Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəxri Məmmədovun sədrliyi ilə Bakıda 15 yaşlı bacısının 30 yaşlı nişanlısını bıçaqlayaraq öldürməyə cəhddə təqsirləndirilən Araz Səmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Lent.az xəbər verir ki, məhkəmə şahid ifadələri ilə davam edib.
Şahid Ş.N təqsirləndirilən şəxsin bacısı olduğunu deyib:
"Biz nişanlım Babəklə söhbət edirdik evdə. Qardaşım qəfil əlində bıçaq içəri girərək, nişanlıma hücum elədi. Qorxub digər otaqda olan o biri qardaşımın yoldaşını köməyə çağırdım. Birlikdə bıçağı Arazın əlindən almağa, onları aralamağa çalışdıq".
Təqsirləndirilən Araz Səmədov "Get ananın yanına, yoxsa başını kəsəcəm sənin".
Şahid Ş.A təqsirləndirilən şəxsin anası olduğunu deyib:
"Hadisə günü evdə olmamışam. Gəlin zəng elədi ki, Araz adam bıçaqlayıb. Mən gəlib çatanda o özü könülü polisə təslim olmağa getmişdi. Araz müharibədə olduğuna görə travmalıdır, başı gedib. O Naxçıvanda xidmət edib, aprel döyüləri və 44 günlük müharibədə iştirak edib.".
Növbəti proses 7 iyul 14:30-a təyin olunub.
Xatırladaq ki, hadisə 2025-ci ilin sentyabrında Bakının Əmircan qəsəbəsində baş verib. Babək Uğurlunun çoxsaylı bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilməsi ilə bağlı Suraxanı rayon Polis İdarəsinə məlumat daxil olub. Polis əməkdaşlarının əməliyyatı zamanı hadisəni törətməkdə təqsirli bilinən Araz Səmədov saxlanılaraq istintaqa cəlb edilib.
Ona qarşı Cinayət Məcəlləsinin 29, 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd) və 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddələrilə ittiham irəli sürülüb.