Sevda Yəhyayeva: “Həyatımda olan “şahzadəm” mənim üçün kassa deyil” – MÜSAHİBƏ
15 aprel 2010 17:45 (UTC +04:00)

Sevda Yəhyayeva: “Həyatımda olan “şahzadəm” mənim üçün kassa deyil” – MÜSAHİBƏ

Gənc müğənni Sevda Yəhyayevanın Lent.az-a müsahibəsi

- Açığını desəm, səni bir o qədər də tanımıram, çox dinləmək, izləmək fürsətim olmayıb. Bir məqam yadımdadır, onu dəqiqləşdirmək istəyirəm. Hələ müsabiqədə o qədər də yaxşı geyinməyi bacarmayan və utancaq Azərbaycan qızı adlandırılan Sevda adlı bir qız var idi...

- ... Soyadı da Yəhyayeva... (Gülür)

- Bax, bu sözləri tam səmimiyyətlə deyirəm, həqiqətən də bilmək istədiyim sual idi.

- Bəli, o qız mən idim. İnsan gərək görsün ki, öyrənsin. Ona görə də mən utanmıram. Bilməyə də bilərdim. Şükürlər olsun ki, bu gün bilmədiyimi hansısa stilistdən, imicmeykerdən öyrənirəm. Əvvəllər uşaq idim, balaca idim, bilmirdim nə necədi...

- O vaxtdan bu vaxta nə dəyişib?

- Çox şey. Əvvəl inkişaf etməmiş pioner ifam var idisə, sonra çox müəllimlərim oldu, hazırlaşdım. Hər şey dəyişib. Həm sənətim, həm yaşam tərzim, həm sənətə baxışım... Yaxşılığa doğru dəyişib.

- Əvvəllər çox utancaq idin, yoxsa bu sadəcə kompleks idi?

- Utancaq idim. Səhnə görməmişdim. Efir, tamaşaçı, müsahibələr sıxırdı məni. Komplekslərim də olub, indi də bir az var. Çalışıram ki, sərbəst və kompleksdən uzaq olum. Səhnə utancaqlığı sevmir.

- Bax, Sevda, Azərbaycan səhnəsində sənin kimi gənc qızlar çoxdu. İndi zaman və musiqi səhnəsi də dəyişib. Hətta professionallıq belə pul tələb edir, danılmaz faktdır. Nə əhəmiyyəti var ki, çıxdın, müğənni oldun, toylara getdin, pul qazandın? Başqa peşə sahibi olub pul qazana bilməzsən ki? Yalnız səhnə və musiqi eşqi ilə alışıb-yanan gənc müğənnilərin olmasına, açığı, şübhəm böyükdür...

- Əgər mən diqqəti cəlb edə bilməsəydim, musiqilərim dinlənilməsəydi, onda fikirləşə bilərdim ki, axı niyə oxuyuram? Yolun yarısından da qayıtmaq böyük şeydi... Yaşıdlarımın arasında seçilə bilmişəm. 30 mahnımdan ikisini “raskrutka”ya vermişəm, hitə çevrilib. Ona görə də həvəslənirəm ki, oxuyum. Hər şey yaxşı olduğuna görə də peşman deyiləm. Allah mənə qapı açıb. Qoy o ifaçılar peşman olsunlar ki, nə Əlidəndilər, nə Vəlidən! Bilmirlər ki, özləri də nə oxuyur, nə istəyir...

- Sən bilirsən nə istəyirsən?

- Əlbəttə. Bilirəm ki, vaxt gələcək, mən də Azərbaycanda ən sevilən ifaçılardan biri olacam. Buna iddia edirəm!

- Cavan qızların çoxu sənətə həvəslə gəlir. Bir az keçir, fikirləşirlər ki, ailə qurum, bu çirkli aləmdən uzaqlaşım, nə sənət! Misal üçün, biri Röya... Şəxsən mənə müsahibəsində deyib ki, qurban olsun bu sənət mənim ailəmə!...

- Nə deyim, hər kəsin öz fikri var.

- Bu çirkinliklər hələ sənə təsir etməyib ki? Ya sən bunu görmürsən, ya da görməzdən gəlirsən...

- Elə sənətə gələn bilir ki, bu, çirkin, çirkab dolu həyatdı... Hamı bilir ki, hara gəlir, nəyə gəlir. Ailə qurmaq fikrində deyiləm hələ, oxuyuram. Sevdiyim insan var, sevilirəm də... inşallah, o da olar. Röya ailə qurub, oxuyur da... Ona qadağalar qoyulmayıb ki... Ona görə də mən də fikirləşirəm ki, bu yerə gəlib çatmağım üçün 5 manat pul qoyuldu.
Mən özümü şanslı hesab edirəm.

- Sənin kimi şanslı qızlar çoxdu. Necə oldu ki, onların arasında seçilə bildin, klip çəkdirdin, konsert verdin?

- Mən deyim də necə oldu. Əslində “Yeni ulduz”dan çıxan uşaqların çoxları evdə oturub gözləyirlər ki, nə vaxt hansı prodakşn onlara iş təklif edəcək, mahnı alacaq, klip çəkəcək. Mən belə etmədim. Hər yerdə oxuyurdum. İndi kliplərim var. 5 ildi oxuyuram. Əvvəldən toylara şou-proqramlara gedən olmuşam, ucuz da getsəm, gedirdim. Oturub gözləmirdim ki, ağ atlı şahzadəm çıxacaq. Evdə oturub gözləmirdim ki, vaxt gələcək. İnsanın özünün canında da olmalıdır. Öz işimə görə kimlərəsə ağız açmamışam.

- Demək istəyirsən ki, “ağ atlı şahzadə”dən başqa hamının köməyindən istifadə etmisən.

- Yox. Etmişəm nə mənada... Sualı tam anlaya bilmədim. “Ağ atlı şahzadə” kimdir?

- Sevdiyi qızın həyatında önəmli olduğunu göstərmək üçün səxavətlə pul xərcləyən adam... Sevgi nümayişini maliyyə sərf etməkdə görən xanım müğənnilər üçün də o insanlar “şah” və ya “şahzadə”dir.

- Açıq-aydın izah elədiniz... (gülür). Mənim həyatımda olan “şahzadəm” mənim üçün kassa deyil. Mən ondan kassa kimi istifadə etmirəm. Ona görə də illərdir ki, mənim yanımdadır. Mən onu öz işlərimə istifadə etsəydim, bir gün, iki gün... sonra yanımda olmazdı. O hiss edərdi ki, necə lazımdı istifadə olunur. Heç kimdən həyatım boyu istifadə etməmişəm. Heç kimə də ağız açmaram. Düzdü, o mənə hədiyyə ala bilər. Bahalı və ya bahalı olmaya da bilər. Lakin demərəm ki, mənə filan qədər pul lazımdır. Əgər o özü mənə desə ki, bunu sənə hədiyyə edirəm, o başqa məsələ... Bircə onu bilirəm ki, o mənim kassam deyil.

- Kömək təklifi də almamısan?

- Kömək edib. Amma sırf işlərimə pul qoysun, maliyyələşdirsin, bu yalan olar.

- Sənə yardım edən hansısa şirkət, qurum olub?

- Şirkət, qurum olmayıb. 2007-də Lalə adlı xanım mənə kömək edib. Mən özüm də ildə bir neçə klip çəkdirmirəm, efirə çıxmıram axı. İldə bir klip çəkdirib hər il bir iş görürəm. bir ildə çoxlu iş ortaya qoysaydım, onda sual yaranardı ki, hardandı bunda bu qədər pul... Qazancım öz işlərimə yetir.

- Ağıllı insan odur ki, işini və ailəsini bir arada tutmağı bacarsın. Həm yaradıcılıq, həm da ailə həyatını eyni vaxtda davam etdirməyi düşünürsən?

- Bəli.

- Bəs niyə hələlik fəaliyyətin birtərəflidir?

- Ərə getməyə özümü tam hazır hiss etmirəm. Ola bilsin, ailə qurum, lakin sabah həyatımdakı insan mənə desin ki, otur evdə. İstədiyim nailiyyətləri əldə edim, çoxdur arzularım. Ondan sonra ola bilər.

- Neçə ildir ki, münasibətin var, hələ də tanıya bilməmisən? Bilmirsən ki, o sənə icazə verəcək oxuyasan, yoxsa yox?

- O qədər olur ki. Evlənəndən sonra verdiyi vədə əməl etmirlər. Mənim oxumağa çox həvəsim var... Qismətdi, toyumuz ola da bilər, olmaya da bilər. Ola bilər ki, ayrılaq. Mən hər şeyə hazıram.

- Mən eşitmişəm ki, həyatındakı insan tərəfdən maneçilik, əngəllər var. Bu düz xəbərdir?

- Yox. Mən onun haqqında çox danışmıram ki, kimsə də onun ailəsindən də xəbər tuta. Mən şəxsi həyatı danışmağı, açıb-ağartmağı da xoşlamıram.

- Yəni qəbul olunrsan...

- Onu zaman göstərər.

- Onu da bilirəm ki, həm də ailəndən uzaq, kirayədə yaşayırsan. Sənin üçün bu çətinlik törətmir ki? İnsan ailəsi, sevdiyi ilə birgə yaşayanda mənən güclü olur.

- Yox. Əsla. Mən özümü güclü qadın hiss edirəm. Həyat mənim üçün xoşbəxt günlərdən, geyinib-keçinməkdən ibarət deyil. Həyatın acısı, şirini də olur. Ona görə də hiss eləmirəm ki, sıxılıram. Öz evimiz Bakının kəndində olduğu üçün səhər tezdən harasa gedib-gələndə yol yorğunu oluram. Bu səbəbdən kirayədə qalıram. Mən özümü zəif qadın hesab etmirəm.

- Özünü oxşatmaq istədiyin müğənni var?

- Özümü oxşatmaq istəmirəm, lakin Zülfiyyə Xanbabayeva, Röya qədər sevilən, qəbul olunan müğənni olmaq istərdim. Hamımız da onları sevirik. Lakin oxşatmaq yox.

- Səninlə rəqabət aparan, qısqanan müğənni var?

- Əslində, bu yaxşıdır. Konkret kimlərin mənimlə rəqabət apardığını bilmirəm. Lakin əgər mən inkişafdayamsa, mənə çatmaq üçün rəqabət aparmalıdırlar. Ona görə də olmamış deyil...

- Həmkarlarının paxıllıqları ilə üzləşmisən? Hansısa işinə mane olan, sənə pislik etmək istəyən olub?

- Arxamca danışmaq, filan olub. Onları eşidirəm, əhəmiyyət də vermirəm. O sözlər mənim yanımdan yel olub ötmür. Lakin şou-biznesdə dostlarım var. Nazim Məmmədov, Röya, Zamiq dostlarımdı.

- Səni nə qıra bilər? Səni o qədər də güclü görmədim, çox həssas, ürkək kimi tanıdım. Ola bilər, bu ilkin təəssüratlarımdır.

- İlkin təəssüratlardı. Kənardan baxanlar deyir ki, özündən razı qızdı. Dünən “Yeni ulduz”da ağlayırdı, bu gün “İnfiniti” sürür. Çox sakit görünürəm. Öküz ilindənəm. Öküz də sakitdi, amma qızışanda birdən qızışır.

Leyla
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1720

Oxşar yazılar