Arvadı öldürülən kişidən ŞOK İSTƏK : “Qatilə yüngül cəza verin”
06 iyul 2021 16:28 (UTC +04:00)

Arvadı öldürülən kişidən ŞOK İSTƏK: “Qatilə yüngül cəza verin”

Şabranda bacısını su kanalına ataraq qətlə yetirən Elşən Abdulovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Lent.az xəbər verir ki, cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinə baxılıb.

İttihama görə, E. Abdulov xalası oğlu ilə evli olan bacısı Leyla Müseyibovanı sosial şəbəkələrdə başqa kişilər ilə yazışdığı üçün qətlə yetirib və daha sonra meyitini Samur-Abşeron kanalı atıb.

Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən E. Abdulov ittiham üzrə özünü tam təqsirli bilib. Bildirib ki, Şabran-Bakı-Şabran istiqamətdə özünə məxsus avtomobillə taksi fəaliyyəti göstərib. Ailədə 3 övlad olublar. Bacısı doğma xalası oğlu Zaur ilə ailə həyatı qurub: “Bacım evlənəndən sonra arabir ailəsində narazılıqlar olurdu. Təxminən 5-6 il əvvəl Zaurla bacım arasında mübahisə böyüdü. Zaur mənə telefonda bacımın başqa adamlarla yazışmasını göstərdi. Həmin vaxt bacımı öldürmək istəsəm də, balalarının xətrinə onu bağışladım və döyməklə kifayətləndim. Sonradan bacım Zaurla barışdı və birlikdə yaşamağa davam etdilər. Həmin hadisədən sonra bacımı bağışlasam da, onu öldürmədiyinə görə özümü bağışlaya, onun bu hərəkətini beynimdən silə bilmədim”.

Təqsirləndirilən şəxs qeyd edib ki, bacısıgilin ailəsində söz-söhbət olan kimi evlərinə gedib: “Hər dəfə aralarında mübahisə yarananda Zaur zəng vururdu. Mən də gedib onları barışdırırdım ki, ailələri dağılmasın. Sonuncu dəfə Zaurun qardaşı Elçin mənə zəng edərək bacımın yazışmasını tutduqlarını və həmin məsələni araşdırmaqdan ötrü onu gətirib Ağbaş kəndinə qoyub gedəcəyini bildirdi. Mən də telefonda onunla dalaşıb, söydüm. Dedim özüm rayona gəlib, söhbət edəcəyəm. Axşamüstü kəndə gəldim. Evə girən kimi Leylanı soruşdum. Dedilər ki, xalamgilə gedib. Xalamgilə gedərək hamını aldatdım ki, Leylanı üzləşmək üçün ərigilə aparıram. Leylanı maşına qoyub kənd qəbiristanlığının yanında yerləşən dəmir körpünün üstünə apardım. Bacım kanala çatana kimi onu öldürməməyim üçün yalvardı. Əsəbi vəziyyətdə olduğumdan yalvarışlarına məhəl qoymadım. Leylanı avtomobildən düşürən kimi qolundan tutub körpüdən atdım. Sonra avtomobilimə əyləşib, Leylanı öldürdüyümü bildirmək məqsədi ilə Zaurun evinə getdim. Onların evinin qarşısına gəlib çatanda orada olan polis əməkdaşları məni tutdular”.

E. Abdulov əməlindən peşman olduğunu, bacısının dörd azyaşlı uşağını anasız qoyduğu üçün özünü bağışlamadığını deyib.  

Məhkəmədə qətlə yetirilən qadının həyat yoldaşı Zaur Müseyibov deyib ki, 2007-ci ilin iyun ayında xalası qızı Leyla ilə ailə həyatı qurub. Əvvəllər aralarında heç bir münaqişə və dava-dalaş olmayıb: “Lakin 2019-cu ilin təxminən yay aylarından Leylanın başqa kişilərlə telefonda danışmasına dair şübhəm yarandı. Leylanın istifadə etdiyi telefonun “whatsapp”ına baxdım. Onun tanımadığım nömrə ilə yazışmasını gördüm. Həmin telefon nömrəsinə zəng etdim və tanımadığım kişi cavab verdi. Leylanı uşaqlarla birlikdə Ağbaş kəndində olan atasının evinə apardım. 2-3 gün keçdikdən sonra Leylanın qardaşı Natiq məni onların yaşadıqları evə gətirib arvadımın bir də belə bir əmələ yol verməyəcəyini bildirərək barışmağımızı istədi. Orada əmin oldum ki, Leyla etdiyi əməllərdən peşmandır və bir daha belə hərəkətə yol verməz. Üstündən bir müddət keçdikdən sonra 2020-ci ilin mart ayında evimə gələndə Leylanın mobil telefon vasitəsi ilə kiminləsə danışdığını gördüm. Leyla məni görən kimi mobil telefonu gizlətmək istədi, buna imkan verməyib telefonu əlindən almağa çalışdım. Bu zaman telefon sındı. Leyladan kiminlə danışdığını və telefonu necə əldə etdiyini soruşduqda o, həmin telefonu küçədən tapdığını və heç kəslə danışmadığını bildirdi. Həmin hadisədən təxminən 10-15 gün sonra yenə evdən telefon tapdım. Lakin ekranı sındığı üçün içinə baxa bilmədim. Sonuncu dəfə işdən evə gələndə Leylanın əlində mobil telefon gördüm. Əlindən almaq istəyəndə yenə telefonu sındırdı. Sim kartı onun əlindən ala bildim. Leyla mənə Ruslan adlı şəxslə danışdığını etiraf etdi. Ona bir neçə dəfə sillə və yumruq vurdum. Sonra atasının evinə qovdum. Axşam saatlarında qardaşı Elşən mənə zəng vurdu. Əsəbi halda məni günahkar çıxardı. Bir qədər sonra xalam anama zəng vurub Elşənin Leylanı götürüb naməlum istiqamətə apardığını dedi. Anam tez Daxili İşlər Nazirliyinin “102” zəng mərkəzinə məlumat verdi. Elşənin gəlib evimizdə hər hansı bir hadisə törədə biləcəyindən ehtiyat edərək polisləri çağırdı. Təxminən 1 saat sonra Elşən bizə gəldi, oradan polislər Elşəni götürüb apardılar. Sonradan polislərdən eşitdim ki, Elşən Leylanı su kanalına ataraq öldürüb. Elşənlə barışmışam, ona qarşı heç bir şikayətim və tələbim yoxdur. Qatil olsa da uşaqlarımın dayısıdır, xahiş edirəm ki, ona yüngül cəza verin”.

Məhkəmənin hökmü ilə E. Abdulov 9 il müddətinə azadlıqdan məhrum edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 12696
avatar

Səlcuq Elçin

Oxşar yazılar