Söyüşə görə otaq yoldaşını qətlə yetirən şəxsə hökm oxunub.
Lent.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunan Hikmət Muxtarovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Son söz deyən Hikmət Muxtarov hakimlərdən düzgün qərar verilməsini, zərərçəkmişi xuliqanlıq niyyəti ilə deyil, söyüş söydüyünə görə öldürdüyünü və könüllü polisə təslim olduğunu bildirib.
Hakim heyəti müşavirədən sonra hökmü elan edib.
Hökmə əsasən təqsirləndirilən şəxs 16 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, ötən iclasda prokuror Hikmət Muxtarova 18 il cəza təyin edilməsini istəmişdi.
Məhkəmənin ilk baxış iclasında sərbəsi ifadə verən Hikmət Muxtarov bildirib ki, nalayiq ifadələr işlətib, üzərinə gələn otaq yoldaşının əlindən mətbəx bıçağını alıb və ona 4 dəfə zərbə endirib. Sonra isə meyitin şəkilini mobil telefonla çəkib, başqa şəxsə göndərib. O, əməlindən peşman olmadığını qeyd edib.
DİN yaydığı məlumata əsasən, ötən il avqustun 4-ü gecə saat 1 radələrində Əliyar Əliyev küçəsindəki evlərdən birində, 1973-cü il təvəllüdlü Ülvi Qasımovun öldürülməsi barədə 17-ci polis şöbəsindən Nərimanov rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı, Hikmət Muxtarovun mübahisə zamanı bıçaq zərbələri ilə tanışı Ülvi Qasımovu qətlə yetirməsi müəyyən edilib.
Muxtarov şübhəli şəxs qismində saxlanılıb.