2012-ci ildə Azərbaycanda dəmir yolu nəqliyyatı vasitəsilə daşınan yüklərin həcmi 22,9 milyon ton təşkil edib. Lent.az-ın məlumatına görə, bu barədə Nəqliyyat Nazirliyinin 2012-ci ilin yekunlarına həsr olunmuş hesabatında qeyd olunub. Məlumata görə, yükdaşımalar əvvəlki ilə nisbətən 3,2 faiz artıb. Keçə il dəmir yolu ilə həm də 2,7 milyon nəfər sərnişin daşınıb. Hesabat ilində Dəmir Yolunun gəliri 222,7 milyon manata bərabər olub və 2011-ci ilin müvafiq dövrünə nisbətən 15,6 faiz artıb. Görülmüş iş və xidmətlərə çəkilmiş xərclərin cəmi 198,0 milyon manat təşkil edib və 24,7 milyon manat mənfəət əldə olunub.
Hesabat ilində həm də Ukrayna Respublikasından 784,8 min ABŞ dolları dəyərində 1 ədəd K3TC tipli model 1836M təkəryonan torna dəzgahı gətirilib və dəzgahın Biləcəri vaqon deposunda quraşdırılmasına başlanılıb.
Dəmir yollarının inkişafına 163,8 milyon manat, o cümlədən 1,6 milyon manat Dəmir Yolunun öz vəsaiti olmaqla investisiya yönəldilib, 132,4 km yol əsaslı təmir edilib, 25 ədəd elektrik və dizel lokomotivləri, 729 ədəd sərnişin vaqonu, 3603 ədəd yük vaqonu müxtəlif həcmli təmirdən keçirilib, 470 konteyner cari təmir 160 konteyner isə əsaslı təmir edilərək istismara verilib. Dəmiryolu stansiyalarının təmiri və abadlaşdırılması üzrə müvafiq işlər aparılıb, 38 stansiya binası əsaslı təmir edilib və həyətyanı sahəsi abadlaşdırılıb, Gəncə stansiyasının və 3 dartı yarımstansiya binasının dam örtüyü əsaslı təmir edilib, Gəncə və Yevlax xüsusi əhəmiyyətli qonaq evləri əsaslı təmir olunub. Böyük-Kəsik və Ucar briqada evlərində təmir işləri aparılıb.
Bundan başqa keçən il Pirallahı qəsəbəsini sahilə birləşdirən dambada 1300 p.m. məsafədə 6.7 milyon manat dəyərində sahilbərkitmə işləri başa çatdırılıb. Dəmir yollarının təmiri və saxlanılması üçün 32 ədəd müxtəlif təyinatlı yol təmiri texnikası və avadanlıqlar alınaraq istismara verilib. Dəyəri 5,8 milyon ABŞ dolları təşkil edən 5 ədəd sərnişin vaqonları Slovakiya Respublikasında əsaslı təmir edilərək respublikaya gətirilib. 51 ədəd istismara yararsız sərnişin vaqonu əsaslı bərpa və təmir edilməsi üçün Ukraynaya göndərilib, bunlardan 15 ədədi artıq təmir edilərək gətirilib.