“Eurovision-2011” təmsilçimiz fevralın 4-də məlum olacaq
01 fevral 2011 17:08 (UTC +04:00)

“Eurovision-2011” təmsilçimiz fevralın 4-də məlum olacaq

APA-nın məlumatına görə, Azərbaycanın “Eurovision-2011”dəki təmsilçisinin son final konserti əsaslı təmirdən sonra yenicə istifadəyə verilmiş Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində baş tutacaq. Həmin gün finala vəsiqə qazanan beş ifaçı – İlhamə Qasımova, Eldar Qasımov, İlqarə İbrahimova, Aynişan Quliyev və Nigar Camal yenidən öz istedad və bacarıqlarının nümayiş etdirəcəklər. Final konserti Avropa Yayımları Birliyinin (EBU) üzvü və “Eurovision” müsabiqəsinin Azərbaycan üzrə rəsmi yayımçısı olan İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) ilə canlı yayımlanacaq. Məhz həmin final konsertindən sonra artıq tərkibi müəyyənləşmiş münsiflər heyətinin rəyi ilə Azərbaycanın 56-cı “Eurovision” müsabiqəsindəki təmsilçisinin kimliyi məlum olacaq.

Final konserti üçün hazırlanan xüsusi proqramda Aygün Kazımovanın, Aybəniz Haşımovanın və daha bir neçə yerli müğənninin də çıxışı nəzərdə tutulur. Hazırda İTV-də bu final konsertinə ciddi hazırlıq gedir. Builki milli finalda əcnəbi sənətçilərin və müsabiqə iştirakçılarının çıxışı isə nəzərdə tutulmayıb.

Qeyd edək ki, “Eurovision-2011” mahnı müsabiqəsi Düsseldorfda (Almaniya) “Fortuna Arena”da baş tutacaq. Müsabiqənin yarımfinalları mayın 10-u və 12-də, finalı isə 14-də keçiriləcək. Azərbaycan təmsilçisi müsabiqənin I yarımfinalında fnala çıxmaq uğrunda mübarizə aparacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 656

Oxşar yazılar