"Azərbaycan əsgəri döyüş şəraitinə tam nəzarət edir və irəliləyir".
Lent.az məlumat verir ki, bu barədə deputat, iqtisadçı-alim Vüqar Bayramov bildirib. O qeyd edib ki, Azərbaycanın şanlı ordusu torpaqlarımızı işğaldan azad etməsinin həmçinin iqtisadi inkişaf, məşğulluğun təmini, yeni iş yerlərinin yaradılması kimi müsbət təsirləri olacaq:
"İşğaldan azad olunacaq torpaqlarımız Azərbaycan iqtisadiyyatında xüsusi paya malik olacaq. Əsasən Yuxarı Qarabağ iqtisadi rayonunun ərazisinə düşən rayon və şəhərlərimiz bərpadan sonra kifayət qədər iqtisadi potensiallı hesab olunurlar. Sözügedən iqtisadi rayona Xankəndi şəhərini, Ağdam, Cəbrayıl, Füzuli, Xocavənd, Xocalı, Şuşa və Tərtər rayonlarını daxildir. Ümumi sahəsi 7248 km2 olan bu iqtisadi rayon ölkə ərazisinin 8,4%-ni təşkil edir.
İqtisadi rayon polimetal filizləri, tikinti materialları (mərmər, sement xammalı, əhəng daşı), mineral bulaqlar ilə zəngin iqtisadi rayon yüksək sənaye və kənd təsərrüfatı potensialına malikdir. Eyni zamanda, işğaldan azad olunandan sonra həmin ərazilərin yüksə turizm potensialı da var.
Bütövlükdə, inşallah ərazi bütövlüyümüz tam bərpa olunduqdan sonra Yuxarı Qarabağ iqtisadi rayonu Azərbaycanda iqtisadi inkişafa xüsusi töhvə verəcək".