"Arvadımı soyundurdum, bədəni dişlək-dişlək idi" - Qısqanc qatil DANIŞDI
16 noyabr 2021 16:01 (UTC +04:00)

"Arvadımı soyundurdum, bədəni dişlək-dişlək idi" - Qısqanc qatil DANIŞDI

Şəmkirdə dayısı oğlunu və onun tanışını güllələyərək öldürməyə cəhd edən Ramin Mehdixanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

R. Mehdixanovun ilkin ifadəsində hadisəni qısqanclıq zəminində törətdiyi bildirib. Onun hansı səbəbdən dayısı oğlunu güllələməsi ictimaiyyət üçün qaranlıq qalıb.

Lent.az həmin cinayət işi üzrə materialları əldə edib:

İttihama görə, hadisə bu il mayın 9-da saat 18 radələrində Şəmkir rayonunda qeydə alınıb.

Şəmkir rayonunun Seyfəli kənd sakini, 44 yaşlı Ramin Mehdixanov qısqanclıq zəminində əvvəllər də mübahisə etdiyi dayısı oğlu Musa Rüstəmovun “VAZ-2107” markalı avtomobil ilə hərəkətdə olduğunu görüb. Sonradan özünə məxsus “VAZ-2106” markalı avtomobili ilə onun qarşısını kəsmək istəyib və nəticədə avtomobillər bir-birinə çırpılaraq yol-nəqliyyat hadisəsi baş verib. Daha sonra Ramin Mehdixanov özünə məxsus, müvafiq sənədləri olmayan ov tüfəngi ilə Musa Rüstəmovu və onun yanında olan xalası oğlu Bakir Hüseynovu güllələyərək onlara xəsarət yetirib.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin  120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. R. Mehdixanov özünü qismən təqsirli bilib.

O bildirib ki, 1997-ci ildə  həyat yoldaşı Aygünlə ailə həyatı qurub və 4 övladı var:

“Aygünlə münasibətlərim çox yaxşı idi. Son iki ildə aramızda müəyyən soyuqluq əmələ gəldi. Buna səbəb Aygünün Musa ilə yaxın münasibət saxlayaraq mənə xəyanət etməsi oldu.  İlk dəfə 2019-cu ildə Musanın bizim evi güdməsini eşitdim. Bu barədə qızımdan soruşdum. Qızım Musanı görmədiyini dedi. 2020-ci ilin may ayında evə işdən tez qayıtdım. Bu vaxt evin eyvanında Musa ilə Aygünün  əl-ələ tutub oturduqlarını gördüm. Nə baş verdiyini soruşan zaman Aygün həyəcanlı bir şəkildə Qurana and içərək "mərc gəlirdik" deyə bildirdi. Həmin vaxt özümü çətinliklə ələ alaraq övladlarım xətri üçün arvadım və dayım oğlunun bu hərəkətlərinə dözdüm. Amma hər iki tərəfi xəbərdar edərək bir daha onları belə görməyim. Bundan sonra Musa çıxıb getdi”.

Təqsirləndirilən şəxs qeyd edib ki, 2020-ci ilin iyun ayının ortalarında saat 1 radələrində evin pəncərəsinin qarşısında siqaret çəkən zaman Musanın çəpərin yanında əyilib yataq otağını güdməsini görüb:

“Musaya xəbərdarlıq edərək "ay Musa, çəpərin qarşısında duran sənsən, səni görürəm, səni tutacam, bu sənin üçün yaxşı olmayacaq" deyə bildirdim. Musa səsimi eşitdikdən sonra uzaqlaşdı. 2020-ci ilin avqust ayının ortalarında  günorta saat 16 radələrində işdən evə gəldim, gördüm ki, Aygün çarpayıya uzanıb. Aygün idman paltarında idi. Aygündən  paltarını soyunmasını tələb etdim. Aygün isə ağrıdığını bəhanə etdi. Onun yalan danışdığından şübhələnmişdim və özüm soyundurdum. Həmin vaxt Aygünün döş gilələrində, sol ayaq nahiyəsinin qasıq hissəsində, sol ayağın baldır hissəsində dişlək izlərinin olmasını gördüm və hirsimdən ona bir sillə vurdum. Aygün həmin gün evdən çıxıb getdi. 9 ay anası Fənarənin evində yaşadı. 9 ay ərzində mən Aygünü güdərək Musa ilə yaxın münasibətləri barədə məlumat topladım. Aygünlə Musa havalar isti olan zaman axşam saatlarında Şəmkir rayonu, Qapanlı kəndində görüşərək söhbət edirdilər. Mən onların telefonla yazışmalarını öyrəndim. Aygünlə 2021-ci il aprel ayının sonlarında boşandım. Boşansaq da, həmin vaxta qədər Musa ilə Aygünün yaxın münasibətdə olmasından əsəbiləşərək qisas almaq niyyətilə təxminən 7 ay əvvəl çobanlıq etmək üçün Samux rayon sakinindən pulla aldığım 16 kalibrli, tək lüləli ov tüfəngi ilə Musanı vurmağı qərara almışdım”.

R. Mehdixanov deyib ki, mayın 9-da  saat 17 radələrində silahı idarə etdiyi “VAZ 2106” markalı avtomobilə qoyub:

“Şəmkir-Seyfəli avtomobil yolu boyunca hərəkət etdim, saat təxminən 18 radələrində Aşağı Seyfəli kəndinin qurtaracaq hissəsində Musanın idarə etdiyi “VAZ 2107” markalı avtomobildə gördüm. Musa avtomobilimi görən kimi uzaqlaşsa da, onu vurmaq məqsədilə sürətlə arxasınca sürdüm. Magistral yolun Şəmkir rayonu, Çinarlı qəsəbəsi ərazisindən keçən hissəsində üz-üzə gəldik, maşınlar toqquşdu. Toqquşmadan sonra Musa avtomobilin ön oturacağında oturmuş xalası oğlu Bakirlə avtomobildən düşdülər. Musa maşından düşən kimi qaçmağa başladı. Mən "dayan" deyə üç dəfə qışqırdım, lakin o, Çinarlı qəsəbəsinə doğru qaçmağa davam etdi. Bu zaman tüfəngi avtomobildən götürüb Musa tərəfə tuşladım, həmin vaxt Bakir də qaçsa da, məqsədim Musanı vurmaq olub. Mən silahdan atəş açdım. Amma Musa qaçmağa davam edirdi. Mən onların xəsarət alıb-almaması barədə məlumatım olmayıb. Musanın atası hadisə yerinə gələrək hüquq-mühafizə orqanlarına məlumat verdi. Təxminən 20 dəqiqə ərzində polis əməkdaşları gəldi. Mən heç hadisə yerindən qaçmadım. Polis əməkdaşları silahı və iki ədəd patronu avtomobilin yanından götürdülər. Törətdiyim əməldən peşmanam, məhkəmədən yüngül cəza verilməsini xahiş edirəm”.

Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilən Musa Rüstəmov isə bildirib ki, təqsirləndirilən şəxs onun bibisiı oğludur:

“Onunla aramızda əvvəllər adi  mübahisələr olsa da, ədavət və ya düşmənçilik olmayıb. Əksinə, Raminlə daim mehriban münasibətləri olub. Onla mübahisələrimizin əsas səbəbi  keçmiş arvadı Aygünlə bağlı idi. Ramin əsassız olaraq məni arvadı ilə münasibətinin olmasında günahlandırıb.  Aygünlə heç bir yaxın cinsi münasibətim və ya telefon danışığım olmayıb. İstər evli olduqları müddət ərzində, istərsə də sonradan Aygünlə bağlı heç bir yaxın münasibətim və ya sevgi məzmunlu danışığım olmayıb. Aygünlə daim bibim oğlunun arvadı kimi sərhədli münasibətim vardı. Raminin ifadəsində qeyd etdikləri tamamilə yalan və əsassızdır. Heç bir zaman Aygünlə  əl-ələ tutmamışam, yaşadığı evi güdməmişəm”.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R. Mehdixanov 14 il müddətinə azadlıqdan məhrum edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 14637
avatar

Səlcuq Elçin

Oxşar yazılar