Xaricdə yaşayan narkotacirə narkokuryerlik edən Astara sakini saxlanılıb.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, Astara rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Astara şəhər sakini, əvvəllər məhkum olunmuş Siyavuş Mirzəyevi saxlayıblar.
Onun üzərindən külli miqdar çəkidə heroin və metamfetamin, 1 ədəd elektron tərəzi aşkarlanaraq götürülüb. Araşdırma zamanı həmin şəxsin xarici ölkələrdən birinin vətəndaşının təsiri altına düşərərək onun göndərdiyi narkotik vasitələrin müxtəlif şəxslərə çatdırılmasını və satışını təşkil etdiyi, eyni zamanda özünün və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin narkotik vasitələrin satışından əldə etdiyi pul vəsaitlərinin xaricdə yaşayan narkotacirə çatdırılmasını təşkil etdiyi məlum olub.
Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi digər əməliyyat tədbirləri nəticəsində isə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Astara şəhər sakini Vahid Nəzirov saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkarlanaraq götürülüb.
Faktlarla bağlı zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.