"QHT işi"ndə daha bir həbs
Azərbaycanda fəaliyyət göstərən bir sıra qeyri - hökumət təşkilatları ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 192.2.2, 213.1, 308.2 və digər maddələri ilə başlanmış cinayət işinin ibtidai istintaqı aparılır.
Lent.az-ın məlumatına görə, istintaq cərçivəsində daha bir nəfər-Əhməd Məmmədzadə barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Əhməd Abbas oğlu Məmmədzadə ABŞ-nin Şərq-Qərb İdarəçilik İnstitutu ("East-West Management Institute (INC)") ilə 2013-2023-cü illər ərzində ən azı 268 min 632 manat qeydiyyatdan keçməmiş vəsaiti qeyri-qanuni rəsmiləşdirməkdə ittiham olunur.
700 min manat necə leqallaşdırılıb?
Baku TV-nin məlumatına görə, fiziki şəxs qismində dövlət qeydiyyatından keçən bəzi şəxslər qanunvericiliyə zidd olaraq donor kimi qeydiyyatdan keçmədən, “xidmət müqavilələri” adı altında beynəlxalq təşkilatlarda müxtəlif məbləğlərdə qrant vəsaitlərini rəsmiləşdirməyə nail olublar.
Həmin müqavilələr üzrə guya ayrı-ayrı beynəlxalq təşkilatlara xidmət göstərilməsi görüntüsü yaradılıb, bu yolla xeyli miqdarda qrant vəsaitləri əldə edilib və həmin vəsaitlə əldə edilmiş əmlaklar leqallaşdırılıb.
Ümumilikdə söhbət təxminən 700 min manata yaxın vəsaitdən gedir
Araşdırmalar zamanı məlum olub ki, bu yolla Əhməd Məmmədzadədən başqa, İqtisadi Tədqiqatlar Mərkəzi İctimai Birliyinin İdarə Heyətinin sədri Bayramov Qalib İbad oğlu BMT-nin İnkişaf Proqramının Azərbaycandakı nümayəndəliyi və ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşməklə “Azərbaycanda şəffaflıq tərəfdaşlığı” mövzusunda Azərbaycan Respublikasında həyata keçirilən qrant layihəsi üzrə “Transparency International” təşkilatının Azərbaycan bölməsi ilə 2017-ci il ərzində ən azı 32 min 051 manat, Samur rayon İnstitut qəsəbə tam orta məktəbində direktor vəzifəsini icra edən Əhmədov Asəf Vahid oğlu ABŞ-nin Alman Marşal Fondu və “Family Health International” (“FHI360”) Humanitar təşkilatı ilə 2022-2024-cü illər ərzində ən azı 105 min 423 manat, “Gender Port” MMC-də bölmə rəhbəri işləyən Muxtarova Nərgiz Ağarazı qızı ABŞ-nin “Mercy Corps” Qlobal Humanitar təşkilatı ilə 2023-2024-cü illər ərzində ən azı 151 min 459 manat, Ağazadə Aytac Elxan qızı ABŞ-nin Alman Marşal Fondu ilə 2023-2024-cü illər ərzində ən azı 85 min 867 manat, qeydiyyatdan keçməmiş məbləği qeyri-qanuni rəsmiləşdirib.
Qalib Bayramov kimdir?
İstintaqda adı çəkilən İqtisadi Tədqiqatlar Mərkəzi İctimai Birliyinin İdarə Heyətinin sədri Bayramov Qalib İbad oğlu deputat Vüqar Bayramovun qardaşıdır. Qalib Bayramovun digər qardaşı isə keçmiş Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğludur.
İstintaqa daha kimlər cəlb olunub?
Aprelin 9-da Asəf Əhmədov, Qalib Bayramov, Əhməd Məmmədzadə, Zamin Zəkiyev, Nərgiz Muxtarova, Aytac Ağazadə Cinayət Məcəlləsinin “cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma”, “ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə” və “vəzifə saxtakarlığı” maddələri ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb ediliblər. Qalib Bayramov və Nərgiz Muxtarova barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib
Üç nəfər barəsində həbs
Asəf Əhmədov, Əhməd Məmmədzadə və Zamin Zəkiyev barəsində isə Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Onlar barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
İndiyə qədər kimlər həbs olunub?
Buna qədər isə "İştirak Evi " MMC - nin təsisçisi və direktoru Məmməd Alpay (Məmmədzadə), "Benefisiar: Hüquqi Yardım Mərkəzi və Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı və Sosial Hüquqlar Mərkəzinin rəhbəri Sübhan Həsənli Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərini sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər.
Məmməd Alpay (Məmmədzadə) və Bəşir Süleymanlı barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Sübhan Həsənli istintaqdan yayındığı üçün barəsində axtarış elan edilib.
“Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri Hafiz Həsənov Baş Prokurorluğun İstintaq İdarəsində yerli və beynəlxalq qeyri-hökumət təşkilatları (QHT) haqqında cinayət işi üzrə təqsirləndirilən şəxs kimi tanınıb və onun barəsində Binəqədi rayon Məhkəməsinin qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib.