Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun sədrliyi ilə keçirilmiş kollegiya iclasında dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan və ehtiyat fondlarından Xaçmaz Rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsi ilə bağlı həyata keçirilmiş auditinin nəticələri müzakirə olunub.
APA-nın məlumatına görə, yoxlama qrupu rəhbərinin məruzəsi və fəaliyyəti istiqaməti üzrə auditor C. Həsənovun təqdim etdiyi hesabat dinlənilib.
Auditor Xaçmaz Rayon İcra Hakimiyyəti (İH) tərəfindən bir sıra nöqsanlara yol verildiyi qeyd edib. Layihələndirilən obyektlər üzrə texniki-iqtisadi əsaslandırma və hesablamalar tərtib edilməyib, bəzi hallarda layihə-smeta sənədləri dövlət ekspertizasından keçirilmədən və işlərin ehtimal olunan dəyəri müəyyən edilmədən, həmçinin xüsusi razılığa (lisenziya) malik olmayan podratçı təşkilatla satınalma müqavilələri bağlanıb. Bir sıra məktəblərdə inventar və avadanlıqlar tam quraşdırılmayıb, bir neçə hallarda istismara qəbul edilmiş obyektlərin müvafiq qaydada uçota alınması təmin edilməyib. İH tərəfindən avtomobil yollarının tikintisi üzrə yolun işçi cizgilərində yol geyiminin konstruktiv qalınlığının göstərilmədiyi, yerinə yetirilməyən asfalt-beton işlərinin qəbul aktlarına daxil edildiyi diqqətə çatdırılıb.
Auditor inşa edilən məktəblərdə şagirdlərin layihə-smeta sənədlərində qeyd edilmiş və faktiki sayı arasında fərqlərin olduğunu, bəzi məktəblərdə sinif otaqlarının istifadəsiz qaldığını, digərlərində isə yeni sinif otaqlarının tikintisinə ehtiyacın yarandığını nəzərə çatdırıb. Auditor bu faktların büdcədən əlavə vəsaitin ayrılmasını zəruri etdiyini bildirməklə qeyd olunanların son nəticəsində investisiya qoyuluşlarından səmərəli istifadə edilməməsi qənaətinə gəlmək imkan verdiyini diqqətə çatdırıb. Eyni zamanda, bina və qurğuların tikintisinə sərf edilmiş vəsaitin xərcə silindiyini, obyektlərin tikintisinə layihə təşkilatları tərəfindən müəllif nəzarəti həyata keçirilmədiyini, əsaslı vəsait qoyuluşların uçotunun Büdcə təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarının tələbinə uyğun aparılmadığını qeyd edib.
C. Həsənov auditor rəyində əks etdirilmiş tövsiyələri açıqlayıb.
Nəzarət tədbirinin nəticələri üzrə kollegiya qərarının layihəsi müzakirəyə çıxarılaraq qəbul edilib və icra edilməsi məqsədilə Xaçmaz Rayon İcra Hakimiyyətinə göndərilib.