Bakıda narkotik alverçisi tərəfindən törədilə qətlin təfərrüatları məlum olub.
Lent.az həmin cinayət hadisəsinin istintaq materiallarını əldə edib.
İstintaqla müəyyən edilib ki, 2021-ci il fevralın 15-i saat 3 radələrində, 1987-ci il təvəllüdlü İsmayıl Xankərimov, narkotik almaq üçün tanışı, 1985-ci il təvəllüdlü Famil İsmayılovun qaldığı evə gəlib. Bu zaman Famil İsmayıla gecə saatlarında yanına gəldiyinə görə, ona irad bildirib. Bundan sonra aralarında mübahisə yaranıb. Mübahisə zamanı Famil mətbəx bıçağı ilə Xankərimovun döş qəfəsinə bir dəfə zərbə vuraraq, onu öldürüb.
Hadisə olan evin önü
İş üzrə dindirilmiş Famil İsmayılov bildirib ki, Xətai rayonu Cavanşir küçəsi, 15 ünvanında atası Şamilin evindən 15-20 metr aralıda yerləşən köhnə anbarda yaşayıb. Famil fevralın 15-i gecə saat 3 radələrində qaldığı tikiliyə İsmayıl Xankərimovun və Çinar Tağıyevin gəldiyini görüb, onlardan niyə gəldiklərini soruşub. Qapının yanında dayanan İsmayıl “ondan bir söz soruşmaq” istədiyini söyləyəndə, Famil gec olduğunu deyib və evdən çıxmasını tələb edib. Çölə çıxanda İsmayıl kobud ifadələr işlədərək, Familə əl-qol atıb. Bu zaman Familin atası Şamil səs-küyə oyanaraq yatdığı evin pəncərəsindən nə baş verdiyini soruşub. Famil də atasına heç nə olmadığını və yatmasını bildirib. Daha sonra İsmayıla sabah görüşəcəklərini deyib, onları sakit yola salmağa çalışıb.
Hadisə baş verən ev
Amma İsmayıl yerdən daş götürərək, onun üzərinə gəlib. Uca səslə nalayiq ifadələr işlədərək, Famili yerə yıxıb. Yerdə süpürləşərkən Famil qara dəstəkli bıçağı görüb və cəld götürüb. Kəsici alətin İsmayıla məxsus olduğunu düşünüb və ona sadəcə xəsarət yetirmək fikri ilə zərbə endirib. Bundan sonra İsmayılla Çinar ordan uzaqlaşıblar. Famil isə bundan sonra artıq yata bilməyib və əraziyə çıxıb gəzməyə başlayıb. Hövsan qəbiristanlığa gedib, anası və qardaşının qəbirlərini ziyarət edib. Polis əməkdaşı zəng edərək, onu 36-cı bölməyə çağırıb. Ora gedərək, İsmayıl Xankərimovu öldürdüyünü etiraf edib.
İsmayılın yaralı halda yıxıldığı yer
Zərərçəkmiş şəxsin hüquqi varisi Arzu Qasımova ifadəsində göstərib ki, oğlu İsmayıl Xankərimov əvvəllər məhkum olunub. O, qonşuluqda qalan Çinar Tağıyevlə dostluq edib. Fevralın 15-i səhər saat 6 radələrində evlərinə gələn Çinar qorxmamasını, İsmayılın bir nəfərlə dava etdiyini, ona bıçaqla yüngül xəsarət yetirildiyini və hazırda Sabunçu xəstəxanasında olduğunu deyib.
Qonşusuna xəstəxanaya getmələrini söyləyəndə, o, üzərindəki paltarlarını dəyişib, tez gələcəyini deyib. Amma A. Qasımova nə gədər gözləsə də, Çinar gəlməyib. Bir neçə saatdan sonra polis əməkdaşları evə gələrək, oğlunun öldüyünü deyiblər. Onda bilib ki, oğlu İsmayılı Famil adlı şəxs qətlə yetirib.
İstintaq fotosu
Təqsirləndirilən şəxs qismində dindirilmiş Çinar Tağıyev bildirib ki, 2018-ci ilin axırlarında İsmayıl Xankərimovla tanış olublar. Birlikdə marixuana, heroin və digər narkotik maddələr alıb, istifadə ediblər. Fevralın 14-ü gecə saatlarında İsmayıl Çinarın parklama nəzarətçisi işlədiyi əraziyə gəlib. Sellofan torbada olan gödəkcəni ora qoyaraq, “yanında qalmasını, indi Samirdən narkotik alıb, gələcəyini” deyib. Təxminən 2 saatdan sonra İsmayıl yenidən onun yanına gələrək, narkotik almaq üçün 7 manat istəyib, Çinar isə pulu olmadığını söyləyib. İsmayıl gödəkcəsini götürüb deyib ki, “narkotiki gedib Famildən alaq”. Çinar Familin kim olduğunu soruşanda, “bir yerdə həbsdə olduğunu, onun da narkotik maddə satdığını” bildirib.
Bıçaqlanma olan ev
Çinarın sözlərinə görə, İsmayıl qapını döymədən içəri girib kobud şəkildə Famili çağırıb. Famil yataq paltarı ilə qapıya çıxıb, içəri girdiyinə görə İsmayıla irad bildirib. İsmayıl narkotik istədiyini deyərək, gödəkcəsini və 2 manat pul təklif edib. Famil əvvəl 10 manat tələb etsə də, sonradan narkotik qalmadığını deyib. Buna görə, bir-biri ilə kobud danışmağa başlayıblar. Çölə çıxan kimi İsmayıl yumruqla Famili sinəsindən vurub. Bu zaman Çinar onları ayırmağa çalışıb. Famil “əynini dəyişib, gələcəyini” deyərək, evə girib. Bir neçə dəqiqədən sonra əlində bıçaqla çıxaraq, İsmayılın döş qəfəsinə möhkəm zərbə vurub. İsmayıl geri çevrilib, qaçıb. Daha sonra Çinar və Famil Xankərimovun arxasınca əsas yol istiqamətində qaçmağa başlayıblar. Famil İsmayıla “dərhal dayanmasını, təcili kömək lazım olduğunu” qışqırsa da, ona çata bilməyiblər. 400 metr qaçandan sonra, İsmayıl sağ yanı üstə yerə yıxılıb. Onlar yaxınlaşıb İsmayılın başını qaldıranda, ağzından qan gəlib. Qışqırıq səsinə tanımadıqları orta yaşlı kişi və qadın yaxınlaşıblar. Təcili Tibbi Yardım maşını gəldikdən sonra o, İsmayılı maşına yerləşdirməyə kömək edib. Saat 8 radələrində hadisə barədə polisə məlumat verib.
Qətl olan ərazi
Şahid Şamil İsmayılov bildirib ki, fevralın 15-i gecə saat 3 radələrində ucadan danışan şəxslərin səslərini eşidib, pəncərədən çölə baxanda Famil və tanımadığı 2 nəfəri görüb. Oğlu onlardan çıxıb getmələrini istəyib. Hadisə şahidinin sözlərinə görə, təxminən 20 dəqiqədən sonra Famil evə girib, masanın üstünə kəsici aləti qoyaraq “ata, bu bıçaqla adam vurmuşam” deyib. O, polisə təslim olacağını bildirib və gedib. Şamil İsmayılov sonradan öyrənib ki, Famil İsmayıla bıçaqla zərbə vurandan sonra, sonuncu ordan qaçaraq, təxminən 400 metr aralıda ölüb. Oğlunun narkotik maddəllər istifadə etməs və satması barədə məlumatı olmayıb.
Famil İsmayılov
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə Famil İsmayılov 14 il müddətinə azadlıqdan məhrum olunub.
İsmayıl Xankərimov