Saxta tibbi sertifikat verməkdə təqsirləndirilənlərin MƏHKƏMƏSİ
30 aprel 2026 17:03 (UTC +04:00)

Saxta tibbi sertifikat verməkdə təqsirləndirilənlərin MƏHKƏMƏSİ

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Mahirə Kərimovanın sədrliyi ilə qanunsuz tibbi fəaliyyətə şərait yaradılması müqabilində rüşvət almaqda təqsirləndirilən şəxslərin  məhkəməsinin növbəti prosesi keçirilib.

Lent.az xəbər verir ki, məhkəmə vəkillərin təqsirləndirilənlərə sualları ilə davam edib.

Təqsirləndirilən Ruhiyyə Məhərrəmova müdafiə vəkillərinin suallarını cavablandırıb:

"Mən Səhiyyə Nazirliyinin İnsan resursları, elm və təhsil şöbəsinin müdiri vəzifəsində işləmiş Səidə Rüstəmovanı 2006-cı ildən tanımışam. Vəzifəm baş mütəxəssis, inspektor və yardımçı olub. Mənim işim kadrlar şöbəsində texniki işlər, zənglər və sorğu xarakterli məktubları cavablamaq idi. Həkimlərin sertifikasiya imtahanlarından keçməsi ilə bağlı şöbənin əməkdaşı kimi deyə bilərəm ki, imtahanlar test üsulu ilə aparılırdı və ora kənar müdaxilə ola bilməzdi".

Növbəti proses 4 may 09:15-ə təyin olunub.

Xatırladaq ki, Baş Prokurorluğun yaydığı məlumata görə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin keçmiş vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

İbtidai istintaqla Səhiyyə Nazirliyinin İnsan resursları, elm və təhsil şöbəsinin müdiri vəzifəsində işləmiş Səidə Rüstəmovanın həmin şöbənin baş mütəxəssis-böyük inspektoru vəzifəsində işləmiş Ruhiyyə Məhərrəmova, əvvəllər həmin Nazirliyin İctimai Səhiyyə və islahatlar Mərkəzinin akkreditasiya şöbəsinin müdiri vəzifəsində işləmiş Lətafət Cabbarova və korrupsiya şəbəkəsinin digər üzvləri ilə birgə qanunsuz olaraq həkimlərin ixtisaslarının dəyişdirilməsi, onların tibbi və ya əczaçılıq fəaliyyəti ilə, o cümlədən plastik cərrahiyyə fəaliyyəti ilə məşğul olmaq hüququ verən sertifikasiya imtahanlarına buraxılmasına icazələrin verilməsi, saxta məqbul qiymətləndirmə ilə müvafiq sertifikatlarla təmin olunması və digər bu kimi sui-istifadə hallarına yol verməsi müqabilində çoxsaylı şəxslərdən müxtəlif məbləğlərdə rüşvət almalarına, habelə Səidə Rüstəmova tərəfindən vəzifəli şəxslərin qərarlarına qanunsuz təsir etməsinə və cinayət yolu ilə əldə etdiyi pul vəsaiti hesabına daşınmaz əmlakın alınması yolu ilə leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

İttihamlar və seçilmiş qətimkan tədbirləri

Toplanmış sübutlar əsasında Səidə Rüstəmovaya Cinayət Məcəlləsinin 193-1.3.2 (xeyli miqdarda cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdarda rüşvət alma), 312-1.1 (nüfuz alveri) və 313-cü (vəzifə saxtakarlığı), Ruhiyyə Məhərrəmova və Lətafət Cabbarovaya isə həmin Məcəllənin 32.5, 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə köməkçilik) 32.5, 311.3.1, 32.5, 311.3.2, 32.5, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdarda rüşvət almaya köməkçilik) və 32.5, 313 (vəzifə saxtakarlığına köməkçilik) maddələri ilə ittiham elan edilərək istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barələrində ev dustaqlığı (əsas) və vəzifədən kənarlaşdırma (əlavə) növündə qətimkan tədbirləri seçilib.

Sözügedən cinayət işindən qeyd edilən cinayət əməllərinin törədilməsində iştirak etmiş digər şəxslər barəsində cinayət işi ayrıca icraata ayrılmaqla ibtidai istintaqı davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 288

Oxşar yazılar