Lider mobil operator ISO 10002:2018 Keyfiyyətin İdarə Olunması /Müştəri Məmnuniyyəti /Müəssisələrdə Şikayətlərə Baxılması standartına uyğunluq sertifikatı əldə edib
Abunəçilərinə ən yaxşı müştəri təcrübəsi təqdim etməyi hədəfləyən “Azercell Telekom” MMC növbəti dəfə ISO 10002:2018 Keyfiyyətin İdarə Olunması /Müştəri Məmnuniyyəti /Müəssisələrdə Şikayətlərə Baxılması standartına uyğunluq üzrə resertifikasiya mərhələsindən müvəffəqiyyətlə keçib. Keyfiyyət auditi “TÜV AUSTRIA AZƏRBAYCAN” MMC tərəfindən aparılıb.
Standart müştəri şikayətlərinin qeydə alınması, vaxtlı-vaxtında cavablandırılması və həll olunması prosesini qiymətləndirir. Uyğunluq sertifikatı müştərilər tərəfindən irəli sürülən bütün təklif və şərhlərin diqqətlə araşdırılmasını, eləcə də şikayətlərə baxılması prosesinin davamlı təhlilini təmin edən şirkətlərə verilir. Həmçinin müştərilərlə iş üzrə cavabdeh olan əməkdaşların professional inkişafı üçün lazımi şəraitin yaradılması da diqqət mərkəzində saxlanılır.
Azercell ilk dəfə bu sertifikatı 2011-ci ildə əldə edib. Xatırladaq ki, məhz Azercell ölkədə birinci 24/7 rejimində fəaliyyət göstərən Telefon Mərkəzini və onlayn müştəri xidmətlərini işə salıb. Abunəçilərinə rəqəmsal kanallar vasitəsilə də fasiləsiz xidmət göstərən lider mobil operator Facebook, Instagram, Twitter, LinkedIn və YouTube platformaları üzərindən də müştəri sorğularını cavablayır.
Eyni zamanda, ötən il şirkət müştəri xidmətləri sahəsində önəmli texnoloji yeniliyə də imza atıb. Azərbaycan dilində tam spektr xidməti göstərən süni zəka əsaslı ilk virtual assistenti – “Aicell”i istifadəyə verən Azercell abunəçi sorğularının daha operativ şəkildə emal edilməsinə nail olub.