“Translogistica Caspian” Sərgisi: nəqliyyat, tranzit və logistika sahələrində yeni həllər və innovasiyalar
31 may 2024 18:15 (UTC +04:00)

“Translogistica Caspian” Sərgisi: nəqliyyat, tranzit və logistika sahələrində yeni həllər və innovasiyalar

4-6 iyun tarixlərində Azərbaycanda region üçün mühüm əhəmiyyət daşıyan tədbir - 21-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika “Translogistica Caspian” Sərgisi təşkil ediləcəkdir. Bakı Enerji Həftəsi ilə eyni tarixlərə təsadüf edən sərgi Bakı Ekspo Mərkəzində keçiriləcəkdir.

“TransLogistica Caspian” sərgisinə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), “TRACECA” Hökumətlərarası Komissiyasının Daimi Katibliyi və Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA) tərəfindən dəstək göstərilir. Sərginin qızıl sponsoru qismində “Railgo” şirkəti çıxış edir.

Avropa və Asiyanın kəsişməsində strateji mövqedə yerləşən Azərbaycan, nəqliyyat qovşağı kimi böyük əhəmiyyət daşıyır. Əsrlər boyu ölkə bir çox vacib nəqliyyat və logistika yollarının birləşdirilməsində körpü rolunu oynamışdır. Ənənəvi “Translogistica Caspian” sərgisi isə artıq uzun illərdir ki, nəqliyyat və logistika sektorunun əsas istiqamətlərini diqqət mərkəzində saxlayaraq, ölkənin nəqliyyat qovşağı kimi mühüm rolunu bir daha vurğulayır.

Üç günlük sərgidə Azərbaycanla yanaşı Almaniya, Amerika Birləşmiş Ştatları, Fransa, Qazaxıstan, İsveçrə, Latviya, Rusiya Federasiyası, Türkiyə və Ukraynadan olan şirkətlər iştirak edəcəklər. 2023-cü ildə uğurla təşkil edilmiş sərgiyə maraq artmışdır və bunun davamı olaraq, bu ilki iştirakçı ölkələr sırasına Almaniya, Amerika Birləşmiş Ştatları və Latviya kimi ölkələri təmsil edən şirkətlər də daxil olmuşdur.

“TransLogistica Caspian” sərgisi nəqliyyat sektorunun bir çox sahələrini birləşdirən səmərəli platformadır. Ənənəvi olaraq bu ilki tədbirdə də aviasiya, dəmiryol infrastukturu, dənizçilik sənayesi, kommersiya nəqliyyatı və nəqliyyat-logistika xidmətləri kimi nəqliyyat sektorlarının əsas istiqamətləri müzakirə olunacaq. Bununla yanaşı, sərgi bir sıra yeni istiqamətləri əhatə edəcəkdir. Logistika proseslərinin optimallaşdırılması, orta və böyük biznes üçün proqram təminatının hazırlanması və İT həllərin tətbiqi, eləcə də təchizat zəncirinin idarə edilməsi proseslərinin avtomatlaşdırılması üçün proqram təminatının hazırlanması kimi mövzular, şübhəsiz, yeni və faydalı müzakirələrə yol açaqdır.

Diqqət çəkən məqamlardan biri də tədbirdə kommersiya şirkətləri ilə yanaşı dövlət strukturlarının da iştirak etməsidir. Sərgi həm Azərbaycanın, həm də region ölkələrinin dövlət nəqliyyat strukturlarını təmsil edən rəhbər və mütəxəssislərlə görüşmək, eləcə də nəqliyyat texnologiyalarının ən son nümunələrini nümayiş etdirmək, perspektiv dövlət infrastruktur layihələri ilə tanış olmaq, yeni əməkdaşlıqlara imza atmaq, yeni şirkətlərin fəaliyyəti ilə tanış olmaq, potensial müştərilərə çıxış əldə etmək və digər çoxsaylı unikal imkanlar yaradır.

Sərgi çərçivəsində faydalı işgüzar proqram təşkil ediləcək, yerli və xarici şirkətlərin iştirakı ilə “B2B” və “B2G” formatlı görüşlər, müxtəlif tematik tədbirlər və müzakirələr baş tutacaqdır. Tədbir zamanı "Sürətli və təhlükəsiz logistikada rəqəmsal gömrük dəstək mexanizmləri", “İrəliyə doğru yol açmaq: eko-avtomobilin gələcəyi və Azərbaycanda elektromobillərin artan populyarlığı”, “Radioaktiv maddələrin  nəqli zamanı radiasiya təhlükəsizliyinin təmin edilməsi”, “Orta Dəhliz: perspektivlər və çağırışlar” və s. mövzularda panel diskussiyaları keçiriləcəkdir.

Azərbaycanın nəqliyyat qovşağı kimi rolunu müəyyən edən bir sıra əsas aspektlər sərginin aktuallığını daha da artırır. Belə ki, Azərbaycan Qafqaz dağları ilə Xəzər dənizinin kəsişməsində yerləşərək, Avropa və Asiya arasında nəqliyyat marşrutları üçün mühüm mərkəzə çevrilib. Eləcə də, Azərbaycan Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin əsas hissəsi olmaqla, Çin və Avropa arasında məhsulların Xəzər dənizi vasitəsilə daşınmasını təmin edir. Ölkə dəmir yolu infrastrukturunu, o cümlədən onu qonşu ölkələrlə birləşdirən avtomobil yollarını inkişaf etdirir, səmərəli yük tranzitini təmin edir. Azərbaycanın Xəzər dənizində inkişaf etmiş limanları vardır ki, bu da ona dəniz marşrutlarına xidmət göstərməyə və regionlar arasında tranziti təmin etməyə imkan verir. Bununla yanaşı, ölkə yeni yolların tikintisi, limanların genişləndirilməsi və dəmir yolu sisteminin təkmilləşdirilməsi kimi nəqliyyat infrastrukturunun inkişafı layihələrinə fəal şəkildə sərmayə qoyur. Ən başlıcası isə Azərbaycan neft və qaz ölkəsi kimi öz enerji ehtiyatları sayəsində enerji tranziti üçün inkişaf etmiş infrastruktura malikdir. Bu mənada “TransLogistica Caspian” sərgisinin 29-cu Beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil&Gas”, 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji “Caspian Power” Sərgiləri və 29-cu Bakı Enerji Forumunu özündə birləşdirən Bakı Enerji Həftəsi ilə paralel təşkili iştirakçı şirkətlər üçün geniş perspektivlərə və potensial əməkdaşlıq imkanlarına yol açır.

Tədbirin təşkilatçısı “Caspian Event Organisers” şirkəti və onun beynəlxalq tərəfdaşları olan “ICA Events” və “CEM FZ LLC” şirkətləridir. Rəsmi tərəfdaşlar qismində “AzExpoMontage” MMC, “Caspian Freight Services”, “Atəşgah" Sığorta, "Hyatt Regency Baku", "Ibis Baku City", "Radisson Hotel Baku", "Lilac" və "Greenwich Travel Club" şirkətləri çıxış edir.

“TransLogistica Caspian” sərgisi haqqında ətraflı məlumatı https://translogistica.az saytından və sosial şəbəkə hesablarından əldə etmək mümkündür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1761
avatar

Oxşar yazılar