Asiyanın ən varlı adamı, hindistanlı milyarder Qautama Adaninin sahibi olduğu “Adani Group”un səhmlərinin ucuzlaşması üç gündə 72 milyard dollara çatıb.
Lent.az bildirir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Yanvarın 30-da keçirilən ticarət zamanı “Adani Total Gas”ın dəyəri 20 faiz, “Adani Transmission”un dəyəri isə 15 faiz ucuzlaşıb. Ən böyük holdinq şirkəti “Adani Enterprises”in səhmlərinin qiyməti iki faiz azalıb, agentlik qeyd edib, lakin xəbər yazılan zamanı o, demək olar ki, dörd faiz artıb.
“Adani Group”un səhmləri “Hindenburg Research” investisiya araşdırma qrupunun holdinqdəki vəziyyəti tənqid edən hesabatının yanvarın 24-də dərc olunmasından sonra düşməyə başlayıb. Analitiklər Adaninin şirkətlərinin fəaliyyətində şübhəli təcrübələr və maliyyə saxtakarlığı əlamətləri aşkar ediblər.
“Bloomberg Billionaires Index”ə görə, səhm qiymətlərinin çökməsi milyarderin 20 milyard dollardan çox sərvət itirməsi ilə nəticələnib.
Eyni zamanda, “Adani Group” “Hindenburg Research”i "qiymətli kağızlar fırıldaqçılığı"nda ittiham edərək 413 səhifəlik xüsusi hesabatda analitiklərin nəticələrini təkzib edib. Lakin analitiklər Adaninin cavabını inandırıcı saymayıblar. “Hindenburq” vurğulayıb ki, “Adani Group” onların əsas iddialarının hamısına məhəl qoymayıb və hesabatda yer alan 88 sualdan 62-nə konkret cavab verməyib.