Instagrama görə keçmiş arvadının başını kəsdi - Azərbaycanda tükürpədən QƏTL
02 aprel 2024 17:28 (UTC +04:00)

Instagrama görə keçmiş arvadının başını kəsdi - Azərbaycanda tükürpədən QƏTL

“Gülşənin Instagramına gizlin “mail”lə girdim. Üçlü qız qrupu var idi. Ora İlqarla maykalı formada görüntülü danışdığı barədə qızlara səs atmışdı. Ona düz yola qayıtmasını demişdim, məni eşitmədi”. 

Lent.az xəbər verir ki, bu sözləri məhkəmə qarşısında keçmiş arvadını bıçaqla amansızca qətlə yetirməkdə təqsirləndirilən Yusif Verdiyev deyib. 

Hadisə ötən il, 2023-ün mart ayında Astaranın Maşxan kəndində qeydə alınıb. Gəncə şəhərində yaşayan Yusif Verdiyev 2018-ci ildə Gülşən Qəhrəmanova ilə ailə həyatı qurub. Bu münasibətdən onların iki övladı dünyaya gəlib. İlk vaxtlar münasibətləri yaxşı olsa da, sonradan problemlər yaranmağa başlayıb. Problemlərdən xəbər tutan Gülşənin atası qızını və nəvələrini götürərək öz evinə aparıb. Daha sonra, məhkəmə qərarı ilə Gülşənlə Yusif rəsmi boşanıblar. Gülşən atası ilə yaşamağa başlayıb. 

Boşanandan sonra Yusif Gülşənin ona xəyanət etdiyini öyrənib. Daha sonra, düz yola qayıtmasını və barışmağı üçün xahiş etsə də, Gülşən onun istəklərinə məhəl qoymayıb. Bundan hiddətlənən Yusif “gmail” vasitəsi ilə Gülşənin Instagram hesabına daxil olub və üçlü qız qrupundakı mesajları izləməyə başlayıb. 

Yusif Gülşən Qəhrəmanovanın başqa kişi ilə münasibətini davam etdirdiyini öyrənib və qısqanclıqdan Gülşənin yaşadığı evə gəlib. Övladlarının gözü qarşısında ona amansızcasına bıçaq zərbələri endirərək öldürüb. 

Təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 120.2.4,120.2.9 və 157.1-ci maddələri ilə cinayət işi açılıb. Məhkəmə istintaqı Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Müşfiq Məmmədovun icraatında aparılıb. 

Məhkəmə istintaqı zamanı təqsirləndirilən Yusif Verdiyev zalda ifadə verməkdən imtina edib. Onun istintaq zamanı verdiyi ifadəsi zalda elan edilib. 

O, ifadəsində bildirib: 

“Gülşənlə ailə həyatı qurduğumuz ilk illər münasibətimiz yaxşı idi. Zaman keçdikcə ailə münaqişələri nəticəsində münasibətimiz pisləşdi. Qayınatam gəlib Gülşənlə uşaqları götürüb apardı. Daha sonra, rəsmi qaydada boşandıq. Gülşən də atası ilə yaşamağa başladı. 

Gülşənin Instagramındakı “gulsen_m_0411” adlı profilinə gizlin girdim. Onun qızlar qrupuna yazdığı mesajları izlədim. Gülşən müxtəlif vaxtlarda həmin qrupa səslər göndərirdi. Onun Astara rayonunda yaşayan İlqar Mirzəyevlə münasibətinin olduğunu öyrəndim. Səsdə İlqarla maykalı formada görüntülü danışdığını deyirdi. İlqar Bakıda ev tutacağını və birlikdə oraya gedəcəklərini deyib. Həmçinin, Gülşən “İnstagram”da İlqarla yazışırdı, onla intim münasibətlərdən danışmasa da, mütəmadi olaraq bir-birinə mehriban mesajlar yazırdılar. 

Bir müddət sonra Gülşənə münasibəti kəsməsini dedim. Amma o, boşandığımızı və öz həyatını istədiyini kimi yaşayacağını dedi”. 

Yusif Verdiyev Gülşənin xəyanətindən bezdiyini və onu öldürməyi qərara aldığını deyib:

“Gülşən məni eşitmədi, onun xəyanətindən bezdim. Öldürməyi qərarına gəldim. Evdən ət doğrayan bıçağı götürdüm. Gülşənin atası ilə yaşadığı evin qabağına gəldim. Qayınatam Şaiq Qəhrəmanovun maşınını evin qabağında görmədim. Bildim ki, evdə yoxdur. Evin giriş qapısı örtülü olsa da, kilidi açıq idi. Evə daxil olanda dəhlizdə oğlum Əliəkbəri gördüm. Onu kənara çəkib otaqlarda Gülşəni axtardım. 

Yataq otağına girəndə qızım Məsumənin və Gülşənin ikinəfərlik yataqda yatdığını gördüm. Otağa daxil olub, gətirdiyim bıçaqla Gülşənə zərbələr endirməyə başladım. Çoxlu bıçaq vurdum, amma zərbələrin sayı yadımda deyil”.

Yusif ibtidai istintaq zamanı hadisə zamanı qızının və oğlunun evdə olmadığını deyib. Lakin araşdırma nəticəsində məlum olub ki, Yusif Gülşəni bıçaqlayan zaman qızı Məsumə yuxudan oyanıb və “ana” deyərək qışqırıb. 

Yusif Verdiyev məhkəmədə elan olunmuş sərbəst ifadə ilə bağlı verilən suallara da cavab verməkdən imtina edib. 

Məhkəmədə ifadə verən Gülşən Qəhrəmanovanın hüquqi varisi, yəni atası bildirib ki, Yusif qızı döydüyü üçün onları öz evinə gətirib:

“Yusif heç yerdə işləmirdi, ailəsini dolandıra bilmirdi. Buna görə də Gülşənlə aralarında problem yaranırdı. Bu hadisədən təxminən 3 il əvvəl Yusif Gülşəni döydüyü üçün qızımı və nəvələrimi götürüb, öz evimə apardım. 2023-ün yanvar ayında Yusif kəndə gəlib Gülşəni və uşaqlarını öz evinə aparmaq istədi. Lakin getməyə qoymadım. 

Dostu Mirzadgilə getmişdim. Evə qayıdanda yataq otağında Gülşənin uzandığını gördüm, düşündüm ki, yatıb. Nəvəm Məsumə isə Gülşənin yanında oturub telefonla oynayırdı. Birdən qayıtdı ki, “dədəm gəlib anamın başını kəsdi”. Əvvəlcə buna əhəmiyyət vermədim. Sonra Gülşəni çağırdım, cavab vermədi. Yaxınlaşanda bədənində çoxsaylı bıçaq izlərinin olduğunu gördüm”. 

Şahid qismində bildiklərini danışan Gülşənin rəfiqəsi qeyd edib ki, Yusif Gülşənin İlqarla münasibətini bildikdən sonra Gülşənin Instagramını dondurub. Buna görə də, aralarında problem yaranıb.

Digər şahid, Yusifin anası ifadə verib. Onun sözlərinə görə, oğlu ilə gəlini arasında yaranan ən xırda problemə Gülşənin atası müdaxilə edib.

Məhkəmə zalında dindirilən azyaşlı Məsumə deyib ki, atası anasının yatdığı otağa girdikdə onunla görüşməyib:

“Atam otağa girəndə mənimlə görüşmədən anam tərəfə getdi. Başladı bıçaqla anamı vurmağa, sonda boğazını kəsdi. Otaqda məndən başqa balaca qardaşım da var idi. Bütün hadisələr bizim gözümüzün qarşısında baş verdi. Baba evdə yoxuydu, dostugilə getmişdi”.

Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan hallara, həmçinin iş üzrə toplanmış sübutlara əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməllərini Yusif Verdiyev törədib. 

Onun törətdiyi cinayət əməlləri iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, habelə tədqiq olunmuş ekspertizanın rəyləri, istintaq hərəkətinin protokolları, cinayət işində olan digər sənədlərlə kifayət qədər sübuta yetirilir.

Məhkəmənin yekun qərarı ilə Yusif Verdiyev cinayətdə təqsirli bilinib. O, 18 il müddətində azadlıqdan məhrum edilib. Azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7590
avatar

Fidan İlqar

Oxşar yazılar