"WUF13  Azərbaycanın şəhərsalma və bərpa modelini dünyaya təqdim etdi" - Anar Quliyev
22 may 2026 13:27 (UTC +04:00)

"WUF13 Azərbaycanın şəhərsalma və bərpa modelini dünyaya təqdim etdi" - Anar Quliyev

0

Bakıda keçirilən Dünya Şəhər Forumu (WUF13) Azərbaycanın dayanıqlı şəhər inkişafı, mənzil siyasəti və azad edilmiş ərazilərin bərpası sahəsindəki təcrübəsinin beynəlxalq səviyyədə təqdimatı üçün mühüm platformaya çevrilib.

Lent.az  xəbər verir ki, bunu Dünya Şəhər Forumunun (WUF13) milli koordinatoru, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev WUF13-ün rəsmi qapanış mətbuat konfransında deyib.

O bildirib ki, forum çərçivəsində Yeni Şəhər Gündəliyinin icrasına həsr olunmuş nazirlər görüşü keçirilib. Görüşdə iştirak edən 111 ölkədən 80-i nazir və ya nazir müavini səviyyəsində təmsil olunub.

Anar Quliyev qeyd edib ki, Azərbaycan hazırda şəhərlərin yenilənməsi, yaşıl infrastrukturun genişləndirilməsi, mənzil şəraitinin yaxşılaşdırılması, iqlim dayanıqlığının artırılması və inklüziv icmaların formalaşdırılması istiqamətində genişmiqyaslı layihələr həyata keçirir.

Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə dünyanın ən iri yenidənqurma proqramlarından biri icra olunur. Böyük Qayıdış Proqramı çərçivəsində ölkənin öz maliyyə resursları hesabına 12 şəhər və 300-dən çox kənd yenidən qurulur.

Komitə sədri əlavə edib ki, WUF13-ün mühüm irslərindən biri Azərbaycanın təşəbbüsü ilə təsis edilən Bakı Şəhər Mükafatı olacaq. UN-Habitat ilə birgə təşkil olunacaq bu mükafat Dünya Şəhər Forumu çərçivəsində təqdim edilən yeganə beynəlxalq mükafat statusuna malik olacaq.

Anar Quliyev həmçinin bildirib ki, Azərbaycan WUF-un gələcək ev sahibi ölkələri üçün təşkilati təlimatların hazırlanması məqsədilə UN-Habitat ilə niyyət məktubu imzalayıb. Onun sözlərinə görə, bu təşəbbüs forumun uzunmüddətli institusional irsinin formalaşdırılmasına xidmət edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 130

Oxşar yazılar