Qatildən qanınızı donduracaq ETİRAF : Bıçaq tiyəsindən qırıldı, amma...
07 iyun 2021 11:30 (UTC +04:00)

Qatildən qanınızı donduracaq ETİRAF: Bıçaq tiyəsindən qırıldı, amma...

Bakıda 88 yaşlı nənəsini və 61 yaşlı bibisini öldürən Samir Mustafayevin cinayət işi çoxlarının diqqətini çəkdi. Bu qəddarlığın səbəbi nə ola bilər ki?..

Lent.az bu sualın cavabını sizə onun öz dilindən təqdim edəcək.

Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunan şəxsin cinayət işi materiallarını oxuduqca sakit qalmaq mümkün deyil.

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən S.Mustafayev bildirib ki, 1985-ci ildə Rusiyada anadan olub. Bir yaşı olanda ailəsi ilə Bakıya köçüb. Valideynləri öləndən sonra nənəsi və bibisi ilə yaşayıb. Günəşli qəsəbəsində yaşayıb və 8-10 ildir ki, narkotik qəbul edir.

S. Mustafayev ifadəsində qeyd edib ki, hadisədən bir müddət əvvəl tanışı Mikayıla zəng edib ki, ona narkotik gətirsin:

“Həmin gün saat 22 radələrində Mikayıl  bizə gəldi. Blokun 6-cı mərtəbəsində onunla görüşdüm. Mikayıl mənə pulsuz 0,5 qram “kokos” (narkotik maddə -red.) verdi. Mən evə qalxaraq tualetə girib “kokos”dan istifadə etdim. Daha sonra aşağıda gözləyən Mikayılın yanına düşdüm, sonra onu dayanacaqdan yola salıb yenidən evə qayıtdım. Sabahı gün bibim Tamilla mənə Mikayılı nəzərdə tutub dedi ki, qonşular sənin yanına gələn adamı görüblər və həmin adamın binanın liftinin mühərrikini oğurlayıb apardığından şübhələnirlər. Bibim həm də dedi ki, qonşuların onunla belə bir mövzuda söhbət etmələrindən çox utanır, çox narahatdır və əsəbiləşir. Səhər günü saat 09 radələrində yuxudan oyandıqdan sonra Tamilla yenə də mənə əsəbiləşib qonşuların yanında onu biabır etdiyimi bildirdi. Daha sonra sakitləşdi. Saat 11 də yenidən qışqırmağa başladı ki, binaya niyə yad şəxsləri gətirirsən ki, qonşular da ondan oğurluqda şübhələnsinlər və irad bildirsinlər. Artıq bibimin bu deyinməyindən yorulurdum. Həm də narkotikin dəmi gəlirdi. Bibimin dedikləri əsəblərimi xarab eləmişdi. Nənəm Simzər mətbəxdə idi mən mətbəxə keçib stoldan bıçağı götürdüm. Bibim isə divanın küncündə oturub əlində tutduğu boşqabda nə isə yeyirdi. Ona arxadan yaxınlaşıb bıçaqla kürəyindən zərbələr vurdum. O əlindəki boşqabı atıb, ayaq üstə qalxdı. Bibim yalvarmağa başladı ki, onu vurmayım. Lakin mən onun dediklərinə əhəmiyyət belə vermədim. Bıçaqla vurmağa davam elədim. Bu zaman nənəm bibimin səsinə otağa gəldi. Nənəm qışqırmağa başladı. Artıq bibim uzanıqlı vəziyyətdə hərəkətsiz idi. Bıçaqla nənəmin də boğazından və bədənindən zərbələr vurdum. Bıçaq tiyəsindən qırıldı, nənəm yerə yıxıldı. Mətbəxə keçib daha iri tiyəli ikinci bıçaq götürüb yenə nənəmə zərbələr endirdim”.

Təqsirləndirilən şəxs deyir ki, nənəsinin də hərəkətsiz qaldığını görüb mətbəxə keçib, əllərinin qanını yuyub:

“Yataq otağına keçib qana bulaşmış paltarlarımı dəyişdim. Bibimin noutbookunu, evin açarlarını və nənəmin yastığının altından 6 manat pulu götürdüm. Mətbəxə keçib, qaz plitəsinin üzərindəki çayniki kənara qoydum, lakin qaz plitəsini söndürüb-söndürmədiyim yadında deyil. Evdən çıxanda bibimin telefonunu da götürüb cibimə qoydum. Sonra mənzilin qapısını bağlayıb çıxdım. Taksi saxladıb, Neftçilər metrostansiyasının yanına getdim, orada bibimin telefonunu 70 manata satıb, ordan da taksi ilə 5-ci mikrorayona getdim. Mikayılın telefonuna zəng edib onunla görüşdüm. Onla birlikdə tanışımız Səttara zəng vurub ondan “kokos” aldıq, Mikayılla birlikdə Səttarın yaşadığı evin zirzəmisində “kokos”u qəbul edib oradan çıxdıq. Mikayılla “Şamaxinka”ya getdik. Onun şəxsiyyət vəsiqəsi ilə noutbooku 180 manata satdıq. Daha sonra Mikayılla kafedə oturduq. Yeyib-içən vaxt Mikayıla nənəm və bibimi öldürdüyümü dedim. Birinci inanmadı, sonra üstümə düşdü ki, get təslim ol. Ona ölmək istədiyimi dedim. Lakin həyatımın sonunda narkotik qəbul etmək istədiyimi dedim. Mikayıla pul verdim, gedib “kakos” alıb gətirsin. Biz birlikdə “kakos” qəbul etdik. Gördüm bu mənə hələ çatmır. Səttara yığdım ki, yenə “kakos” gətirsin. Dedi ki, Yasamaldadır, ora gələk.  Mikayılla birlikdə 18 nömrəli avtobusla Yasamal bazarının yanına getdim, orda polislər məni tutdular”.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Samir Mustafayev ömürlük azadlıqdan məhrum edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6399
avatar

Səlcuq Elçin

Oxşar yazılar