İosif Kobzon
20 fevral 2025 17:25 (UTC +04:00)

İosif Kobzon

“Qanuni oğru”larla dostluq edən müğənni

Məşhur estrada müğənnisi, SSRİ xalq artisti, Rusiya Dövlət Dumasının iki çağırış deputatı olmuş İosif Kobzon təkcə əzəmətli ifaları ilə deyil, həm də maraqlı yaşam tərzi, müxtəlif şayiələr və fərziyyələrlə əhatə olunmuş həyatı ilə yaddaşlarda qalıb. Onunla əlaqəli ən çox müzakirə olunan mövzulardan biri də müğənninin kriminal aləmlə, xüsusən də “qanuni oğru”larla gizli dostluq münasibətləri idi.

Birbaşa sübut olunmasa da, bir çox mənbə iddia edir ki, Kobzon kriminal aləmin nümayəndələri ilə yaxından dostluq edib. Müğənniyə yaxın olanların bildirdiyinə görə Kabzonun “qanuni oğru”larla əlaqələri 1990-cı illərdən, belə ki, Rusiyada reketçilik və banditizmin geniş yayıldığı vaxtdan başlamışdı.

Bəzi məlumatlara görə, milyoner Kobzon müxtəlif məsələlərdə ona yardımçı olan və hər cür təhlükəsizliyini təmin edən kriminal avtoritetlərin himayəsindən yararlanırdı. Qarşılıqlı olaraq müğənni də öz populyarlığından istifadə edib, istintaq və məhkəmə işlərində hakimiyyət dairələrinin əli ilə "qanuni oğru”lara müxtəlif formada dəstək olurdu. 
SSRİ Xalq Artisti, deputat, milyoner Kobzon “qanuni oğru”lar arasında böyük nüfuza malik olan Vyaçeslav İvankov (Yaponçik), Zaxar Kalaşov (Şakro Molodoy) və Aslan Usoyan (Ded Xasan) kimi tanınmışlarla qarşılıqlı xətir-hörmət saxlayıb. Müğənni həmin şəxslərlə qarşılıqlı hörmət, dostluq münasibətində qalmaqla bərabər, bu avtoritetlərlə həm də ortaq biznes əlaqələrinə malik idi.  

Kobzonun kriminal aləmlə münasibətlərinin xarakteri hələ də mübahisə mövzusu olaraq qalır. Bəziləri iddia edir ki, müğənni dövrə görə “qanuni oğru”larla ünsiyyət qurmağa məcbur olmuş, bəziləri isə onun özünün  kriminala meyilli olduğunu söyləyirlər. Hər halda, Kobzonun kriminal aləmlə əlaqəsi inkar edilməyən bir faktdır. Bu əlaqələr onun karyerasında və həyatında zaman-zaman öz rolunu oynamışdır.

İosif Kobzonun adı çəkilərkən yada düşən ən məşhur olay “Nord Ost” hadisəsidir. Yaşlı nəsil xatırlayar, 2002-ci ilin 23-26 oktyabr tarixində Moskva "Nord-Ost"  Teatr Mərkəzində çeçen terroristləri tərəfindən bütün konsert iştirakçıları, təxminən 920 nəfər girov götürülmüş, bu  qanlı olayda 170 nəfər həlak olmuşdu. Həmin hadisələr ərəfəsində İosif Kobzon kriminal aləmin nüfuzlu şəxsi kimi terrorçularla danışıqlara gedərək girovlardan beş nəfəri xilas etmişdi. Xilas edilənlərdən biri Lyubov Kornilova soyadlı çoxuşaqlı ana və ananın iki azyaşlı qızı idi. Dördüncü azad edilən girov isə Lyubanın “bu da mənim qızımdır” deyib terroristləri aldadaraq xilas elədiyi başqa bir azyaşlı qız olmuşdu. Kobzonun xilas etdiyi beşinci adam isə  Mark Franketti soyadlı yaşlı bir İngiltərə vətəndaşı idi. 

Həmin hadisədə müğənni terrorçulara, girovların hamısının buraxılmasını və əvəzində tək onun özünün girov kimi saxlanılmasını təklif etmişdi. Lakin terrorçular onun bu təklifini qəbul etməmişdilər...  
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1994

Oxşar yazılar