Azərbaycanda sərnişin avtobuslarına yeni takoqraf cihazları quraşdırılacaq. Nəqliyyat Nazirliyindən Lent.az-a verilən məlumata görə, cihazların ilkin olaraq, beynəlxalq sərnişindaşımada iştirak edən avtobuslara quraşdırılması nəzərdə tutulub.
Məlumatda bildirilir ki, Azərbaycanın qoşulduğu beynəlxalq nəqliyyat konvensiyalarının tələblərinə uyğun olaraq beynəlxalq sərnişindaşıma və yükdaşıma ilə məşğul olan nəqliyyat vasitələrində takoqraf cihazlarının quraşdırılması zərurəti ortaya çıxıb. Bir müddət əvvəl Nəqliyyat Nazirliyində bu məsələ həll edilib və sahibkarlara takoqraf kartları verilib. 2013-cü ilin sonunadək “qara qutu” funksiyasını yerinə yetirən cihazların beynəlxalq sərnişindaşıma və yükdaşıma ilə məşğul olan nəqliyyat vasitələrinə quraşdırılması nəzərdə tutulub.
Takoqraf cihazı sürücünün yolda nə vaxt dayanması, sürət həddinin seçilməsi, yürüş məsafəsi və s. kimi qeydləri özündə cəmləşdirən intellektual qurğudur. Bu cihazlar təyyarələrdəki “qara qutu”lar kimi bütün lazımi məlumatları özündə birləşdirir və cihaza kənar müdaxilə etmək qeyri-mümkündür. İnkişaf etmiş ölkələrdə geniş istifadə olunan bu cihazlar müxtəlif vəziyyətlərdə həm sahibkarların, həm də dövlət qurumlarının köməyinə çatır.
Nəqliyyat Nazirliyindən Lent.az-a bildirilib ki, bu cihazlar qəzaların azalması, qaranlıq məqamlara aydınlıq gətirilməsi baxımından çox əlverişlidir. Gələcəkdə cihazların ölkə daxilində və Bakıda sərnişindaşıma ilə məşğul olan avtobuslara quraşdırılması da mümkündür.