Bakıda oğlan siqaret çəkən qardaşına görə  atasını öldürdü: anası şikayətçi olmadı - TƏFƏRRÜATLAR
10 iyun 2024 20:15 (UTC +04:00)

Bakıda oğlan siqaret çəkən qardaşına görə atasını öldürdü: anası şikayətçi olmadı - TƏFƏRRÜATLAR

CİNAYƏT İŞİ

Qısa arayış...

2023-cü il iyulun 9-na keçən gecə Bakının Nizami rayonunda qətl hadisəsi olur. 24-cü Polis Şöbəsinə gələn 1993-cü il təvəllüdlü Pərvin Yusifli yaşadığı evdə atasını öldürməsi haqda məlumat verib. 
 
Məlumatla əlaqədar dərhal polis və prokurorluq əməkdaşları hadisə yerinə yollanır. Məlum olub ki, hadisə R.Rüstəmov küçəsi, ev 80, mənzil 85-də baş verib. Otaqda, döşəmə üzərində, yerdə uzanmış vəziyyətdə 1968-ci il təvəllüdlü Rəsul Yusifovun meyiti aşkar edilib.

Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.
 
İstintaqla müəyyən edilib ki, iyulun 9-u gecə saat 2 radələrində Rəsul Yusifov eyvanda siqaret çəkdiyinə görə oğlu Elvin Yusifliyə irad bildirərək, üzünə 2 dəfə sillə vurub. Epilepsiya xəstəliyindən əziyyət çəkən qardaşına qarşı etdiyi zorakılıq hərəkətlərinə görə Pərvin Yusifli atasından qisas almaq qərarına gəlib. Gecə saat 3 radələrində mətbəxdən məişət təyinatlı bıçağı götürərək atasının yataq otağına daxil olub. O, çarpayıda yarı uzanıqlı, ayıq vəziyyətdə olan Rəsul Yusifovun üzərinə gedərək, onunla əlbəyaxa olub. Sağ əlində saxladığı bıçaqla üzünə, sinəsinə və bədənini digər nahiyələrinə çoxsaylı zərbələr vuraraq, atasını öldürüb.
 
İfadəsinin yerində yoxlanılması zamanı Pərvin Yusifli atasının yatdığı otağa girib, hansı qaydada bıçaq zərbələri vurduğunu, mənzildən çıxıb kəsici aləti pilləkənlərə atdığını və sonra şöbəyə getdiyini ardıcıl şəkildə göstərib.


 
Məhkəmə iclasında Pərvin Yusifli bildirib ki, iyulun 9-na keçən gecə atası otağa girəndə qardaşı Elvinin eyvanda siqaret çəkdiyini görüb:

“Elvin içəri girəndə, atam siqaret çəkməsi ilə bağlı irad bildirib, ona iki dəfə sillə vurdu. Atam Elvini zorla evdən bloka çıxarmaq istəyəndə, araya girərək belə etməməsini xahiş etdim. Sonra atam öz otağına getdi. Elvinlə oturub digər televizora baxanda, qardaşım başının ağrıdığını dedi. Yatmağa keçsək də, atamın hərəkətindən əsəbləşdim və yata bilmədim. Mətbəxə keçib bıçağı götürdüm və atamın yatdığı otağa girdim. Otağın işığını yandıranda, atam gözlərini açıb, nəyə görə gəldiyimi soruşdu. Heç nə söyləmədən üstünə gedib, atamın bədəninə kortəbii şəkildə zərbələr vurmağa başladım. Hadisədən sonra evdən çıxıb şöbəyə getdim. Törətdiyim əməldən çox peşmanam”.


 
Zərərçəkmiş şəxsin hüquqi varisi Səlbinaz Yusifova ifadəsində göstərib ki, hadisə günü evdə olmayıb, işdən gələndən sonra, qonşusunun evinə keçib:

“Qonşum tək və yaşlı qadın olduğu üçün adətən gecələr onun yanında qalırdım. Bundan 15 dəqiqə sonra öz mənzilimizdən səs-küy eşitdim. Evə qayıdanda bildim ki, oğlum Elvin siqaret çəkdiyinə görə yoldaşım ona sillə vurub. Digər oğlum Pərvin də buna dözə bilməyib atasını bıçaqlayıb. Pərvinə söz demək mümkün deyildi, bir söz deyən kimi qapını çırpıb evdən çıxırdı. Yoldaşım çox əsəbi insan idi, uşaqları döyürdü. Dərslərini oxumadıqlarını biləndə onları çölə çıxarıb, qapını bağlayırdı və  evə buraxmırdı”.

Hadisə baş vernə mənzil
 
Şahid qismində dindirilmiş Toğrul Cəfərov bildirib ki, iyulun 9-na keçən gecə qonşusu Elvin Yusifli onun qapısını döyərək, kömək istəyib:

“Elvinin əlləri qanlı idi. Yaxın qonşu olduğumuzdan mənzillərinə girdim. Daxil olanda, sağ tərəfdəki otaqda Səlbinaz xanımın yoldaşı Rəsulu qucağladığını, onun gözlərinin açıq olduğunu və əsasən sinəsindən qan axdığını gördüm. Ona ilkin tibbi yardım göstərməyə çalışdım. Rəsulun nəbzini yoxlayıb köynəyimlə yaralarını sıxdım. Mobil telefonumla Təcili Tibbi Yardıma, sonra isə polisə zəng etdim. Nə baş verdiyini soruşanda, Səlbinaz oğlu Elvinin siqaret çəkməsi ilə əlaqədar evdə mübahisə yarandığını dedi. Həmin gün Pərvini ümumiyyətlə görməmişdim. Elvin həmin vaxt şokda idi, mənə qardaşının atasını öldürdüyünü bildirərək, əlləri ilə başını tutub evin içində gəzirdi. Nə etdiyini bilmirdi”.


  
Məhkəmə iclasında Pərvin Yusifli ittiham üzrə özünü təqsirli bilib. Zərərçəkmiş şəxsin hüquqi varisi məhkəməyə ərizə təqdim edərək oğlundan şikayəti olmadığını göstərib.
 
Məhkəmə Pərvin Yusiflinin cinayət əməlini zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törətməsini, könüllü polisə təslim olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, onun gənc, səmimi ifadə verib, əməlindən  peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alıb.


 
Məhkəmə nəticəyə gəlib ki, Pərvin Yusiflinin əməlində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsində nəzərdə tutulan cinayətin əlamətləri var. O, həmin maddənin sanksiyası həddində təqsirli bilinməli və cəzalandırılmalıdır.
 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Pərvin Yusifli cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 9 il müddətinə azadlıqdan məhrum olunub.

Rəsul Yusifov

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7305
avatar

Oxşar yazılar