İlqar Məmmədov: “İndi yengələri neynəyək, yandıraq?!” - “KUBİK-RUBİK”
22 oktyabr 2012 16:18 (UTC +04:00)

İlqar Məmmədov: “İndi yengələri neynəyək, yandıraq?!” - “KUBİK-RUBİK”

Lent.az-da yeni rubrika oxuyursunuz. Adı “Kubik-rubik”dir. Yəqin ki, hamınız vaxtilə çox çevirmisiniz o üz-bu üzə. Rənglərin hamısını doğru şəkildə bir üzdə toplamaq sanballı işdi. Hər adam bacarmır. Elə biz də rənglərə görə rubrikanın adını belə qoymuşuq. Konstruktivlər demişkən, həyat yalnız ağ və qara rənglərdən ibarət deyil, bunun sözün bütün mənalarında mavisi də var, ən azı. Məqsədimiz siyasətdən-zaddan danışmaq deyil. Düzdür, arada siyasətdən də danışdıq, bəlkə. Ancaq bir müdrikin dediyi kimi, xahiş edirəm, gəlin, məsələni siyasiləşdirməyək. Siyasi suallar oxusanız da, özünüzü oxumamışlığa qoyun. Mesaj-filan axtarmayın. Məqsədimiz mesaj vermək deyil. Zatən mənim özüm də uşaqlıqdan məsələləri siyasiləşdirməyi xoşlamıram. Sizə də tövsiyə edirəm. Giriş qurtardı, keçin müsahibəyə...

“Kubik-rubik” “oynadığımız” ilk dostumuz REAL Hərəkatının sədri İlqar Məmmədovdur, başlıqdan da gördüyünüz kimi.

- Müsahibəyə tam danışdığımız kimi saat 6-da gəldim. Dedim, gecikərəm, küsərsiniz.

- Yox, niyə küsürəm.

- Küsəyənsiz, axı. “Facebook”da tez-tez küsürsünüz. Şəxsinizə kiçik bir tənqid yönəldən hər kəsi dostluğunuzdan silirsiniz.

- “Facebook” virtual evimdir. Biri var, kimsə ictimai yerdə nəsə danışır, o başqadır. Məni sərt tənqid də edə bilərlər, - necə ki, siz də etmisiniz. Biri də var, şəxsi evimdə danışır. “Facebook” səhifəmdə tənqidi qəbul etsəm də, həmin tənqidin yaxşı niyyətdən irəli gəlmədiyini görəndə, o şəxsi “evimdən” çıxarıram. Oradakı məntiqim ev məntiqidi. Niyyətin yaxşı olmadığını və adamın sadəcə danışmaqdan ötrü danışdığını görəndə, onu silirəm. Necə ki, evə gələn qonağı seçərək dəvət edirsiniz, eləcə də, mən “facebook”dakı dostlarımı elə seçirəm. Ancaq ictimai məkanda kim məni nə qədər tənqid edir, etsin. Tənqid də, hərdən təhqir də faydalıdır.

- Bəs, hesab eləmirsiniz ki, bu hərəkətiniz sizinlə bağlı dözümsüz olduğunuz obrazı yaradır?

- Xeyr. Real həyatda məni tanıyan adamlar var, biri siz - çoxdankı tənqidçim. Tənqidə dözümlü olduğumu bilirlər.

- Əslən Qərbi Azərbaycandansınız siz?

- Mənim atam Sİsyandandır. Ata tərəfdən nəslim oralıdı.

- Bəziləri bu bölgədən olanlara “yeraz” deyirlər. Uyğunsuz bir xitabdır. Sizə belə deməkdən qıcıqlanmırsınız ki?

- Xeyr. Qətiyyən. Əgər ayrı-seçkilik anlamında deyilmirsə, dostlar arasında məzə üçün deyilirsə, deyilsin.

- Siz Etibar Məmmədovun yanına da həmin bağlantıya görə getmişdiniz?

- Ora bilirsiniz məni kim aparıb çıxarmışdı?! Ana babam Şirvandandır, Göyçaylı. Anamın anası isə Qubadandı. Məni də Etibarla xalamın rəfiqəsi tanış eləmişdi. Tamamilə təsadüf idi, yəni. “Yeraz” bağlantısı-filan yox idi. Bir tərəfdən. Digər tərəfdən, təsadüf deyildi, çünki mən 1980-lərdən istiqlal ideyası ilə yaşamışam.

- İlqar bəy, REAL hərəkatı olaraq videosüjetlər hazırlayıb, “youtube” sosial şəbəkəsinə yerləşdirirsiniz. Baxış nə qədər olur videolarınıza?

- Verilişdən verilişə fərq olur. Ən azı 600-700 olmalıdır. Ancaq 2 mindən yuxarı baxılanı da var.

- Tutaq ki, 2 min deyil, 3 mindi. Bu baxılma sayı REAL-ın iddiaları ilə üst-üstə düşür?

- Onlar ayrı-ayrı mövzulara həsr olunan az qala bir saatlıq verilişlərdir. Hər kəsin də hövsələsi çatmaz ki, oturub internetdə bir saat verilişə baxsın. İki min çox yaxşı göstəricidir, deməli üzvlərimiz baxır. REAL-ın hazırda min nəfər üzvü var.

- Üzeyir Mehdizadəni tanıyırsınız?

- Adını eşitmişəm.

- Mahnılarını eşitmisiniz?

- Mahnılarını da eşitmişəm.

- Xoşunuz gəlir?

- Xoşum gəlir deyə bilmərəm. Amma istedadı var, sadəcə təhsili yoxdur. Bir ağıllı adam onu təhsilə göndərsəydi, bəlkə də daha maraqlı şeylər yarada bilərdi.

- Siz, Üzeyir Mehdizadəni istedadlı musiqiçi hesab edirsiniz?

- İstedadlı adam hesab edirəm. Musiqi təhsili olsaydı, bəlkə yaxşı musiqiçi də olardı.

- Üzeyir Mehdizadənin “youtube”dakı videolarına onminlərlə insan baxır, amma özünü “intellektuallar klubu” adlandıran REAL-ın videolarına uzaq başı 3 min.

- Əyləndirici materiallar həmişə və hər ölkədə daha çox diqqət cəlb edir.

- Bəlkə siz xalqla yaxşı işləyə bilmirsiniz elə?!

- Cənubi Koreyada bir mahnı çıxıb – Qanqam style. İndi dünya üzrə baxış sayı 500 milyonu keçib. Koreya da demokratik ölkələrdən biridir. Bu sayla Koreya siyasətçilərinin çıxışlarının izlənmə sayını müqayisə etsək, görərik ki, elə təxminən eyni nisbət alınacaq. Yəni, əyləncə dünyanın hər bir yerində siyasətdən daha diqqətçəkicidir.

- Bloqunuza giriş sayı nə qədərdir?

- Bloqumu ayda orta hesabla 3500 IP izləyir. Sayğacdan da baxa bilərsiniz. Bunun neçə adam olduğunu deyə bilmərəm. Kimsə deyir beşə vurmaq lazımdır, kimsə deyir ikiyə.

- O zaman sizə bloqqer İlqar Məmmədov deyə bilərik.

- Vaxtilə ilk siyasi bloqu Azərbaycanda mən açmışdım, bloqqer idim. İndi də hərdən yazıram, amma əvvəlkinə nisbətən daha az.

- İlqar bəy, xalqımızın milli-mənəvi dəyərləri, mentaliteti ilə aranız necədir? Yeni nəsil siyasətçilər kimi siz də mentalitetə qarşı çıxanlardansınız?

- Qətiyyən, yox. Mentalitetlə də aram lap yaxşıdır. Məsələn, 90-cı illərin sonlarında guya hamı “intelligent” olmuşdu, şadlıq saraylarını tənqid edirdi. Ancaq sonra məlum oldu ki, bu toyxana sənayesinin güclənməsi yaxşı haldır, çünki Azərbaycanda ailə institutunun təməlinin başqa ölkələrlə müqayisədə daha az zəifləməsində payı var. Bəlkə onun həm də demoqrafik göstəricilərə təsiri var, insanlar ailə qurmağa meylli olurlar. Bəzi mədəni təsisatlar var ki, onlar qorunmalı və inkişaf etdirilməlidir. Sadəcə “mentalitet” deyilən şeyi və ya bəzi ənənəvi dəyərlərimizi rədd etməklə heç nə yeniləşmir.

- Sizcə, mentalitet adı altına sığışdırılan dəyərlər arasında “dəyərsizi” yoxdur heç?

- Yəqin var. Məsələn, bunun birinə hətta film də çəkiblər. “Qaynana” filmini xatırlayırsız. Anaların yetkin oğullarının həyatına hədsiz müdaxiləsi səngisəydi, yaxşı olardı, misalçün. (gülür)

- Mental dəyərlərimiz arasında başqa maraqlı bir institut da var - yengəlik institutu. Bəs, o institutun quruluşuna və fəaliyyətinə münasibətiniz necədir?

- Təsəvvür elədiyim gələcək Azərbaycanda yengəlik institutunun yerini görmürəm.

- Ancaq indiki dövrdə görürsünüz?

- İndi yengələri neynəyək? Tutaq həbs edək hamısını?

- Yəni, siz deyirsiniz ki, Azərbaycanda yengəlik institutuna yer yoxdur.

- Ciddi təsisat anlamında yoxdur. Bəlkə gələcəkdə hansısa əyləncə formasına keçə bilər. Çünki mədəni ənənələr belədir, inkişaf edir. Hansısa ənənə zamanla uyğunlaşmayanda ya məhv olur, ya da ki, əyləncə formasını alır. Yengəlik də ola bilər haçansa toy mərasimlərinin əyləncə naxışına çevrilər, bilmirəm. Hər halda, gələcəkdə onun ciddi funksionallığını görmürəm.

- Bakirəlik institutuna baxışınız da belədir?

- Onun ziddiyyətli tərəflər var. Bu, bir tərəfdən pisdir, bir tərəfdən yaxşıdır.

- Zəhmət olmasa, izah edin.

- (uzun uzadı gülür). Heç vaxt bu mövzuda ictimaiyyət üçün danışmamışam. İndiki məndən xahiş edirsiniz, bir az mollalıq edim, neyləyək.

- Sizcə, mollalıqdı bu mövzuda danışmaq? Məncə mollaların heç xoşu gəlmir bu kimi mövzulardan.

- Bu mövzulardan danışmağı ən çox onlar xoşlayır. Nə isə. Baxın, bakirəlik tələbinin mənfi tərəfi odur ki, gənc adamlar arasında ünsiyyət toplum, yaxınlar qarşısında məsuliyyətlə həddən artıq yüklənir. Yəni, insanları bu qədər məsuliyyətlə yükləmək lazım deyil - yəni kim nə deyər, qonşular, tanışlar nə fikirləşər və s. kimi problemləri nəzərdə tuturam. İnsanların fərqli-fərqli cinsi yetişmə dövrü var. Biri var, 18 yaşında artıq, üzr istəyirəm, ünsiyyətə meyllidir və təbii tələbatı var, biri də var, 20 yaşında belə, cinsi ünsiyyət üçün yetkin deyil. 20 yaşında fizioloji ehtiyacı olan qız otursun gözləsin ki, haçan ərə gedəcək? Düzgün yanaşma deyil bu. Bunlar, bakirəlik tələbinin mənfi tərəfidir. Müsbət tərəfi isə odur ki, insanlar öz münasibətlərində daha məsuliyyətli olurlar və bu, yeni nəslin, uşaqların fiziki sağlamlığı baxımından da arzuolunandır. Axı, biz istəyirik ki, gələcəyimiz üçün sağlam uşaqlar doğulsun. Yəni, bu məsələ ziddiyyətlidir. Burda tarazlıq tapılmalıdır. Demək olmaz ki, gənc qızdan bakirəlik tələbi tamamilə pisdir və ya tamamilə yaxşıdır. Hər bir halda, fərdi qaydada və insanın öz ağlının çərçivəsində həll olunası şeydi. Burda hər kəsə aid tələb tətbiq etməyin əleyhinəyəm.

- Belə mövzular siyasətçi üçün təhlükəli mövzulardır?

- Yox, təhlükəli deyil. Bir az gülməli, əsasən də qeyri-adi mövzulardır.

- Ümumiyyətlə, Azərbaycanda seks inqilabı tələb edənlərə sizin münasibətiniz necədir? Yəni, bu tələblər və çağırışlar normaldırmı?

- Yəni belə tələblər var? Kim nə tələb edir, etsin. Nə istəyirlər? Nədən doğur bu tələblər? Tələb edib nə edəcəklər ki? Qanun qəbul olunmalıdı, yoxsa polis gedib misalçün, bəylə gəlinin qapısında postda durmalıdır ki, yengə postunu qoyub qaçsın?! Gərək ortaya hər hansı bir iddia qoyanda ya onu təmin edə biləsən, ya da icrasına nəzarət edə biləsən.

- İlqar bəy, İvanişvili doğurdan da Rusiyanın adamıdır? Siz Cənubi Qafqazı yaxşı tanıyırsınız.

- Mürəkkəb sualdır. İvanişvili öz var-dövlətinə Rusiyada sahib olsa da, indiki anda onun Rusiyanın adamı olduğunu söyləmək çətindir. Biz hələ bilmirik ki, onun hakimiyyəti hansı istiqamətdə gedəcək. Ancaq bir çox əlamətlərinə görə bu adam hazırda Rusiyapərəst adını qazanmayıb. Rusiyada qazandıqlarını, oradakı aktivlərini də başqa ölkələrə köçürdü. Ancaq yenə də şübhələr var və onları diqqətdən qaçırmamalıyıq.

- Sizi də nə vaxtsa Saakaşvili kimi qalstukunuzu dişləyən vəziyyətdə görmək olar?

- Qalstukun dadını bilmirəm, açığı qalstuk dişləməmişəm.

- Adətən əsəbiləşəndə nə edirsiniz? Məncə, siz söyürsünüz.

- Hirslənəndə söyə də bilərəm. Öz aramızda, yəni yaxın adamlar arasında söyə bilərəm.

- Bir siyasi müzakirədə Jirinovski kimi söymək ehtimalınız yoxdu, yəni.

- İndiyə qədər siyasi təcrübəmdə belə şeylər olmayıb. İctimai müzakirə ayrı, dostlar arasında söhbət başqa. Bunlar fərqli ünsiyyət məkanlarıdır.

- İlqar bəy, siz bilərsiniz, Saakaşvili doğurdan da şoumendir, yoxsa hərəkətlərində səmimidir?

- Saakaşvili çox ağıllı və dərin düşüncəli siyasətçidir. Təbii, hər gərgin çalışqan adam kimi, bir sıra səhvləri olub. Lakin bütün hərəkətləri göstərdi ki, o, Güney Qafqazda strateji təfəkkürə və demokratik düşüncəyə malik, geniş vizyonlu şəxs kimi görünür.

- Axırıncı dəfə oxuduğunuz kitab nədir?

- Hazırda Kembric Universitetinin Çin əsilli professorunun kitabını oxuyuram. Adı belədi: “Kapitalizm haqqında sizə deyilməyən 23 şey”.

- Daha çox siyasi ədəbiyyat oxuyursunuz?

- Bəli. Bədii ədəbiyyat oxumuram. Axırıncı dəfə ya məktəbdə, ya universitetdə oxumuşam. Arada ildə bir-iki dənə dedektiv-filan oxuyuram.

- Sizcə, bu, siyasətçi üçün qüsur deyil?

- Öz şəxsi həyatım bədii ədəbiyyatdan maraqlıdır. Bəlkə də ona görə ədəbiyyat oxumuram. Halbuki bədii ədəbiyyat çox dəyərli sahədir. Ancaq mən o qədər də vaxt tapa bilmirəm oxumağa. Filmləri sevirəm, hətta siyahı tutmuşam – bloqda baxa bilərsiz. Çoxu Art house – yüksək ədəbi keyfiyyətli filmlərdir. Bədii ehtiyaclarımı filmlərlə qarşılayıram. Ikincisi də, təkrar edim, şəxsi həyatım bədii ədəbiyyatlarda yazılanlardan daha maraqlıdır.

- Gülər Əhmədovanın videolarını izləmisiniz?

- Bəli. Baxdım.

- Bəs, onun bəstələdiyi mahnıları dinləmisiniz?

- Mahnıları?! Yox, xəbərim yoxdur.

- Sizcə, içində belə şeiriyyat olan bir xanımın belə xoş olmayan işlərlə məşğul olması təəccüblü deyil?

- Adamdılar də. Yəqin ki, həyat haqqında, dövlət haqqında təsəvvürləri budur. Nə deyə bilərəm şəxsən onlara? Necə vardırlar - elədirlər.

- İlqar bəy, beynəlxalq təşkilatlardan neçə ildir qrant alırsınız?

- 2006-cı ildən bəri. Mən Avropa Şurasının siyasi biliklər proqramının direktoruyam. Yalnız bu istiqamətdə qrant alıram.

- İndiyə kimi üst-üstə nə qədər qrant almısınız?

- Dəqiqini deyə bilmərəm indi, gərək baxım. Bu qrantlar çərçivəsində qonorarım olur. Olanda, orta hesabla ayda beş yüz neçəsə manat edir. Bu, Şərqi Avropada yerləşən bütün 18 məktəbin hamısında belədir. Bu, mənim gəlirlərimin cüzi bir hissəsidir. Mən konsaltinq işləri ilə də məşğulam. Müxtəlif təşkilatlar üçün yazılı hesabatlar hazırlayıram. Bütün bu işlərə görə aldığım qonorarların da vergisini vaxtı vaxtında dövlət orqanlarına ödəyirəm. İstəsəz, sorğu da göndərə bilərsiniz. Yaxşı yadıma düşdü, bir az indi Sosial Müdafiə Fonduna borcum var. Gərək gedim görüm nə qədərdir və onu ödəyim.

- O zaman sizə “qrantamyot” demək olmaz.

- Yox, mən vaxtımın az bir hissəsini qrantlı işə sərf edirəm. Avropa Şurasının siyasi biliklər proqramına cəmi 10-20 faiz vaxt ayırıram.

- Cinsi azlıqlara münasibətiniz necədir?

- Necədir? Heç necə. Heç bir münasibətim yoxdur.

- Yəni, hətta onlar yoxmuş kimi davranırsınız?

- Yox, yəni aralarında yaxşı insanlar da tanıyıram, yaxşı olmayanları da tanıyıram. Belə...

- Hansısa cinsi azlığın nümayəndəsi gəlib REAL-a üzv olsa, sizin münasibətiniz necə olar?

- Biz qərar verərkən, hər halda onun cinsiyyətini və ya cinsi seçimini rəhbər tutmuruq. İnsanın öz şəxsi keyfiyyətlərinə və bacarıqlarına qiymət veririk. Digər şeylər kiminsə şəxsi həyatıdır. Biz ona müdaxilə eləmirik.

- İlqar bəy, Azərbaycan həqiqətlərini xaricə daşıyırsınız heç?

- İşimiz-gücümüz odur də elə. On gün qabaq İstanbulda bir enerji konfransında idim, bir həftə bundan əvvəl isə Strasburqda Dünya Demokratik Forumunda Qarabağ mövzusunda çıxış etdim. Bir ay sonra daha bir konfransa gedirəm. Bu dəfə hərbi-siyasi mövzuda...

- Həqiqətlərimizi dünya arenasına daşıyan adamlardan biri kimi, sizcə, dolma Azərbaycan yeməyidir, yoxsa erməni?

- Qəşəng sualdır. Hər halda, əsas odur ki, dadlı olsun (gülür). Məsələn, mən Yunanıstanda dolma yedim, heç xoşuma gəlmədi. Türkiyədəki hərdən yaxşı olur. Ermənistanda çox zay dolma yemişdim. Ən keyfiyyətlisini elə burda yemişəm.

- Bəs “Sarı gəlin” kimindir?

- “Sarı gəlin”... Bu da mürəkkəb sualdır...

- Niyə birmənalı demirsiniz ki, bizimdir?!

- Sübut eləyə bilərəm bunu?

- Biz hamımız elə deyirik də. Azərbaycanlıların hamısı deyir ki, “Sarı gəlin” bizimdir.

- Mən sübut edə bilmərəm axı bunu. Azərbaycanda olan əksər mütəxəssisin rəyincə, bu Azərbaycan musiqisidir. Bunu bilirəm və onlara inanıram.

- Ancaq bir demokrat olaraq, ermənilərin də iddiasına yer verirsiniz?

- Demokratik məsələsi deyil e. Mən şəxsən bu məsələni bilə bilmərəm axı.

- İlqar bəy, biz azərbaycanlılar olaraq deyirik ki, “Sarı gəlin” Azərbaycan musiqisidir. Siz nə deyirsiniz, bəs?

- Olsun da Azərbaycan musiqisi. Mən deyirəm ki, bizim mütəxəssislərin dediyinə görə, bu, Azərbaycan musiqisidir. Ancaq nə bilmək olar?! Bəlkə erməni yazıb? Bəlkə də erməni musiqisidir?! İnandığım öz mütəxəssislərimizdir.

- Muğamla aranız necədir bəs?

- Xoşum gəlir, ancaq açığı, hər zaman qulaq asılası musiqi deyil. Bir də görürsən damarım tutdu, qulaq asıram. Toylarda da olur hərdən. Momentində gəldisə, lap ürəklə dinləyirəm. Bezdirdiyi anlar da olur.

- Muğam sizin də yadınıza içkili olanda düşür?

- Xeyr, qətiyyən.

- Adətən nə içirsiniz?

- Dövrdən-dövrə dəyişir. Hazırda tekila və armanyak sevirəm. Yeri gəlmişkən, onları çox içmək olmur. Daha tez-tez isə çaxır. Çünki tədbirdə adətən çaxır verirlər.

- Bunlar intellektual adam içkiləridir də. Müxalifətçilər adətən araq içir)) (Qarşılıqlı gülürük, elə gülə-gülə də söhbətimizi bitiririk)))

Anar GƏRAYLI

# 12127
avatar

Anar Gəraylı

Oxşar yazılar