Сari ilin yanvar ayı ərzində hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 1050 cinayət faktı aşkarlanıb.
Lent.az xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik vasitələrinin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə Üzrə Dövlət Komissiyası məlumat yayıb.
Onlardan 352-si narkotik vasitələrin qanunsuz satışı, 684-ü narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 6-sı qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 8-i isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.
Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunan 674 kq 760,289 qr narkotik vasitələrin və psixotrop maddələrin 218 kq 743,7 qr-nı heroin, 391 kq 912,157 qr-nı marixuana, 12 kq 629,341 qr-nı tiryək, 32 kq 320,25 qr-nı həşiş, 18 kq 944,491 qr-nı psixotrop maddələr, 210,35 qr-nı isə digər narkotik vasitələr təşkil edib.
Həmçinin göstərilən dövr ərzində 8970 ədəd həb metadon, çəkisi 1kq 400 qr olan 28 ədəd çətənə bitkisi, eləcə də 194,4qr və 1540 ədəd kapsul güclü təsir edən maddə qanunsuz dövriyyədən götürülüb.