Moskvanın "Şeremetyevo" aeroportundan yerinə yetirilməli olan 20-yə yaxın aviareys əlverişsiz hava şəraiti ilə əlaqədar yubanır.
"APA-Economics" Rusiyanın Federal xəbərlər agentliyinə istinadən xəbər verir ki, aeroport ərazisində güclü duman müşahidə olunur.
"Voronej, Volqoqrad, Samara, Kalininqrad, Berlin şəhərlərinə yerinə yetirilməli olan aviareyslər gecikir. Nijni Novqorod və Kazan şəhərlərinə yerinə yetirilməli olan aviareyslər isə təxirə salınıb", - deyə məlumatda bildirilir.
"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən "APA-Economics"in sorğusuna cavab olaraq bildirilib ki, heç bir reysdə gecikmə baş verməyib: "Hava limanı ştat rejimində işləyir".
"Yandex" axtarış sisteminin onlayn-tablosunda isə qeyd edilib ki, "Şeremetyevo" hava limanından yerinə yetirilən Moskva-Bakı aviareysində gecikmə baş verib. Təyyarə Moskva vaxtı ilə 10:10-da havaya qalxıb. Təyyarənin Heydər Əliyev aeroportuna eniş vaxtı 11:30 göstərilsə də, ardından 15:15 qeyd edilib. Aviareys "Aeroflot" şirkətinə məxsus "Airbus А320" təyyarəsi ilə yerinə yetirilir.