.

- Bəs qadınlarda nəyi bəyənirsiniz? Və bəyənmədiyiniz tərəfləri nədir?

- Qadınlarda gözəl əxlaqı sevirəm. Mənim üçün insanlarda ən önəmli özəllik dürüstlükdür. Qadın ya kişi, fərqi yoxdur, insan ağzından çıxardığı kəlmədən etdiyi hər hərəkətə qədər qarşısındakına güvən verə biləcək qədər səmimi olmalıdır. Qadınlarda kişitəhər davranışları heç sevmirəm. Xarici görünüşündən ta davranışlarına qədər qadın kimi olmalıdırlar. Bunun əksi olan qadınları sevmirəm.

- Həyatınızdakı ən dəyərli qadınlardan biri də Nil adlı xanımdır...

- Nil mənim bacımdır. Həm qızım, həm də dostum kimidir. Mənim üçün çox dəyərlidir. Hazırda universitetdə oxuyur. Universiteti bitirdikdən sonra o da bizim sektorda çalışmağa hazırlaşır. Ailədə dörd nəfərik. Mənim üçün ailə dəyərləri tam fərqlidir. Gələcəkdə ailə qurmağa hazırlaşıram. Qız atası olmağı çox istəyirəm. Mənim düzgün, səliqəli bir münasibətim var. Dedi-qodudan, gecə aləmindən uzaq yaşayıram. Şəxsi keyfiyyətlər, ailə münasibəti karyeramdan önəmlidir. Lakin kinonu çox sevdiyim üçün məncə sənət həyatımdan ayrılmaq çətin olacaq.

- Eşitdiyimizə görə, Azərbaycana gəlmək istəyirsiniz.

- Azərbaycan gəlməyi çox istədiyimə baxmayaraq, hələ də arzu etməkdəyəm. Vətəninizdə ola bilməmişəm. Qardaş ölkəni təqib edirəm və bilirəm ki, sənayeləşməkdə və sürətlə böyüməkdə olan ölkədir. İnsanları şəkər kimi, bal kimi, gülərüzlü və kübardırlar.

- “Lalə devri” yaxın günlərdə hansı sürprizlərlə qarşımıza çıxacaq?

- “Lalə devri”ndə yaxın vaxtlarda obrazlar arasında gərginlik artacaq. Bəzi əsas rol obrazlarında dəyişikliklər olacaq. Yeni xarakterlər serialın heyətinə daxil olacaq. Ətraflı danışmayacağam, izləyin!

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2620

Oxşar yazılar