Xəbər verildiyi kimi bir neçə gün əvvəl azərbaycanlı "qanuni oğru" Əli Heydərov (Albert Rıjıy) Moskvada idman zalında qətlə yetirilib.
Ə. Heydərovun qətlə yetirilməsinin səbəbi haqda bir neçə versiyalar irəli sürülür.
Təsadüfü deyil ki, 5 il əvvəl Rövşən Canıyev (Rövşən Lənkəranskinin), ötən il isə “Lotu Quli” ləqəbli Nadir Səlifovun da qətlə yetirilməsi azərbaycanlı "qanuni oğru"ların kriminal aləmdə mövqelərinin zəifləməsinə gətirib çıxaracaq.
“Lotu Quli” və Rövşən Lənkəranskinin öldürülməsindən sonra Rusiya və ümumilikdə MBD məkanında nüfuzlu azərbaycanlı kriminal avtoritet demək olar ki az qalıb.
Lent.az sağ qalan, azadlıqda olan azərbaycanlı “qanuni oğrular”ın siyahısını təqdim edir:
Cavid Məmmədov (Dato Ağcabədinski)
1985-ci il martın 14-də Ağcabədidə anadan olub. 2002-2009-cu illərdə Rusiyada həbs həyatı yaşayıb. 2013-cü il iyunu 27-də Yunanıstanda keçirilən "sxodka"da qanuni oğru adını qazanıb, hazırda azadlıqdadır. Ukraynada məskunlaşdığı bildirilir.
Ülfət Tağıyev (Rufo Gəncinski)
1981-ci il aprelin 12-də Gəncə şəhərində anadan olub. Mərhum qanuni oğru Rövşən Lənkəranskinin “sağ əli” olub. 2012-ci il dekabrın 10-da Dubayda keçirilən "sxodka"da qanuni oğru adını alıb. Lakin 2013-cü ilin sentyabrında "Matrosskaya Tişina" müvəqqəti saxlanma təcridxanasında "oğru" Miriko Kutaisski tərəfindən bu addan məhrum edilib. 2015-ci ildə Türkiyədə keçirilən "sxodka"da bu ad ona geri qaytarılıb. 2015-ci il aprelin 1-də Moskva məhkəməsi tərəfindən 8 il müddətinə azadlıqdan məhrum edilib. Hazırda Voloqda vilayətində cəza çəkir. Bu il sentyabrında azadlığa çıxacaq.
Hacıbaba Talıbxanlı (Hacı Beyləqanski)
1982-ci il martın 29-da Beyləqan şəhərində anadan olub. 2012-ci il dekabrın 10-da Dubayda keçirilən "sxodka"da qanuni oğru adını alıb. Rövşən Lənkəranskiyə ən yaxın şəxslərdən sayılan Beyləqanski Rövşənin öldürülməsindən sonra Türkiyə polisi tərəfindən saxlanılıb, bir müddət sonra azadlığa çıxıb. Daha sonra İstanbulda “Lotu Quli”yə sui-qəsddə cəhddə şübhəli bilinib, Rövşən Lənkəranskinin qardaşı Namiq Canıyevlə birgə saxlanılıb. Bir neçə ay sonra məhkəmə tərəfindən azadlığa buraxılıb. İstanbuldan Moskvaya köçüb. 2019-cu il də bir neçə qətl hadisəsinə görə həbs olunub. Moskva Məhkəməsi tərəfindən 19 il müddətə azadlıqdan məhrum edilib, hazırda həbsdədir.
Namiq Səlifov (Namik Bakinski)
1976-cı il mayın 28-də Gürcüstanın Dmanisi şəhərində anadan olub. 1996-cı ildə Azərbaycanda 27 il müddətinə azadlıqdan məhrum edilib. Sonradan buraxılıb. 2013-cü il avqustun 14-də İstanbulda keçirilən "sxodka"da qanuni oğru adını alıb. Namiq Səlifov ötən il qətlə yetirilən “Lotu Quli” ləqəbli qanuni oğru Nadir Səlifovun qardaşıdır. Hazırda onun imperiyasına rəhbərlik edir. Hazırda azadlıqdadır və İstanbulda yaşayır.
Arif Mehdiyev (Arif Sumqayitski)
1961-ci il fevralın 25-də Göyçayda anadan olub. 1989-cu ildə 27 yaşında "oğru" adını alıb. 1996-cı ildə Bakıda, 2012-ci ildə Moskvada və 2013-cü ildə Ukraynada müxtəlif səbəblərə görə saxlanılıb. Hazırda azadlıqdadır, Türkiyədə məskunlaşıb.
Rafiq Eyvazov ( Rafiq Masallinski)
1982-ci il yanvarın 21-də Masallı rayonunda anadan olub. 2013-cü il fevralın 11-də Aşqabadda keçirilən "sxodka"da qanuni oğru adını almışdı. Həmin ilin martında Azərbaycanda həbs olunduqdan sonra Nadir Səlifovun (Lotu Quli) qərarı ilə bu addan məhrum edilmişdi. Hazırda qanuni oğru adı ona geri qaytarılıb. Azərbaycanda və İranda yaşadığı bildirilir.
Zaur Şipilov (Zaur Naxçıvanski)
1985-ci il oktyabrın 18-də Rusiyanın Orenburq şəhərində anadan olub. Zaur Şipilov mərhum azərbaycanlı avtoritet “Culfalı Bayram”ın oğludur. 2013-cü ilin iyulunda Rövşən Lənkəranski və Hacı Beyləqanski tərəfindən ona qanuni oğru adı verilib. 2015-ci il oktyabrın 7-də Moskvada həbs olunub. Moskva məhkəməsinin 2016-cı il 4 fevral tarixli hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilib. 2018-ci il oktyabrın 6-da azadlığa çıxıb. Hazırda Rusiyada yaşayır.
Eldar Səfərov ( Eldar Elektrik)
1965-ci ildə Bakıda doğulub. 1996-cı ildə qanuni oğrular Lazgiyan və Apakiyadan "oğru" adı alıb. Əsasən Nijni Novqorod şəhərində kriminal fəaliyyətlə məşğul olan Elektrik bir neçə dəfə narkotik vasitələr saxlamaq ittihamı ilə tutulub. 2003-cü ildən sonra kriminal fəaliyyəti barədə məlumat yoxdur.
Yunus Canəhmədov (Yunus Yasamalski)
1961-ci il yanvarın 23-də Bakıda anadan olub. 1984-cü ildə vətənində qanuni oğru adını alıb. 2003-cü ildə mayında Nijni Novqorod şəhərində saxlanılıb və Azərbaycana deportasiya olunub. 2006-cı il sentyabrın 24-də Bakıda 10 qram heroinlə saxlanılıb. Sonuncu dəfə Yunus Yasamalskinin adı kriminal xronikada 2015-ci ilin iyununda hallanıb. Həmin vaxt o, Moskvada tutularaq təyyarə reysi ilə Bakıya deportasiya olunub. Hazırda Qazaxıstanda olması ilə bağlı məlumat var.
Rafət Əmirov ( Rafət Əlibayramlinski)
1979-cu il martın 17-də Əli Bayramlı (indiki Şirvan) şəhərində doğulub. 2014-cü il avqustun 28-də Türkiyənin Antalya şəhərində keçirilən "sxodka"da qanuni oğru adını alıb. “Lotu Quli”nin klanına mənsubdur, hazırda azadlıqdadır. Türkiyədə yaşadığı qeyd olunur. 2020-ci ilin noyabrında Rafət Əlibayramskinin qanuni oğru adı Namiq Səlifov tərəfindən əlindən alınıb.
Emin Əhmədov (Emin Hacıqabulski)
1982-ci il fevralın 1-də Hacıqabulda anadan olub. 2006-cı yanvarın 29-da Moskvada saxlanılıb. 2007-ci il dekabrın 10-da məhkəmənin hökmü ilə 13 il müddətinə azadlıqdan məhrum olunub. 2013-cü il fevralın 11-də Maqadan vilayətindəki həbsxanalardan birində qanuni oğru adını alıb. Həmin ilin mayında Lotu Quli tərəfindən bu addan məhrum edilib. Ötən il həbsdən azad olunub, hazırda azadlıqdadır. Hansı ölkədə olması ilə bağlı məlumat yoxdur.
Yusif Əliyev (Yusif Şamxorski)
1971-ci ildə iyunu 18-də Şəmkirdə anadan olub. 2008-ci il noyabrın 6-da Moskvanın "Zolotoy Slon" restoranında qanuni oğru adını alıb. “Lotu Quli” ilə yaxşı münasibətləri olub. 44 yaşlı Şamxorski hazırda axtarışdadır və Rusiya ərazisində məskunlaşdığı bildirilir.
Ceyhun Əsgərov (Ceyhun Gəncinski)
1975-ci il dekabrın 9-da Gəncədə andan olub. 2014-cü il avqustun 28-də Antalyada keçirilən "sxodka"da Rafət Əlibayramlinski ilə birlikdə qanuni oğru titulu alıb. Lakin 2015-ci il martın 5-də Moskvada baş tutan yığıncaqda Zaxari Kalaşovun (Şako Molodoy) verdiyi "proqon" əsasında bu addan məhrum edilib. Hazırda azadlıqdadır. Türkiyədə olduğunu bildirilir.
Vaqif Süleymanov (Vaqif Diplomat)
1965-ci il avqustun 15-də Tiflisdə anadan olub. 2001-ci ildə Moskvada Seymur Nardaranski, Sabirabadlı Hikmət, Çingiz Sedoy, Mamed Masallinski və Qoca Bakinskinin iştirakı ilə keçirilən "sxodka"da "qanuni oğru" adını alıb. 2007 və 2011-ci illərdə Moskvada narkotik vasitələrin istifadəsinə görə saxlanılıb. 2013-cü ildən azadlıqdadır, Rusiyada yaşayır.
Rəşad İsmayılov (Rəşad Gəncinski)
1978-ci il martın 16-da Gəncədə anadan olub. 2013-cü il fevralın 11-də Moskva vilayətində keçirilən "sxodka"da qanuni oğru adını alıb. 2010-cu il sentyabrın 17-də 1 il müddətinə azadlıqdan məhrum edilib. Qanuni oğru 2018-ci ildə Belarusda 10 il azadlıqdan məhrum edilsə də 1 ildən sonra azadlığa buraxılıb. O, Belarusdan Rusiyanın paytaxtına qayıdıb. Ötən il Moskvada yenidən saxlanılıb. Yaxınlarda məhkəməsi olacaq.
İlqar Əliyev ( İlqar Dmanisi)
1977-ci il yanvarın 8-də Gürcüstanın Dmanisi rayonunda anadan olub. 2012-ci il martın 16-da Yunanıstanda baş tutan "sxodka"da gürcü avtoritetləri tərəfindən qanuni oğru adını alıb. 2014-cü il aprelin 2-də Moskvanın Presnenski rayon məhkəməsinin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilib. 2018-ci ilin aprelində azadlığa çıxıb və Rusiyadan deportasiya olunub. Hazırda Türkiyədə olduğu qeyd edilir.
Taleh Dağlıyev (Tolik Maştağa)
1983-cü ildə Azərbaycanda anadan olub. 30 yaşı olarkən Türkiyədə keçirilən "sxodka"da qanuni oğru adını alıb. 2015-ci ilin aprelində Rusiyanın Noqinsk şəhərində saxlanılıb. Bundan başqa, həmin ilin sentyabrında Bakıda, oktyabrda isə Minskdə profilaktika tədbirlər çərçivəsində polislər tərəfindən yoxlanılıb. 2016-cı ildə Rusiyada 3 il müddətinə həbs edilib, 2019-cu ildə azadlığa çıxıb. Hazırda Noqinsk də yaşadığı bildirilir.