Yer kürəsinin  ən nadir   ayısı -  VİDEO
01 avqust 2025 18:55 (UTC +04:00)

Yer kürəsinin ən nadir ayısı - VİDEO

Bu ayı növünün nümayəndələri ekstremal şəraitdə yaşamağa uyğunlaşıblar. Qobi ayısı Yer kürəsindəki səkkiz ayı növü arasında ən həssas və yox olmaq üzrə olan heyvanlardan biri sayılır.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, bu nadir növ Monqolustandakı Qobi səhrasının sərt və dəyişkən hava şəraitinə, həmçinin son dərəcə məhdud su mənbələrinə uyğunlaşa bilib.

Alimlərin hesablamalarına görə, hazırda dünyada cəmi 40-a yaxın Qobi ayısı qalıb. Buna görə də çəkiliş qrupunun son uğuru həqiqətən sensasiya sayılır.

İki Qobi ayısı və bir balası 

Sənədli "Vahşi Təbiət" serialı üzərində işləyən komanda, Monqolustanın Qobi səhrasında əlçatmaz ərazilərdə fototələ kameraları quraşdırıb. Məqsəd bu son dərəcə nadir heyvanı görüntüləmək idi. Səylər nəticə verib: kameralar yalnız bir yox, iki Qobi ayısını, həmçinin bir bala ayını qeydə alıb. Bu isə nəsli kəsilməkdə olan bu növün yaşamaq ümidi verdiyini göstərir.

Qobi ayısı haqqında məlumat

Qalan Qobi ayıları (elmi adı: Ursus arctos gobiensis) qəhvəyi ayının bir yarımnövüdür və Monqolustanın cənub-qərbində, Qobi səhrasında yaşayır.
Yerli sakinlər onları “Mazaalay” adlandırırlar. Bu ayılar dünyada səhrada yaşamağa uyğunlaşmış yeganə ayı növüdür. Əsas populyasiya Böyük Qobi Sərt Qorunan Ərazi (GGSPA) adlanan ərazidəki üç oazis ətrafında cəmlənib. Bu qoruq 1976-cı ildə yaradılıb və məqsəd unikal flora və faunanı qorumaqdır.

Onların qidası da qeyri-adidir

Tədqiqatçıların məlumatına görə, Qobi ayılarının qidalanma rejimi olduqca qeyri-adi görünür. Onlar iri ölçülü hər şeyyeyən heyvan olsalar da, əsasən vəhşi rəndə (ravend), taxıllar və yabanı soğanaq ilə qidalanırlar. Heyvani mənşəli qidalar onların rasionunun cəmi 1 faizini təşkil edir.

160 kilometrlik səhrada su axtarışı

Alimlərin daha əvvəlki müşahidələrinə əsasən, Qobi ayısı 160 kilometrlik məsafəni su tapmaq üçün qət etməli olub.

Devid Attenboro bildirib ki, Qobi səhrasının sərt iqlimi bu ayıları Yer üzündəki ən dözümlü heyvanlar sırasına daxil edib – onlar sağ qalmaq üçün hər gün maksimum güc sərf etməli olurlar.

Qeyd edək ki, “Qobi” sözü monqol dilində “susuz yer” mənasını verir. Bu isə bu ayı növünün əsas problemini izah edir – su mənbələri bəzən bir-birindən yüzlərlə kilometr uzaqda yerləşir. Təbiətin nadir möcüzəsi olan Qobi ayıları hələ də mövcudluqlarını qoruyub saxlayırlar və onları yaşatmaq üçün elmi və ekoloji səylər getdikcə daha vacib hala gəlir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 921

Oxşar yazılar