Azərbaycan bərpa olunan enerji sahəsində sürətlə irəliləyir.
"APA-Economics” xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyası (WUF13) çərçivəsində nazirlərin toplantısı zamanı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.
O qeyd edib ki, 2025-ci ildə Azərbaycan və BƏƏ arasında Qarabağda 240 MVt gücündə günəş elektrik stansiyalarının tikintisi ilə bağlı saziş imzalanıb:
“Masdar ilə tərəfdaşlıq çərçivəsində həyata keçirilən Qarabağ Günəş Elektrik Stansiyasının ildə təxminən 250 milyon kVt/saat enerji istehsal edəcəyi gözlənilir.
Bundan əlavə, ADPower tərəfindən həyata keçirilən Xızı-Abşeron Külək Elektrik Stansiyası regionun ən böyük külək enerjisi layihəsinə çevriləcək.
Bu təşəbbüslərin nəticəsində Azərbaycanda bərpa olunan enerjinin ümumi enerji balansındakı payının 13%-dən təxminən 38%-ə yüksəlməsi gözlənilir”.
Anar Quliyev bildirib ki, Azərbaycan həmçinin Birləşmiş Ərəb Əmirlikləri, İrlandiya və digər tərəfdaşlarla birlikdə dayanıqlı bərpa və yenidənqurma üzrə beynəlxalq standartların təşviqinə yönəlmiş təşəbbüslərin başlanmasına dəstək verir.