“Bakı dünya mərkəzlərindən biridir”
24 iyun 2013 22:03 (UTC +04:00)

“Bakı dünya mərkəzlərindən biridir”

 ““Fairmont” oteli sözün əsl mənasında möhtəşəm oteldir. Bakının, Azərbaycanın ən böyük, ən müasir otelidir və burada yaradılan şərait ən yüksək səviyyədədir. Şəxsən mən bundan daha gözəl, möhtəşəm, əzəmətli otel görməmişəm”. Bu sözləri Azərbaycan prezidenti İlham Əliyev “Alov qüllələri” kompleksindəki “Fairmont Baku” otelinin açılışı zamanı işlədib.

 

“Bakıda otellər çoxdur. Xüsusilə son iki il ərzində beşulduzlu otellər tikilib. Azərbaycan, Bakı bu baxımdan fərqlənir. Çünki ikinci belə şəhər yoxdur ki, iki il ərzində beşulduzlu altı otel tikilsin. Bu otellərin hamısı ən məşhur otel brendlərini təmsil edir” - deyən prezident otel tikintisinin Bakıya, ölkəyə qoyulan investisiya olduğunu bəyan edib: “Bakı onsuz da gözəl şəhərdir. Ancaq yeni otellər şəhərimizi daha da gözəlləşdirir. Bu gün Bakıda bütün məşhur otel brendləri vardır. Təkcə son iki il ərzində “Kempinski”, “Hilton”, “Jumeirah”, “Marriott”, “Four Seasons” və “Fairmont” otelləri açılıb. Bu, özlüyündə bir göstəricidir. Ölkəmizin inkişafını göstərir. Azərbaycana investisiya qoyuluşunun istiqamətlərini göstərir. İnvestorların Azərbaycanın bu gününə və sabahına inamını göstərir. Bir sözlə, ölkəmiz inkişaf edir”.

 

Prezident Azərbaycanın inkişafının çoxşaxəli olduğunu bildirib: “Qeyri-neft sektorumuz da uğurla inkişaf edir. Bu ilin beş ayında Azərbaycanda qeyri-neft sektoru 11 faiz artıb. Bu da hesab edirəm ki, dünya miqyasında ən yüksək göstəricidir.

Otellərin tikintisi əlbəttə ki, ölkədə gedən ümumi proseslərin təzahürüdür. Çünki əgər ümumi inkişaf olmasaydı və Azərbaycan indi dünya mərkəzlərindən birinə çevrilməsəydi, bu otellərin tikintisinə ehtiyac olmazdı. Burada əlbəttə ki, mən investorların fəaliyyətini yüksək qiymətləndirirəm. Dünyada ən məşhur olan otellər brendlərini də salamlayıram və onlara minnətdarlığımı bildirirəm ki, onlar öz fəaliyyətini Azərbaycanda başlayırlar. Əminəm ki, onların fəaliyyəti uğurlu olacaq. Çünki Bakı, bir daha demək istəyirəm ki, indi dünya mərkəzlərindən biridir, həm siyasi, həm iqtisadi və mədəni cəhətdən. Bakıda demək olar ki, hər həftə mötəbər beynəlxalq tədbirlər keçirilir. Beləliklə, yeni otellərin tikilməsinə də ehtiyac yəqin ki, olacaq”.

 

Dövlət başçısı “Fairmont” oteli və “Alov qüllələri”nin Bakının yeni simvolu olduğunu vurğulayıb: “Bakımızın qədim simvolları var ki, biz haqlı olaraq onlarla qürur duyuruq. “Qız qalası” Bakının simvoludur, İçərişəhər nadir memarlıq abidəsidir. Bulvar yüz ildən çoxdur ki, fəaliyyət göstərir. Bunlar Bakının köhnə və qədim simvollarıdır.

 

Müstəqillik dövründə Bakının yeni simvolları da yaradılıb. Onların arasında mən Heydər Əliyev Mərkəzini qeyd edə bilərəm. Yuxarı mərtəbələrdən Heydər Əliyev Mərkəzi də görünür. Bu da nadir bir memarlıq əsəridir. Dünya miqyasında bunun analoqu yoxdur. Bayraq Meydanı müasir dövlətimizin simvoludur. Azərbaycanın müstəqilliyini əks etdirən möhtəşəm Bayraq Meydanının da dünyada analoqu yoxdur. Yeni bulvar, hesab edirəm ki, Bakının yeni simvoludur. Digər binalar müasir şəhərimizi təcəssüm etdirir və onların içində əlbəttə ki, “Alov qüllələri”nin xüsusi yeri var. Təsadüfi deyil ki, indi müxtəlif beynəlxalq tədbirlərdə, Azərbaycanın xaricdəki müxtəlif tədbirlərində “Alov qüllələri” bir simvol kimi əks etdirilir. Bu, doğrudan da nadir memarlıq əsəridir, dünyada analoqu yoxdur və şəhərimizin ən gözəl yerlərindən birində böyük zövqlə və böyük məhəbbətlə tikilibdir. Əlbəttə, “Fairmont” otelinin belə bir yerdə fəaliyyətə başlaması məni sevindirir. Çünki “Fairmont” otellər qrupu dünyanın ən qabaqcıl qruplarından biridir və əminəm ki, Azərbaycanda bu otelin uğurlu fəaliyyəti təmin ediləcək”.

 

Prezident Əliyev yeni otelin açılmasının, eyni zamanda, turizm sektorunun inkişafına da təkan verəcəyini bəyan edib: “Əminəm ki, məhz burada qalmaq üçün turistlər gələcək ki, buranı görsünlər. Çünki “Alov qüllələri” indi dünyada məşhur bir memarlıq abidəsidir. Əminəm ki, burada qalmaq üçün gəlmək istəyənlərin sayı çox olacaq.

 

Turizmin inkişafı Azərbaycanda sürətlə gedir. İldən-ilə turistlərin sayı artır. Şadam ki, təkcə Bakıda deyil, başqa yerlərdə də turizm kompleksləri, həmçinin “Şahdağ” kompleksi açılıb. Bu qış mövsümündə orada artıq beş otel fəaliyyət göstərəcəkdir. Yəni, bu, ölkəmizin ümumi inkişafını göstərir. Ölkəmiz sürətlə inkişaf edir. Bütün sahələr, o cümlədən tikinti, turizm sahələri inkişaf edir. Bir daha demək istəyirəm ki, Azərbaycanda belə möhtəşəm binaların, otellərin tikilməsi və fəaliyyətə başlaması ölkəmizin ümumi inkişafının təzahürüdür”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1834
avatar

Oxşar yazılar