Bu gündən etibarən “Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakı-Pekin-Bakı istiqamətində birbaşa, uzunməsafəli aviareyslərin həyata keçirilməsinə başlayıb.
Lent. az-ın AZAL-ın rəsmi saytına istinadən verdiyi məlumata görə, əvvəllər açılışı may ayında nəzərdə tutulan bu reys, Çin tərəfinin aviaşirkətlər qarşısında qoyduğu yeni tələblərlə əlaqədar müvəqqəti olaraq təxirə salınıb.
Bu gün Heydər Əliyev Beynəlxalq Aeroportundan saat 15:15-də havaya qalxan və 83 nəfər sərnişin tutumu olan “Boinq-767” tipli müasir və yüksək komfortlu təyyarənin uçuş müddəti 6 saat 30 dəqiqədir. AZAL birinci reysin sərnişinlərini çox maraqlı hədiyyələr gözlədiyini də açıqlayıb.
Qeyd edək ki, uçuşlar müasir və komfortlu “Airbus A-340” və “Boeing 767” tipli təyyarələrlə, həftədə iki dəfə, aşağıdakı qrafik üzrə yerinə yetiriləcək:
Bakı – Pekin, həftənin ikinci və beşinci günləri,
Bakıdan uçuş - 15.15, Pekinə eniş - 01.15+ (növbəti gün)
Pekin – Bakı, həftənin üçüncü və altıncı günləri,
Pekindən uçuş – 05.45, Bakıya eniş – 10.45.
Bakı-Pekin-Bakı istiqamətindəki ekonom sinifli aviabiletlərin minimal qiyməti 473 Avro təşkil edir (yığımlar və rüsumlar daxildir). Bakı-Pekin-Bakı marşrutundan bir sıra digər ölkələrin vətəndaşları da Pekinə getmək üçün tranzit olaraq Heydər Əliyev Beynəlxalq Aeroportunu istifadə edəcəklər. AZAL Çinin əməkdaş aviaşirkətləri ilə birgə, öz sərnişinlərinə Pekindən Çinin digər şəhərlərinə (Quanjou, Şanxay, Şenjen, Xanjou, Jenqjou, Ksian (Sian), Çenqdu və s.), eləcə də Şərqi və Cənub-şərqi Asiya ölkələrinin hava limanlarına uçuşlar üçün xüsusi tariflər də təqdim edəcək.