Erkan Özərman: “Çalışqanlığı  yox idi, indi də evlənib oturub Amerikada...” – MÜSAHİBƏ
22 fevral 2011 12:42 (UTC +04:00)

Erkan Özərman: “Çalışqanlığı yox idi, indi də evlənib oturub Amerikada...” – MÜSAHİBƏ

“Best model of Azerbaijan-2010” müsabiqəsi ərəfəsində hava limanında özünü pis hiss edərək Kliniki Tibbi Mərkəzə yerləşdirilən “Best model of the world” yarışmasının prezidenti Erkan Özərman yenidən Bakıdadır.

Bakıda yeni açılan türk restoranlarından birinin açılışına gələn prezident Lent.az-a eksklüziv müsahibəsində yarışma ətrafında baş verən qalmaqallarla bağlı danışıb.

- Erkan bəy, Allah şəfa versin. Müsabiqə ərəfəsində səhhətinizdə narahatlıq yarandı. İndi yaxşı gördük sizi...

- Hələ o qədər də yaxşı deyiləm. İnşallah, yavaş-yavaş özümə gələcəyəm. Daha bir əməliyyatım olacaq. Yəqin ki, bu əməliyyatdan sonra yaxşı olaram. Təsəvvür edin, ötən dəfə Azərbaycana gəldim, otelə girdim, on dəqiqədən sonra əməliyyata qaldırıldım. Bir tərəfimdə Aygün Kazımova var idi. Sağ olsun, o məni tək buraxmadı. Aygün mənim sadiq və köhnə dostumdur. Sonra başqa problemlərimi gündəmə gətirdilər. Diabet olduğum üçün gündə 4 dəfə çox qorxduğum iynəni özüm-özümə vururam. 15 kiloqram da arıqlasam, çox yaxşı olacağam. Mənim Ajda Pekkan kimi sənətə gətirdiyim müğənni var. O məni lazım olan yerlərə aparar və istənilən yerdə istənilən qədər arıqladar! (Gülür)

- O vaxt Bakıya gələndə özünüzü narahat hiss edirdiniz, yoxsa qəfildən vəziyyətiniz pisləşdi?

- Mən hər Bakıya gələndə halım pisləşir, “təcili tibbi yardım çağırın, ölürəm”, qışqırıram... başqa məmləkətdə olsaydım, heç yataqdan qalxmazdım. Azərbaycan xalqına olan hörmətimdən gəldim. Həkim də buranın havası mənə düşmədiyi üçün çox qalmağıma icazə vermir. Amma o biri dünyaya getməyə niyyətim yoxdur. Bakıda hələ çox layihələrim olacaq.

- Bu olaydan sonra “Best model of the World” müsabiqəsi də təxirə düşdü. Nə vaxt keçiriləcək?

- Mən xəstə olduğum müddətdə heç bir ölkə müsabiqəyə gəlmək istəmədi. 90 ölkə! Bu, mənim üçün çox gözəl bir hadisə idi. Lakin bu o demək deyil ki, müsabiqə olmayacaq. İki ay içində müsabiqəni etməliyəm. Sağlamlığı bir qədər bərpa edim, ilk işim bu olacaq. 90 ölkənin əziyyəti var önümdə. İştirakçıların da çoxu 17-18 yaşındadır. Onlarla bir-bir maraqlanmalıyam, təsəvvür edin ki, mən də liseyin baş müəllimiyəm...

- Hər il olduğu kimi bu il də müsabiqə qalmaqalsız ötüşmədi. Amma bu ilin qalmaqalı “best of qalmaqal” idi.

- Sizə çox maraqlı bir şey açıqlayacağam. Bu gün Ruhi xanım və Validə də oteldə mənim yanımda idi. Hamı gəldi, hamı ilə danışdım. Bu il bu müsabiqədəki qarmaqarışıqlığın səbəbi mənim xəstə yatmağım oldu. Mənim sağlığım yerində olsaydı, onları bir yerə toplayardım. Romazzi deyilən bir modelyer var, özünü birdən-birə təşkilatçı hesab etdi və nə isə etmək istədi. Stilist Anar və Romazzi bir araya gələrsə... Onlara rəhbərlik edən biri lazımdır. Mən də olmadım, onlar özbaşına qaldılar. Baxın görün, münsiflər heyətində kimlər vardı: Ruhi, Fəxriyyə Xələfova, Aygün Kazımova və mən. İlk dəfə münsiflərdə belə insanlar var idi. Lakin mən xəstələnən kimi aləm qarışdı. Validədən soruşdum, sən daha əvvəl bu işi görmüşdün? Dedi, hə! Cavabında dedim, sən bu işi görəndə mən ayaq üstə idim, xəstə deyildim. Demək ki, mənə nə isə olsa, kim isə bu işi görməyəcək.

- Olanlar üçün sizdən üzr istədilərmi?

- Üzr istəyəcək bir vəziyyət olmadı. Üzr istəmək üçün gərək bilə-bilə nə isə edəsən... bunlar bilə-bilə etmirlər ki! Bilmədikləri üçün edirlər! Onların nəyinə hirslənəcəyəm? Anar hara, təşkilatçılıq hara? Gözəl saç düzəldən, zavallı uşaq birdən-birə özünü “star” zənn etdi... İnsanlar yetişərək bir yerə gəlirlər. Onu Validə idarə etməli idi. “Mən şefəm, mənim dediklərimi edin” deyəcəkdi, olmadı... Məncə, Anar düzgün yönəldilmədi... O da ilk dəfə bu işi görürdü. Onların dünyagörüşü bu imişsə, mən nə edim? Bu 11 il içində 3 müsabiqə var ki, çox gözəl olub, bunlardan biri Nahid Kabakçının təşkilatçılığı ilə oldu. Digəri isə Aygün Kazımovanın və Ruhinin müsabiqələri idi.

- Müsabiqəni kimlərin keçirməsi lazımdır əslində?

- Bu iş çox ciddi bir işdir. Azərbaycana sizcə niyə bu qədər əmək sərf edirəm? Çünki buraya model biznesini gətirmək istəyirəm. İstəyirəm ki, bütün dünya Azərbaycandan danışsın.

- Bu qədər əmək sərf etsəniz də, təəssüf ki, model biznesi Azərbaycanda formalaşa bilməyib...

- Demək ki, burada yüngül sənaye, toxuculuq sektoru yaxşı formalaşmayıb. Öz modelləriniz, modelyerləriniz yoxdur. Toxuculuq sənayesi olmasa, model də ildə iki dəfə podiuma çıxar, sonra da evində oturar. Türkiyədə fərqlidir vəziyyət. 128 manekenim işləyir. Onların 18-i “top-star”dır.

- Necə düşünürsünüz, Azərbaycanda neçə ilə model biznesi formalaşa bilər?

- Mənim özəlliyim ən böyük əsərlərimi dünyaya tanıtmaqdır. Bakı Avropanın ən şıq şəhərlərindəndir. Bazar olduqdan sonra problem yoxdur.

- Azərbaycanlı modellər arasında dünya çapında tanınan nümayəndəmiz varmı?

- Rüstəmi tanıdılar, sevdilər. O da Amerikaya getdi. Rüstəmin soyadını dəyişdirib, Rüstəm Azərbəy etdim. Azərbaycanın bəyi etdim. Əsl soyadı Cəbrayılov idi. Çox yaraşıqlı uşaqdı... Lakin o heç bir dildə bilmirdi. Bir də çalışqanlığı yox idi! İndi də evlənib oturub Amerikada... Məsləyi sevmək lazımdır.

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1170

Oxşar yazılar