Kolumbiyada küçə bandaları 13 yaşlı futbolçu Kristian Fabian Rondon Mendesi məşqdən sonra öldürüblər.
Lent.az xarici mediaya istinadla bildirir ki, hadisə mayın 16-sı axşam saatlarında Piedekvesta şəhərində baş verib. İki nəfər küçədə yeniyetməyə yaxınlaşaraq onun “bu rayondan olmadığını” bildiriblər.
Bundan sonra cinayətkarlardan biri məktəblinin sinəsinə bıçaq zərbəsi endirib. Cinayətkarlar hadisə yerindən motosikletlə qaçıblar.
Hadisə şahidləri təcili yardım çağırıblar. Yeniyetmə xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.
Qeyd olunur ki, Mendes yerli “Sporting de Piedecuesta” klubunun gənclər komandasında çıxış edirdi və perspektivli futbolçu hesab olunurdu.
Qətldən sonra hakimiyyət hücum edən şəxslərlə bağlı məlumat verənlər üçün mükafat elan edib. Cinayətkarların saxlanılmasına kömək edəcək məlumat qarşılığında 15 milyon Kolumbiya pesosu — təxminən 6806 manat vəd olunub.