Yeni il gecəsi QƏTL:  meyitini gölməçəyə atdılar - TƏFƏRRÜATLAR
11 oktyabr 2022 20:15 (UTC +04:00)

Yeni il gecəsi QƏTL: meyitini gölməçəyə atdılar - TƏFƏRRÜATLAR

CİNAYƏT İŞİ

Qısa arayış…

2020-ci il dekabrın 31-i səhər saat 5 radələrində 1987-ci il təvəllüdlü Röyal İlyasovun meyiti yaşadığı evin yaxınlığında aşkar olunur. Dərhal məlumatla əlaqədar, polis və prokurorluq orqanları əməkdaşları hadisə yerinə baxış keçirir.
 
Məlum olur ki, Röyal İlyasov Gürgan qəsəbəsi, İlqar Məcidov küçəsindəki 24 saylı evin qarşısında ov tüfəngindən açılmış atəşlə qətlə yetirilib. Onun meyiti dəniz kənarında basdırıldığı çaladan çıxarılır. 
 
Hadisə ilə əlaqədar Pirallahı rayon Polis Şöbəsinin əməkdaşları Neftçala rayon sakinləri 1975-ci il təvəllüdlü Elşən Gözəlov və 1995-ci il təvəllüdlü Cəmil Hüseynovu saxlayır.

Hadisə olan bina
 
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılır.

Lent.az dəhşətli qətlin istintaq materiallarını təqdim edir:

İstintaqla müəyyən edilib ki, dekabrın 30-da Cəmil Hüseynov yaşadığı evdə tanışları Elşən Gözəlov, Röyal İlyasov və Rasim Ağayevlə birlikdə spirtli içkilər qəbul ediblər. Cəmil Elşənin təşəbbüsü ilə başlanan mübahisənin gedişatında  Rasim Ağayevi və Röyal İlyasovu evdən qovub. Daha sonra, Cəmil Hüseynov və Elşən Gözəlov xuliqanlıq niyyəti ilə Röyal İlyasovu cəzalandırmaq qərarına gəliblər. Ayın 31-i gecə saat 2 radələrində 16 kalibrli ov tüfəngi ilə silahlanaraq İlyasovun yaşadığı binanın qarşısına gəliblər. Məcidov küçəsindəki 22 saylı binanın 2-ci mərtəbəsində yerləşən 5 nömrəli mənzilin qapısını döyən Gözəlov aralarındakı mübahisənin səbəbini tam aydınlaşdırmaq bəhanəsi ilə İlyasovu həyətə çağırıb. Həmin bina ilə üzbəüz, 24 saylı evin hasarının arxasında gizlənən Cəmil Hüseynov, yaxın məsafədən Röyal İlyasovun baş nahiyəsini nişan alaraq tüfəngdən atəş açıb. Röyalın öldüyünə əmin olduqdan sonra birlikdə meyiti kəndirlə bağlayıb Xəzər dənizi istiqamətində aparıblar. Orda çala qazmaqla cəsədi quma basdırıblar.

Röyalın cəsədi
 
İş üzrə dindirilmiş Cəmil Hüseynov bildirib ki, Pirallahı rayonun Gürgan qəsəbəsində yaşayıb. 2020-ci ilin noyabr ayında arvadı azyaşlı oğlu ilə birlikdə Neftçala rayonuna gedib:

“Qəsəbədə tanışım Sahil Qasımovdan kirayəyə götürdüyüm qayıqla balıq tutub satırdım. Dekabrın 30-da dənizdən qayıdandan sonra Elşən Gözəlova zəng etdim. Dostum məni evinə qonaq dəvət etdi. Yemək yeyərkən araq içirdik. Sonra qərara gəldik ki, marketdən yenə spirtli içki alıb, bizim evə gedək. Saat 22 radələrində Röyal və Rasim adlı tanışlar da evimə qonaq gəldilər. Həmin şəxslər də bizimlə əyləşib araq içdilər. Təxminən 1 saatdan sonra Elşən zarafatla Rasimə şillə vurdu. Röyal isə onun hərəkətini hörmətsizlik kimi qəbul edərək, yerindən durub onun sağ gözünə yumruqla zərbə endirdi. Rasim də üstünə hücum etdi. Onları aralayıb Röyalla Rasimi digər otağa apardım. Oturduğumuz otaqda, masanın üzərindəki əşyaların bəziləri yerə düşüb sındı. Rasim qəfil Elşənin olduğu otağa qaçdı və qapını bağlayaraq, onu döydü. Evin pəncərəsindən içəri daxil olub yenindən onları araladım. Rasimə və Röyala evimi tərk etmələrini bildirərkən, hər ikisi məni söyüb, mübahisə etdilər. Röyalgil gedəndən sonra Elşəndən mənim arxamca söyüş söyüb-söymədiyini soruşdum. Dostum da həmin şəxsin yalan danışdığını söylədi. Bir az söhbət edəndən sonra Röyalla məsələni aydınlaşdırmağı qərarlaşdırdıq.

Qonaqlıq süfrəsi

Tanışım Araz Əzimovdan ovda istifadə etmək üçün götürdüyüm tüfəngi və 2 ədəd 16 kalibrli patronu yatdığı çarpayının altından çıxardım. Röyal fiziki cəhətdən bizdən güclü idi. Bundan başqa sərxoş olduğum üçün hərəkətlərimizi tam idarə edə bilmirdik. Röyalın bizə söyməsi və məni döyməsi bizə pis təsir edirdi. Dekabrın 31-i gecə saat 2 radələrində İ.Məcidov küçəsindəki 22 nömrəli binanın qarşısına yollandıq. Rasimin köhnə qarajının qarşısından keçərkən tüfəngin atəşə yararlı olub-olmadığını yoxlamaq məqsədi ilə qapını nişan alıb 1 dəfə atəş açdım. 24 nömrəli evin yanında dayanıb Elşənə Röyalı çağırmasını dedim. O da bloka daxil olub 2-ci mərtəbəyə qalxaraq, mənzilin qapısını döydü. Röyal qapını açıb “niyə gəldiyini?” soruşanda, Elşən çölə çıxmasını bildirdi. Röyal başına və digər nahiyələrinə yumruq zərbələr vura-vura Elşəni küçəyə çıxardı. Dalaşdıqlarını görüb cəld onlara tərəf getdim. Elşənin 1-2 addım geriyə çəkildiyini görüb sağ çiynindən asdığım tüfəngi götürdüm və nişan aldım. Röyalın başına 1 dəfə atəş açdım. Həmin vaxt ətrafda heç kəs yox idi. Röyalı öldürdüyümüzü heç kim görmədi. Elşənlə birlikdə meyitin qollarından tutub, bir qədər görsənməyən yerə sürüdük”.

İstintaq fotosu

Cəmil cəsədi aparmaqda çətinlik çəkdikləri üçün Elşənə orda gözləməsini deyib. Özü isə evə gedərək bir neçə metr ölçüdə qalın toxunuşlu ip və beli götürüb yenidən Elşənin yanına qayıdıb:

“Elşən ipi meyitin belindən və qollarından bağladıqdan sonra meyiti sürüyüb, dəniz kənarına apardıq və onu çökəklik yerə atdıq. Cəsədin üzərini qumla basdırdıqdan sonra evə qayıtdıq. Yolla gedərkən gilizləri xatırlamadığım yerə tulladım. Röyalın meyitinin üstünü qumla örtməkdə məqsədimiz səhər dəniz kənarında gəzən uşaqların cəsədi görüb qorxmamaları idi. Tanışım Sahilə zəng edib Röyalı öldürdüyümüzü dedim və tüfəngi ona vermək istədiyimi bildirdim. 20 dəqiqəqdən sonra Sahil Elçin adlı tanışı ilə evimə gəldi. Törətdiyimiz hadisəni bir daha danışıb silahı ona verdim”.

İstintaq fotosu

Zərərçəkmiş şəxsin hüquqi varisi Mətanət İlyasova ifadəsində göstərib ki, dekabrın 31-i gecə saat 1 radələrində həyat yoldaşı Röyal yaşadığı evə gəldikdən 15 dəqiqə sonra qapıları döyülüb:

“Ərim qapını açaraq kimdənsə qapımıza niyə gəldiyini soruşdu. Həmin şəxs Röyaldan aşağı düşməsini tələb etdi. Həmin vaxt həyəcanlı şəkildə pəncərədən çölə baxırdım. Tanımadığım şəxslə yoldaşım binanın tininə çatan kimi atəş səsi eşitdim. Onların arasında dava olmamışdı. Əgər mübahisə etdiklərini görsəydim səs-küy salıb qonşuları köməyə çağırardım. Dərhal ərimin mobil telefonundan Rasim Ağayevə və qardaşım Natiq Bəhmənova zəng edib hadisə barədə xəbər verdim. Binadan bir qədər ara məsafədə qan izləri aşkar edilsə də, Röyalı tapmaq mümkün olmadı. Daha sonra hadisə yerinə polis əməkdaşları gəldi. Həmin gün səhər saatlarında Röyalın Cəmil və Elşən adlı şəxslər tərəfindən öldürüldüyünü bildim”.

İstintaq fotosu

Şahid Sahil Qasımov bildirib ki, dekabrın 31-i gecə saat 3 radələrində tanışı Elçin Quliyev ona xəbər verib ki, Cəmil Hüseynov və Elşən Gözəlov Röyal İlyasovu öldürüblər:

“Buna görə, onun yaşadığı ünvana yolandıq və Cəmili küçəyə çağırdıq. Hüseynov darvazadan çölə çıxaraq, Röyalı qətlə yetirdiklərini təsdiq etdi. Cəmil içində ov tüfəngi olan çantanı mənim “Mercedes” markalı avtomobilimin baqajına qoydu və silahın Araza məxsus olduğunu söylədi. Ona təslim olmasını məsləhət gördükdə, Hüseynov polisə zəng edib məlumat verəcəyini bildirdi. Silahı Araza verəndə o, tüfəngi Cəmilə qaytamaq qərarına gəldi. Buna görə yenə Hüseynovun yaşadığı evə getdik. Araz silahı Cəmilin evinin arxasında gizlətdik və sonra ərazidən uzaqlaşdıq. Həmin gün şöbəyə dəvət olunarkən tüfəngin yerini polis əməkdaşlarına göstərdim”.
 
Şahid Rasim Ağayev ifadəsində göstərib ki, dekabrın 30-u saat 21 radələrində küçədə Elşən Gözəlov və Cəmil Hüseynov yanlarından keçiblər:

“Əlində yarım litrlik araq şüşəsi olan Cəmil salamlaşıb Röyalı evinə qonaq dəvət etdi. İlyasov isə pivə içdiklərini söyləyərək, təklifdən imtina elədi. Bu vaxt Elşən Cəmilə “onlarla üzbəüz oturub, axıra qədər içki içə bilməyəcəklərini”,- dedi. Bunu eşidən Röyal mübahisə edərək, Elşənin üzünə təpiklə zərbə vurdu. Cəmillə müdaxilə edib Röyalla Elşəni ayırdıq. Gecə saat 1-də Röyalın arvadı Mətanət İlyasova mənə zəng edib qorxduğunu, kiminsə qapını döyüb ərini küçəyə çağırdığını dedi. Növbəti gün qardaşım Rəhim mənə zəng edərək Röyalın qətlə yetirildiyini bildirdi”.

İstintaq fotosu

Şahid Əlizamin Sayılov ifadəsində göstərib ki, qohumları Elşən Gözəlov və Cəmil Hüseynov, həmçinin Röyal İlyasov balıqçılıqla məşğul olublar:

“Röyal tez-tez Cəmillə mübahisə edərək, dalaşırdı. “Neftaçadan Pirallahıya gəlib, balıq tutduqlarını” deyərək, onlardan çıxıb rayonlarına getməklərini tələb edirdi. Dekabrın 31-də gecə yatarkən Cəmil zəng edib Elşənlə birlikdə Röyalı öldürdüklərini və meyitini dəniz kənarında basdırdıqlarını dedi. “Bu barədə polisə məlumat verməklərini” söylədikdə, qohumum “bundan heç kimin xəbəri olmadığını” söylədi. Lakin bir müddətdən sonra Elşən mənə zəng edib polisə hadisə barədə xəbər verdiklərini bildirdi”.
 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzalarını ciddi rejmli cəzaçəkmə müəssisəsində çəkməklə Cəmil Hüseynov və Elşən Gözəlov 18 il müddətinə azadlıqdan məhrum olunublar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6849
avatar

Oxşar yazılar