Naftalan kurortu yenidən qurulur
10 yanvar 2014 14:42 (UTC +04:00)

Naftalan kurortu yenidən qurulur

Azərbaycanın növbəti illər üçün yeni inkişaf konsepsiyası çərçivəsində ölkənin bölgələrinin baş planlarının hazırlanmasına başlanılıb.


 

Ölkənin turizm potensialının daha da gücləndirilməsi və mövcud imkanların inkişaf etdirilməsi məqsədi ilə müvafiq rayonlarin inkişaf sxemləri və baş planlar işlənilir. Hazırda dövlət başçısının sərəncamına uyğun olaraq, ölkənin unikal şəhərlərindən biri olan Naftalanın yüksək səviyyəli sanatoriya-kurort mərkəzinə çevrilməsi ilə bağlı iş aparılır.

 

Hələ SSRİ dövründə burada çoxsaylı sanatoriyalar tikilsə də, sonradan bu tikintilərin əksəriyyəti yarımçıq qalıb. Şəhərin baş planını hazırlayan «Renessans Studio» MMC-dən «APA-Economics»ə verilən məlumata görə, ilkin plana əsasən, şəhərin müalicə-turizm şəraitinin daha da təkmilləşdirilməsi planlaşdırılır. Şəhərin bir hissəsi sanatoriya, digər hissəsi isə yaşayış üçün nəzərdə tutulur. Naftalanın maksimum şəkildə yaşıllaşdırılması, şəhərin təqribən 500-600 ha yaşıllıqla bürünməsi təklif olunur.

 

Plana görə, vaxtı ikən 5 000 turist qəbul edən Naftalanın, yenilənmə dövründən sonra 10 000 turist qəbul edəcəyi planlaşdırılır. Turizm obyektləri sırasında Naftalanda həm ailəvi, həm fərdi, həm də uşaqların valideynsiz istirahət etməsi üçün imkanlar yaradılacaq. Burada xüsusi kotec və mehmanxanaların inşası planlaşdırılır. Yeniliklərdən biri isə hazırda bütün dünyada turizmin ən geniş inkişaf etmiş növlərindən biri - fərdi həyətyanı evlərin sayının artırılması olacaq. Bu evlər sayəsində turistlər şəhər həyatı, mədəniyyəti, mətbəxi ilə daha yaxından tanış olmaq imkanı əldə edəcəklər.

 

Bundan başqa, uzunluğu 1,7 km olacaq kanat yolunun çəkilməsi təklif olunur.

 

Hazırda üzərində iş gedən planda Naftalanda dünya standartlarına uyğun qolf meydançası, tennis kortu, atçılıq meydanı, istixanalar, heyvanların saxlanılması, kəsimi, təzə məhsul istifadəsi üçün heyvan və quşçuluq fermasının tikintisi məsələləri də yer alıb.

 

Məlum olduğu kimi, hazırda Xorvatiyanın paytaxtı Zaqreb yaxınlığında «Naftalan» adlı sanatoriya fəaliyyət göstərir. Vaxtı ilə bura məhz Azərbaycanın Naftalan şəhərindən 400 ton neft aparılıb. Odur ki, Naftalanı dünyada məşhur edən müalicə əhəmiyyətli neftin emalı üçün 10 hektarlıq sahədə farmasevtik zavodun inşa edilməsi planlaşdırılır. Bu zavodda əvvəllər olduğu kimi müalicəvi neftdən dərmanların hazırlanması nəzərdə tutulub.

 

Digər bir yenilik isə Naftalanda hava limanının inşası ilə bağlıdır. Beynəlxalq səviyyəli aeroportun tikintisi üçün 89 ha torpaq sahəsinin ayrılması nəzərdə tutulub. Turistlərin və sərnişinlərin gediş-gəlişi rahat olması üçün hava limanının yaxınlığında avtovağzal kompleksi tikiləcək.

 

Qeyd edək ki, şəhərdə turizm və sanatoriya mərkəzləri ilə yanaşı, mikrorayonların ərazilərinin genişləndirilməsi nəzərdə tutulub. Şəhər əhalisinin sayının isə 20 minə çatdırılması təklif olunur.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1353
avatar

Oxşar yazılar