“Məqsədimiz şou yaradıb qalmaqal etmək deyil...” – MÜSAHİBƏ – FOTO
25 avqust 2010 15:17 (UTC +04:00)

“Məqsədimiz şou yaradıb qalmaqal etmək deyil...” – MÜSAHİBƏ – FOTO

Realiti-şou barədə ətraflı məlumat almaq məqsədilə Lent.az layihənin rəhbəri Günel Teymurdan müsahibə alıb.

- Maraqlıdır, bu layihə üçün niyə məhz Zaqatalanı seçmisiniz?

- Zaqatala öz iqlimi, sərinliyi və gözəlliyi ilə xüsusi fərqləndiyinə görə seçilib. Düşünürük ki, həm də yay ayları ərzində istirahət etməyi tam çatdırmayan şəxslər üçün şans yaranır, onlar həm adrenalin dolu düşərgənin iştirakçısı olacaq, həm də gözəl təbiətdə istirahət edəcəklər. Eyni zamanda Qax, İsmayıllı, Balakən, Şəki şəhərlərinə ekskursiya vasitəsilə 1 həftə ərzində unudulmaz anlar yaşayacaqlar.

- Layihəyə necə qatılmaq olar və ya iştirak üçün nələr tələb olunur?

- Layihə iştirakçısı olmaq üçün ilk olaraq ərizə doldurulmalı və qeydiyyatdan keçmək lazımdır, daha sonra təqdim olunacaq sorğu anketi cavablandırılmalıdır. Növbəti mərhələdə həkim müayinəmiz olacaq və iştirakçıların sağlamlıq durumları yoxlanılacaq. Bunlardan sonra müqavilə bağlamaqla düşərgənin iştirakçısı olmaq olar. 18-35 yaşlı hər bir kəs bu layihədə iştirakını irəli sürə bilər. Sadəcə iştirak etmək istəyənlərin psixoloji və fiziki durumu nəzərə alınacaq, sorğu aparılacaq və nəticələrə əsasən oyunlar tətbiq olunacaq.

- Layihə müddətində hansı yarışmalar üstünlük təşkil edəcək?

- Layihəmiz düşünürük ki, fərqli olacaq və iştirakçılar həyəcan dolu yarışmalarla əsl adrenalin yaşayacaqlar, eyni zamanda düşündürücü Lost key, Brain ring ve digər məntiqi oyunlar ilə intellektual biliklərini artıracaqlar.

- Layihənin davamı gözlənilirmi?

- Layihənin uğurlu alınması üçün çox çalışırıq. Biz bu layihəyə start verdikdən sonra növbəti addımlar üzərində düşündükdə layihənin davamını daha da ekstremal vəziyyətə gətirməyi və daha fərqli formada qarşınıza çıxmağı planlaşdırırıq. Artıq qeyd etdiyim kimi, ardı gözlənilir və ümid edirik ki, hamıda maraq yaradan bu layihənin uğurları fərqli prizmalarda davam edəcək.

- Layihədə iştirak etmək üçün bu günə qədər nə qədər gənc müraciət edib?

- Müraciət edənlərin sayı çoxdur. Mən bunu bu gün saat 20:00-dan sonra tam dəqiq deyə biləcəm. Bizim layihəyə uyğun olanları götürəcəyik, ancaq hələ iştirakçılar tam müəyyənləşməyib. İştirak etmək istəyənlər 3 mərhələli seçim turundan keçirlər. Sorğu anketi doldurduqdan sonra biz növbəti mərhələyə keçənləri dəvət edib onlarla müqavilə bağlayacağıq. Keçənlərin adları və şəkilləri saytımızda yayımlanacaq.

- Bilirik ki, bu gün ölkəmizdə bu tipli olmasa da, çoxsaylı realiti-şoular keçirilib. Siz təşkilatçı olaraq gənclərə hansı fərqliliyi nümayiş etdirəcəksiniz?

- Bu tipli realiti-şoular ölkəmizdə keçirilməsə də, dünyada keçirilir. Biz də onlardan bizə uyğun olanları götürmüşük. Fərqimiz proqramımızın rəngarəng olmasındadır. Belə ki, gün ərzində iştirakçılar adrenalin dolu oyunlar fiziki, zehni və digər yarışlarda iştirak edəcəklər. Gözünüzün qarşısına 1 anlıq gətirin ki, sizdə bizimləsiniz. Səhər-səhər hamı birlikdə idman edir, kənd məhsullarından səhər yeməyi yedikdən sonra artıq fiziki oyunlarla adrenalin başlayır, günorta nahar və istirahət etdikdən sonra hər kəs intellektual biliklərini nümayiş etdirir. Kimin nümayiş və iştirak etməyini qrup lideri müəyyən edəcək ki, bu da komanda oyununa və komandalararası strategiya qurmağa gətirib çıxaracaq. Hər axşam fərqli janrlara müraciət edərək rəqslər hazırlayıb çıxış edəcəklər ki, bu da iştirakçılara xal qazandıracaq. Uğurlu olan iştirakçı topladığı xallara görə sonda qalib gələrək noutbuk qazanacaq.

- Eyni zamanda Azərbaycanda keçirilən realiti-şouların bəzilərinin nəticəsi qənaətbəxş olmayıb. Bu da ictimaiyyətimizdə realiti-şoulara qarşı inamsızlıq yaradıb. Gənclər sizə niyə inanmalıdırlar və inandırmaq üçün nə edirsiniz?

- Biz işimizi ortaya qoyuruq, proqramımızı göstəririk, öhdəlik götürürük və iştirak etmək istəyən bunları görür, özünə uyğun bilirsə, iştirak etmək üçün ərizə ilə müraciət edir. Bizim düşərgəmiz özümüzə məxsus və iştirakçılar arasında dostluq əlaqələri əsnasında keçiriləcək. Məqsədimiz şou yaradıb qalmaqal etmək deyil, dostluq yaradıb gələcəkdə əlaqələrinin möhkəmləndirilməsi və eyni zamanda istirahətlərini təmin etməkdir. Onu da qeyd edim ki, gün ərzində bizim yanımızda həkimimiz olacaq, sağlamlığımızın qeydinə qalacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 782

Oxşar yazılar