"ARDNF iyundan bəri "Şahdəniz"dən hasil olunan qazın satışından heç bir gəlir əldə etməyib"
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın ən böyük qaz yatağı olan "Şahdəniz"də hasilatın həcmi 10% artaraq 8,21 mlrd. kubmetrə çatıb. "APA-Economics" xəbər verir ki, bunu SOCAR-ın Neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezident Rəhman Qurbanov "Natural Gas World" nəşrinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Azərbaycan daxili bazardakı qaz defisitini aradan qaldırmaq üçün "Şahdəniz" yatağından hasil olunan 2,64 mlrd. kubmetr qaz alıb: "Bu, "Şahdəniz" yatağından çıxarılan və satışa yönəldilən qazın ümumi həcminin 32,9%-ni təşkil edir. Müvafiq olaraq, Azərbaycan Dövlət Neft Fondu iyun ayından bəri "Şahdəniz" yatağından hasil olunan qazın satışından heç bir gəlir əldə edə bilməyib".
Vitse-prezident əlavə edib ki, qazın digər hissəsi isə Gürcüstan vasitəsilə Türkiyəyə nəql edilib və rəsmi Tbilisi nəql olunan qazın 5%-ni tranzit haqqı olaraq əldə edib.
R. Qurbanov deyib ki, sentyabrda Azərbaycan Gürcüstana 715,9 mln. kubmetr qaz tədarük edib.
Bu müddət ərzində İrana 167,3 mln. kubmetr qaz nəql olunub: "İran əldə olunan Azərbaycan qazının 15%-ni svop haqqı kimi götürür, qalan qaz həcmlərini isə öz ərazisi ilə Naxçıvan Muxtar Respublikasına göndərir".
SOCAR rəsmisi bildirib ki, bu il ərzində səmt qazı da daxil olmaqla, ölkədə ümumi qaz hasilatı 22,289 mlrd. kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 741 mln. kubmetr çoxdur.