Bakıda əlbir olub adam öldürənlərin məhkəməsi başlayır
08 fevral 2021 09:20 (UTC +04:00)

Bakıda əlbir olub adam öldürənlərin məhkəməsi başlayır

Ötən il Bakıda əlbir olub qətl hadisəsi törədənlərin cinayət işi üzrə ibtidai istintaq tədbirləri yekunlaşıb.

Lent.az-ın məlumatına görə, cinayət işi üzrə toplanan materiallar Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Əhməd Quliyevin icraatına verilib.

Qeyd edək ki, ötən il iyunun 17-də Yasamal rayonu ərazisində Bakı şəhər sakini, 36 yaşlı Cəlal Hüseynovun qarın nahiyəsindən kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə 27-ci polis bölməsinə məlumat daxil olub.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuşlar - Bakı şəhər sakini, 42 yaşlı Rauf Hənifəyev və Abşeron rayon sakini, 42 yaşlı  Ramil İsrafilov saxlanılıblar.

İstintaq araşdırması zamanı məlum olub ki, hadisə həmin gün, saat 21.00-da Yasamal rayonu Mirzə Ağa Əliyev küçəsində baş verib.

Belə ki, bu qətl hadisəsindən iki gün əvvəl Cəlal Hüseynovla narkotik asılılığı olan Tural adlı şəxs arasında münaqişə yaranıb.

İyunun 17-də Tural Cəlal Hüseynovla münasibətləri yenidən qaydasına salmaq qərarına gəlib və M.Əliyev küçəsində onunla görüş təyin edib. Tural adlı şəxs ora tək gəlməyib. O, tanışları Rauf Hənifəyev və Ramil İsrafilov ilə birlikdə həmin ünvana gəlib. Bu vaxt tərəflər arasında dava başlayıb, Rauf Hənifəyev Cəlal Hüseynova qarın nahiyəsindən daxilə nüfuz edən bıçaq xəsarəti yetirib.

Qeyd edək ki, Rauf Hənifəyev əvvəllər qəsdən adam öldürməyə cəhdə görə məhkum olunub. Bundan əlavə, o, oğurluq və soyğunçuluğa görə də həbsdə olub. Ramil İsrafilov isə əvvəllər narkotik maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyətinə cəlb edilib.

İstintaq orqanı tərəfindən Rauf Hənifəyev, Tural Şirinov və Ramil İsrafilovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib

# 1518
avatar

Mehman Nəbiyev

Oxşar yazılar