Səfurə Əlizadə səhnəyə mavi geyimdə çıxacaq
22 may 2010 12:30 (UTC +04:00)

Səfurə Əlizadə səhnəyə mavi geyimdə çıxacaq

Azərbaycan təmsilçisi “Telenor Arena”da ilk dəfə olaraq xüsusi hazırlanmış geyimdə məşq edib


Mayın 22-də Norveçin paytaxtı Oslo şəhərindəki “Telenor Arena”da “Eurovision-2010” mahnı müsabiqəsində Azərbaycanı təmsil edən Səfurə Əlizadənin ikinci məşqi keçirilib.
APA-nın Norveçə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, S. Əlizadə müsabiqədə iştirakı üçün xüsusi hazırlanmış geyimdə səhnəyə çıxıb. Onun geyimi və çıxış edəcəyi səhnə “Drip drop” mahnısına uyğun hazırlanıb. Azərbaycan təmsilçisi Avropa auditoriyası qarşısında mavi rəngli, arxası uzun, önü isə qısa geyimdə öz mahnısını ifa edəcək.


Geyimin əsas və qeyri-adi elementlərindən biri geyimdə xüsusi işıq effektlərinin quraşdırılmasıdır. Geyimi tanınmış dizayner Franseska Rosella hazırlayıb. Hazırlanan səhnədə tamaşaçıya su və damcılardan güclü leysan və qasırğanın yaranması fikri çatdırılır. Mahnıda istifadə olunan rəqs elementləri mahnının əsas məğzini çatdırmaq üçün istifadə olunub.


Məşqdən sonra çoxsaylı media mənsubları Azərbaycan nümayəndə heyətini təbrik edərək Azərbaycanın birinci olacağına əminliklərini ifadə ediblər.


Məlum olduğu kimi, Səfurə Əlizadə mayın 27-də beş nəfərlə səhnəyə çıxacaq. Onlardan biri oğlan rəqqasdır. Azərbaycan təmsilçisini səhnədə bek-vokallar Samanta Povel, Mirlen Stand, Anna Begehnoltz və Johanna Erikson müşayiət edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 473

Oxşar yazılar