Sabit şəbəkə telefonlarından istifadəyə görə aylıq abunə haqqı və şəhərlərarası telefon danışıq tarifləri yenilənib.
Lent.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, Azərbaycanda sözügedən xidmətlərlə bağlı mövcud tariflər.2013-cü il fevralın 12-də qüvvəyə minib və sabit şəbəkə telefonlarından istifadəyə görə aylıq abunə haqqı əhali üçün 2,5 manat təşkil edib. Xidmət operatorlarının məlumatlarına əsasən hazırda bir abunəçiyə düşən xərc ƏDV daxil olmaqla 3,96 manat səviyyəsindədir.
Dünya təcrübəsinə nəzər saldıqda əhali üçün sabit şəbəkə telefonlarından istifadəyə görə aylıq abunə haqqının Ukraynada 9,5 manat, Rusiyada 12,7 manat, Türkiyədə 15,3 manat olduğunu görmək olar. Həmçinin Azərbaycan telekommunikasiya bazarında, ümumilikdə 10 milyondan çox müştəri bazasına sahib olan mobil operatorlar üzrə aylıq orta abunə haqqı 10 manatdan 18 manata qədər dəyişir, 1 dəqiqə şəbəkədaxili danışıq üçün tarif isə 2 qəpikdən 9 qəpiyə qədərdir.
Onu da qeyd edək ki, dünyada baş verən tendensiyalara uyğun olaraq, internet vasitəsi ilə əlaqələrin artması fonunda beynəlxalq giriş və çıxış telefon trafikinin həcmi ildən-ilə aşağı düşür ki, bu da öz növbəsində rabitə sahəsində xidmət göstərən müəssisələrin fəaliyyətinə mənfi təsir edir.
Ölkədə həm sabit şəbəkə abunəçilərinə keyfiyyətli rabitə xidmətlərinin göstərilməsi, həm də mövcud ADSL (Asimmetrik rəqəmsal abunəçi xətti) telekommunikasiya avadanlıqlarının müasir GPON (Gigabit tutumlu passiv optik şəbəkə) və digər genişzolaqlı texnologiyalar ilə əvəz edilməsi məqsədilə kapital qoyuluşu nəzərdə tutulur. Bu layihənin 2021 – 2024-cü illər ərzində reallaşdırılması nəticəsində ölkə ərazisinin tamamilə genişzolaqlı şəbəkə ilə təchiz edilməsi sürətli internet və keyfiyyətli danışıq xidməti ilə bərabər, həm də digər xidmətləri paket şəklində təqdim etməyə imkan yaradacaq.
Yeni tariflərin tətbiqi mövcud tariflərin maya dəyərinə mərhələli şəkildə uyğunlaşdırılmasına, təsərrüfat subyektlərinin investisiya qoyuluşu imkanlarının genişlənməsinə, beynəlxalq və şəhərlərarası trafik mübadiləsindən gəlirlərin azalmasının kompensasiyasına imkan verəcək.
Qeyd olunanları nəzərə alaraq rabitə xidmətlərinin keyfiyyətinin artırılması, işçilərin əmək şəraitinin yaxşılaşdırılması və investisiya imkanlarının yaradılması məqsədilə sabit şəbəkə telefonlarından istifadəyə görə aylıq abunə haqqı və şəhərlərarası telefon rabitəsi xidmətlərinin tariflərinə yenidən baxılmasına zərurət yaranıb. Bununla əlaqədar olaraq Azərbaycan Tarif (qiymət) Şurasının oktyabrın 26-dakı iclasında sabit şəbəkə telefonlarından istifadəyə görə aylıq abunə haqqının əhali üçün 2,5 manatdan 3,5 manata (ƏDV daxil olmaqla) artırılması, şəhərlərarası telefon danışıqları üzrə tarifin 5 qəpikdən 3 qəpiyə endirilməsi məqsədəuyğun hesab edilib.
Qərar 2022-ci il noyabrın 1-dən qüvvəyə minir.
***
16:51
Bu gün Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib və müvafiq qərarlar qəbul edilib.
Lent.az xəbər verir ki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti internet, xüsusi radiorabitə, “AzStateNet” fiber optik şəbəkəsindən istifadə və digər xidmətlər üzrə tariflərə baxılması ilə bağlı Şuraya müraciət edib. Müraciətdə dövlət qurumlarının etibarlı rabitə ilə təmin edilməsi üçün yeni xidmətlərin yaranmasına və onlara çəkilən xərclər nəzərə alınmaqla tarif tənzimlənməsinə zərurət yarandığı bildirilir. Məlumat üçün qeyd edək ki, xidmətlə bağlı son tarif tənzimləməsi 2011-ci il noyabrın 24-də keçirilib.
Tarif (qiymət) Şurasının iclasında təklif olunan tariflərin qəbul olunması məqsədəuyğun hesab edilib. Qeyd edək ki, bu xidmətlər yalnız dövlət orqanlarına göstərildiyi üçün bu tariflər əhaliyə və sahibkarlıq subyektlərinə şamil edilmir.
Bundan başqa, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi sabit şəbəkə telefonlarından istifadəyə görə aylıq abunə haqqının və şəhərlərarası telefon rabitəsi xidmətlərinin tariflərinin tənzimlənməsi ilə bağlı Şuraya müraciət edib.
Müraciətdə qeyd edilir ki, dünyada baş verən tendensiyalara uyğun olaraq, internet vasitəsi ilə əlaqələrin artması fonunda beynəlxalq giriş və çıxış telefon trafikinin həcmi ildən-ilə azalır. Xidmətlərlə bağlı 02.12.2013-cü il tarixində həyata keçirilmiş son tarif tənzimlənməsindən sonra trafik daha da azalıb ki, bu da müəssisələrin maliyyə fəaliyyətinə təsir edib. Bu baxımdan, keyfiyyətli rabitə xidmətlərinin göstərilməsi, əməkhaqlarının artırılması və xərclərin qarşılanması məqsədilə tariflərə yenidən baxılmasına zərurət yaranıb.
Müzakirələrdən sonra sabit şəbəkə telefonlarından istifadəyə görə aylıq abunə haqqının əhali üçün 2,5 manatdan 3,5 manata (ƏDV daxil olmaqla) artırılması, şəhərlərarası telefon danışıqları üzrə tarifin 5 qəpikdən 3 qəpiyə endirilməsi barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təklifinin qəbul edilməsi qərara alınıb.
Qeyd olunan hər iki Qərar 1 noyabr 2022-ci il tarixindən qüvvəyə minir.
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 26 avqust tarixli Fərmanına əsasən, radiotezliklərdən istifadə üzrə tariflərin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyənləşdirildiyi nəzərə alınaraq, Tarif (qiymət) Şurasının “Radiotezliklərin qeydiyyatı, elektromaqnit uzlaşmasının təmini və istismarına nəzarət tarifləri” barədə 2004-cü il 23 iyul tarixli qərarı ləğv olunub.
Tarif (qiymət) Şurasının iclasında, həmçinin yeni dövlət qeydiyyatına alınan 76 dərman vasitəsinin qiyməti də təsdiq edilib. Bununla da, ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, qiyməti təsdiq edilmiş dərman vasitələrinin sayı 13 493 təşkil edir və onların tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində (http://tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib.
Qərarlarla Tarif (qiymət) Şurasının rəsmi saytının (www.tariff.gov.az) “Şuranın qərarları” bölməsində tanış olmaq olar.