Aprelin 19-da SOCAR-ın yeni təyin olunmuş vitse-prezidentlərin təqdim olunma mərasimi keçirilib.
Qurumdan Lent.az-a verilən məlumata görə, şirkətin prezidenti Rövnəq Abdullayev çıxış edərək bildirib ki, prezident İlham Əliyev bu il martın 17-də “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında” müvafiq Fərman imzalayıb. Fərmanla SOCAR-ın idarəetmə strukturunda birinci vitse-prezident, neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə, geologiya və geofizika məsələləri üzrə, yataqların işlənməsi üzrə vitse-prezident ştatlarının yaradılmasına qərar verilib.
Prezidenti İlham Əliyevin bu il aprelin 18-də imzaladığı Sərəncamları ilə yeni yaradılmış birinci vitse-prezident vəzifəsinə akademik Xoşbəxt Yusifzadə, neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezident vəzifəsinə Rəhman Qurbanov, geologiya və geofizika məsələləri üzrə vitse-prezident vəzifəsinə Bəhram Hüseynov, yataqların işlənməsi üzrə vitse-prezident vəzifəsinə isə Yaşar Lətifov təyin olunub.