Qarın, qol və ya beldə piylənmə... - Onlardan necə azad olaq?
02 iyul 2020 12:43 (UTC +04:00)

Qarın, qol və ya beldə piylənmə... - Onlardan necə azad olaq?

Artıq çəki və piylənmə dövrümüzdə bir çox insanı narahat edən ortaq problemlərdən biridir. Bəziləri isə hər hansı bir nahiyədə (qarın, bel, qollar və s.) yığılan piylərdən şikayətlənir. Ümumilikdə, artıq çəkili deyilsinizsə və sadəcə xüsusi nahiyələrdəki yağlar sizi narahat edirsə bu yazımızı diqqətli oxuyun.

Lent.az mövzu ilə bağlı suallarını mütəxəssislərə ünvanladı.

Həkim diyetoloq Tutu Zeynalova söyləyir ki, belə problemlər karantin dönəmində daha da artdı. Hər gün "qarın nahiyəmdə piylənmə var" şikayəti ilə müraciət edənlərin də sayı olduqca çoxdur. Bu problemlərə daha çox ofis işlərində çalışan insanlarda rast gəlinir:

"Qeyd etmək istəyirəm ki, elə bir möcüzəvi qida yoxdur ki, siz onu yeyəcəksiz və qarnınızdakı piylər əriyəcək.  Biz qidalara göstəriş verə bilmirik ki, xiyar yesəm qollarım, qatıq yesəm ayaqlarımdakı piylər əriməlidir, belə bir şey yoxdur. Gedən yağlar orqanizmin ümumi yağ depolarından və hansı nahiyədə yağlanma çoxdursa  oradan gedəcək.

Mən bir mütəxəssis kimi, hansı nahiyədə piylənmə çoxdursa, onun səbəbini araşdırmağı tövsiyə edirəm. Bilmək lazımdır piylənmə nə ilə bağlıdır? Burada insulin müqaviməti, D vitamini əskikliyi, tiroid hormonlarının normal çalışmaması və digər başqa səbəblər ola bilər”.  

Həkim həyat tərzi dəyişikliyi olaraq onu tövsiyə edir ki, bol-bol maye qəbul edilsin:

“Hər gün minimum çəkimizin 3% mislində su içilməlidir. Burda söhbət saf sudan gedir, çay və qəhvədən deyil. Bundan başqa çalışmalıyıq ki, bol tərəvəzli qidalanaq və hazır məhsullardan, şəkərdən uzaq duraq. Bəzən biz meyvənin faydalı olduğunu düşünüb onu da normadan artıq qəbul edirik. Burda meyvə paylarına diqqət etmək lazımdır. Çünki meyvə şəkəri də şəkərdir və normadan artıq yeyilərsə bel nahiyəsində piylənməyə səbəb olur. Gündəlik meyvə norması 3 payın üstünə çıxmamalıdır. Protein ağırlıqlı, az karbohidratlı və faydalı yağlarla zəngin bir rasionun olması məqsədə uyğundur. Çalışmaq lazımdır ki, evdə işlədilən yağı zeytun yağı ilə dəyişib, rəngli tərəvəzlərdən istifadə edilsin”.

Tutu xanım onu da qeyd edir ki, son illərdə qarın nahiyəsində piylərin artmasının ən əsas səbəblərindən biri, yanlış qidalanma ilə yanaşı yuxu rejiminin pozulmasıdır. Onun sözlərinə görə yuxusuzluq nəticəsində həmin şəxslər çəki almağa daha çox meyilli olurlar.

Diyetoloq sonda insanlara bol su içməyi, yaxşı yuxu yatmağı və həftədə minimum 150 dəqiqə fiziki aktivliyi tövsiyə etdi: “Fiziki aktivlik dedikdə məşq etmək nəzərdə tutulur. İdman zallarının bağlı olmasını bəhanə etmək olmaz. İstək olduqdan sonra evdə rəqs və yaxud da parkda gəzinti istənilən nəticəni almağa yardımçı olacaq”.

Bir digər müsahibimiz isə fitness məşqçi Muxtar Qasımlı oldu.

M.Qasımlının fikrincə burada hər hansısa bir nahiyənin vurğulanması yanlış düşüncədir:

“Qarın və bel hissəsi yağ topladığından bu nahiyələr daha çox nəzərə çarpır. Bütün bunları qaydasına salmaq üçün isə həm xanımlar həm də bəylər, rejimli və aktiv həyat tərzi keçirməlidir. Qidalarda bitki tərkibli və doymuş yağlardan istifadə etmək, zülal dəyərini qaldırıb, karbohidrat dəyərini aşağı salmaq tövsiyə olunur”.

Məşqçi onu da söylədi ki, səhərlər ac qarına edilən gəzinti həm sağlamlıq həm də görünüş üçün çox vacibdir. Bundan əlavə bitki çaylarından istifadə etmək, kofedən mümkün qədər uzaq durmaq lazımdır. Su isə ən sevimli içki olmalıdır.

Muxtar Qasımlı ev şəraitində edilə biləcək bir neçə sadə idman hərəkətlərini də oxuculara məsləhət gördü:

“Məşqi əyləncəli və şən hala gətirmək üçün,  “Jumping jack”, “ski jumping”, “open jump”, “mountain climber”, “side lunge”, “knee boxing”, “bench lunge” kimi faydalı hərəkətləri ev şəraitində aktiv şəkildə edə bilərsiniz”.

 

Banu

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4729
avatar

Oxşar yazılar