Bakıda YENİ İL GECƏSİ DƏHŞƏT:  anasına görə 2 nəfəri öldürdü - NAMUS İŞİ
17 yanvar 2025 20:15 (UTC +04:00)

Bakıda YENİ İL GECƏSİ DƏHŞƏT: anasına görə 2 nəfəri öldürdü - NAMUS İŞİ

CİNAYƏT İŞİ

Qısa arayış...

2023-cü il dekabrın 31-də Bakının Binəqədi rayonunda qətl hadisəsi olur. Daxil olan məlumat əsasında polis və prokurorluq əməkdaşları hadisə yerinə yollanır. Baxış keçirilərkən məlum olur ki, hadisə Biləcəri qəsəbəsi, Dəmiryolu Stansiyasının ərazisində yerləşən kafedə baş verib. Obyektin giriş qapısı ilə üzbəüz, küçədə Ramil Səfərovun, kafenin qarşısında dayanmış Təcili Tibbi Yardım avtomobilində isə xərəyin üzərində Namiq Orucovun meyitləri aşkar edilib. 

Cinayəti törədən Qax rayon sakini, əvvəllər məhkum olunmayan 2001-ci il təvəllüdlü Arif Bəhərçiyev saxlanılıb.
 
Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.


 
Namiq Orucov 2000-ci ildə Ağır Cinayətlərə dair işlər üzrə Məhkəmənin hökmü ilə CM-nin 234.4.3-cü (satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama) maddəsi ilə 9 il müddətinə azadlıqdan məhrum olunub. 2015-ci ildə Qax rayon Məhkəməsinin hökmü ilə CM-nin 221-ci (xuliqanlıq) maddəsi ilə 1 il müddətinə islah işləri cəzasına məhkum olunub. Ramil Səfərov 2018-ci ildə Binəqədi rayon Məhkəməsinin hökmü ilə CM-nin 177-ci (oğurluq) maddəsi ilə 4.000 manat cərimə cəzasına məhkum olunub.

Lent.az Yeni il gecəsi baş verən qətlin istintaq materiallarını əldə edib.
 
İstintaqla müəyyən edilib ki, Arif Bəhərçiyev dekabrın 31-i saat 23 radələrində Biləcəri Dəmiryolu Stansiyasının ərazisində, anası Gülnurə Bəhərçiyevanın icarəyə götürdüyü və birlikdə işlətdikləri kafedə, qarşıdan gələn yeni il münasibəti ilə əlaqədar obyektdə olan şəxslərlə bir qədər spirtli içki qəbul edib. Uzaq qohumları Namiq Orucovun kafenin həyətyanı sahəsində, manqalın yanında anası ilə söhbət etdiyini görüb. Atası İlfan Bəhərçiyev müştərilərə yemək hazırlaması üçün anasını içəri çağıranda, qadın ona məhəl qoymayıb. Buna görə o, yaxınlaşaraq anasının saçından tutub və onu arxaya itələyib. Mübahisə etdiklərindən xəbər tutan atasının təkidi ilə kafenin digər zalına keçib. Əsəbindən pivə bokalını yerə çırpıb sındırıb. Atası ilə mətbəxdə uca səslə danışanda, anası ona sakitləşməsini və səs-küy salmamasını deyib. Buna baxmayaraq o, daha da azğınlaşaraq, müştərilərin və işçilərin gözləri qarşısında nalayiq ifadələr işlədib və yenidən qadına əl atıb. Həmin vaxt içəri daxil olan Namiq Orucov ona irad bildirərək, anasını buraxmasını və xuliqanlıq hərəkətlərini dayandırmasını tələb edib.

Arif Namiqin hərəkətindən daha da qəzəblənib. Anası ilə Namiqin bir-birini müdafiə etməsini, aralarında sevgi münasibətləri olmasına dair şübhələrini daha da artırıb. Masanın üzərindən bıçağı götürüb, üzərinə getdikdə Namiq Orucov qorxub, kafedən çölə qaçmaq istəyib. Arif giriş qapısının yanında çatıb, onunla əlbəyaxa olub, əsaslı səbəb olmadan Orucovun qarın nahiyəsinə bıçaqla bir dəfə zərbə vurub. Yaralanan Namiq Orucov bir təhər kafedən küçəyə qaçıb. Arxasınca gedib, niyyətini tamamlamaqdan ötrü ona xəsarətlər yetirib. Ramil Səfərov mane olmağa çalışanda, eyni bıçaqla döş qəfəsinə zərbə endirib. Arif yenə də Namiq Orucovun arxasınca qaçaraq, onun bir qədər kənarda yerdə yıxılıb hərəkətsiz vəiyyətdə qaldığını görüb. Nəticədə Namiq və Ramil aldıqları xəsarətlərdən ölüblər.


 
Məhkəmə iclasında Arif Bəhərçiyev ittiham üzrə özünü qismən (və yaxud tam) təqsirli bilib. Bildirib ki, uzaq qohumları Namiq Orucov onlara kafeni işlətməkdə köməklik edib və müqabilində müəyyən məbləğdə pul alıb:

“Axırıncı məhkumluğumla bağlı ayağımda elektron qolbaq vardı. Dekabrın 30-da axşam təsadüfən anamın mobil telefonunda Namiq Orucovla aralarında olan yazışmalarını gördüm. Ayın 31-də Yeni il bayramı ilə əlaqədar kafedə iş çox idi. Fürsətdən istifadə edərək Namiqi kənara çəkib, onunla söhbət etməyə başladım. Ona aralarındakı intim münasibətdən xəbərim olmasını bildirərək, növbəti addımların nədən ibarət olacağını soruşdum. Namiq mənə yanvarın 2-də Bakını ya həmişəlik, ya da uzun müddətlik tərk edəcəyini dedi. Namiq Orucovun Elgün, Ramal, Vüqar və Vüsal adlı şəxslərə külli miqdarda pul borcu vardı. Kafemizi öz obyekti kimi təqdim etdiyindən həmin şəxslər vaxt aşırı gələrək, məni və ailə üzvlərimi təhdid edirdilər. Axşam saatlarında anamın atamın çağırışına məhəl qoymayaraq Namiq Orucovun yanında dayanması qəzəbimə səbəb oldu.

Bıçaqla çörək doğrayan zaman Namiq yanıma gələrək, məni təhqir etməyə başladı. Dəfələrlə onu xəbərdar etməsinə baxmayaraq, məndən əl çəkmədi. Kafenin girişində bıçaqla ona bir zərbə vurdum. Bundan sonra, Namiq dərhal ordan uzaqlaşdı. İçəri girəndən bir neçə saniyə sonra Namiqin vəziyyətini öyrənmək məqsədilə yenidən çölə çıxdım. Birdən kimsə arxadan boynumu və qollarımı bərk sıxaraq, tutdu. Baş verənləri anlamaq məqsədilə çevriləndə Ramil Səfərov tərəfindən tutulduğumu gördüm. Məni buraxmasını xahiş etdim, itələdikdən sonra tanışım yerə yıxıldı. Onun yıxılmasına həmin an önəm vermədim. Namiqə çatan zaman o, artıq kafedən 20-30 metr aralanmışdı. Gözlərimin qarşısında aldığı bıçaq zərbəsinin təsirindən, halsızlaşaraq yerə yıxıldı. Qışqıraraq, ətrafdakı insanları köməyə çağırdım, Təcili Yardıma zəng etmələrini xahiş etdim. Köynəyimi və gödəkçəmi çıxarıb Namiqin üzərinə sərdim. Yaxınlıqda yerləşən xətt polis şöbəsinin əməkdaşlarını çağırdım”.

Arif Bəhərçiyev qeyd edib ki, Ramil Səfərova bıçaq zərbəsi vurması yadında deyil. Ramili vurmadığını bildirəndə, müstəntiq ona yanıldığını və Namiqdən sonra ona da zərbə endirdiyini deyib.
 
Zərərçəkmiş Gülnurə Bəhərçiyeva ifadəsində göstərib ki, onun mobil telefonu daim kafedə masanın üzərində olub, telefondan əri, oğlu və Namiq Orucov da istifadə ediblər:

“Dekabrın 30-da Namiqin mənə ismarıc yazması yadımda deyil. Ailəmlə Qax rayonundan Bakıya 2015-ci ildə köçmüşük. Həmin il Namiq bir qadından 15000 manat borc pul götürdü və sonra qaytarmadı. Həmin xanım 2-3 dəfə kafeyə gəlib, bununla əlaqədar söz-söhbət salıb. Çünki ailəvi dostluq münasibətimiz olan Namiq Orucov tanışlarına kafeni öz obyekti kimi təqdim edib. Ümumiyyətlə, Namiqin müxtəlif şəxslərə ümumilikdə 100.000 manata yaxın borcu yaranmışdı. Namiqin və Ramilin bıçaqlanma anını görməmişəm. Hadisə yerində olan polis əməkdaşları ən azı 20 dəfə Təcili Tibbi Yardım stansiyasına zəng ediblər. Tibbi Yardım briqadası gələndə, artıq Namiq keçinmişdi”.

Gülnurə Bəhərçiyeva, oğlunun Namiq Orucova bıçaq zərbəsi endirməsinə inanmadığını və məhkəmədən bu məsələni obyektiv araşdırmasını xahiş edib.
 
Zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı Gülbəniz Orucova ifadəsində göstərib ki, qardaşı Namiq Orucov Gülnurə Bəhərçiyeva ilə yaxın münasibətdə olub:

“Qax şəhərində və İlisu kəndində birlikdə icarəyə kafelər götürüb, işlədirdilər. Sonralar eşitdiyimə görə həmin qadın barəsində kənd camaatı arasında böyük söz-söhbət yaranmışdı və nəticədə o, ailəsi ilə məcbur qalıb Bakıya köçmüşdü. Namiq Hövsan qəsəbəsində yaşayan vaxtlarda da, Arifin anası mütəmadi zəng edib, onu Biləcəridə daha çox pul qazanacağına inandırıb. Nəhayət qardaşım Biləcəriyə köçərək, orda yaşamağa başlamışdı”.


 
Zərərçəkmiş şəxsin hüquqi varisi və mülki ididaçı Dilarə Tağıyeva ifadəsində göstərib ki, Ramil Səfərov onun oğlu olub:

“Bəhərçiyevlər ailəsinin işlətdiyi kafe dəmir yolunun kənarında yerləşirdi. Ramil iş yoldaşları ilə birlikdə tez-tez ora gedirdi. Hadisənin hansı şəraitdə və nə səbəbə görə törədilməsi barədə məlumatım yoxdur”.
 
Şahid İlfan Bəhərçiyev oğlunun əleyhinə ifadə verməkdən imtina edib. Bu səbəbdən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan olunub. 
 
Prokuror məhkəmədən Arif Bəhərçiyevə ömürlük cəza təyin edilməsini istəyib. Zərərçəkmiş şəxsin hüquqi varisi və mülki ididaçı Dilarə Tağıyeva ilə Gülbəniz Orucova təqsirləndirilən şəxsə ağır cəza təyin verilməsini xahiş ediblər.

Son söz hüququndan istəfadə edən Arif Bəhərçiyev qəsdən adam öldürmə maddəsi ilə ona aşağı həddə cəza, xuliqanlıq maddəsi ilə isə ona bəraət verilməsini, mərhumların analarının tələb etdikləri mülki iddiaların rədd edilməsini xahiş edib.
 
Məhkəmə hesab edib ki, ibtidai istintaq orqanı tərəfindən Arif Bəhərçiyevin əməlləri Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 120.2.3-cü ( zərərçəkmiş şəxsi, ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) və 221.3-cü (xuliqanlıq, silah və ya silah qismində istifadə olunan əşyalarla törədildikdə) maddələri ilə düzgün tövsif edilib. Ona həmin maddələrin sanksiyası həddində cəza təyin olunmalıdır. Bundan başqa, 27.330 manat məbləğində pul vəsaiti maddi və mənəvi ziyan kimi Arif Bəhərçiyevdən mülki iddiaçı Dilarə Tağıyeva və Gülbəniz Orucovanın xeyrinə tutulmalıdır.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasının ilk 5 ilini həbsxanada, qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə Arif Bəhərçiyev 20 il müddətinə azadlıqdan məhrum olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 18912
avatar

Oxşar yazılar