Türkiyənin Yalova şəhərinin Çiftlikköy qəsəbəsində daşınmaz əmlak ofisində baş verən və iki nəfərin ölümü ilə nəticələnən silahlı hadisənin təhlükəsizlik kamerası görüntüləri yayılıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, görüntülərdə 49 yaşlı Gül Nihal Akçalın keçmiş sevgilisi olduğu 39 yaşlı əmlakçı Enes Vasfi Yerlikayaya 4 dəfə atəş açdıqdan sonra eyni silahla öz həyatına son qoyduğu anlar əks olunub.
Hadisə iyulun 28-i axşam saatlarında Çiftlikköy rayonunun Siteler məhəlləsində yerləşən daşınmaz əmlak ofisində baş verib. Məlumata görə, Gül Nihal Akçal ilə əmlakçılıq fəaliyyəti göstərən Enes Vasfi Yerlikaya arasında hələlik məlum olmayan səbəbdən mübahisə yaranıb. Qısa müddətdə böyüyən mübahisə faciə ilə nəticələnib.

Akçal özü ilə gətirdiyi tapançanı çıxararaq Yerlikayaya atəş açıb. Yaralanan Yerlikaya qan içində yerə yıxılıb. Bundan sonra Akçal eyni silahla özünü vurub. Gələn həkimlər iki uşaq atası Enes Vasfi Yerlikaya və Gül Nihal Akçalın öldüyünü müəyyən ediblər.
Hadisə ilə bağlı genişmiqyaslı istintaq davam edərkən, iş yerinin təhlükəsizlik kamerası görüntüləri də ortaya çıxıb. Kadrlarda Gül Nihal Akçalın əvvəlcə tapançanı çənəsinin altına dayayaraq özünü öldürəcəyini dediyi, daha sonra silahı Enes Vasfi Yerlikayaya tuşlayaraq 4 dəfə atəş açdığı görünür. Yerlikaya yerə yıxıldıqdan dərhal sonra Akçal silahı yenidən çənəsinin altına dirəyərək tətiyi çəkib.
Polisin apardığı araşdırma zamanı hadisə ilə bağlı daha bir detal üzə çıxıb. Həyatını itirən Gül Nihal Akçal və Enes Vasfi Yerlikayanın əvvəllər sevgili olduqları, hər ikisinin isə evli olduğu müəyyən edilib.
İstintaq davam edir.
