Korona-bəlaya qarşı Azərbaycan modeli: Ölkə iqtisadiyyatı post-pandemiyaya dövrünə belə hazırıdır!
15 iyul 2020 17:34 (UTC +04:00)

Korona-bəlaya qarşı Azərbaycan modeli: Ölkə iqtisadiyyatı post-pandemiyaya dövrünə belə hazırıdır!

Azərbaycanda COVİD-19 yeni növ koronavirusa yoluxma hallarının sürətlə artması hökuməti zəruri addımlar atmaq məcburiyyəti qarşısında qoydu. Bununla da sərtləşdirilmiş karantin rejimi daha 2 həftə müddətinə uzadıldı. Əslində, bu səbəbsiz də deyildi. Çünki Operativ Qərargahın üzvləri virusun yayılma dinamikası, yoluxma hallarının artmasına imkan yaradan amillər üzrə təhlillər aparmışdı. Aparılan təhlillərin nəticələri və real mənzərə sərtləşdirilmiş karantin rejiminin uzadılacağını da  təxmin edirdi.

Azərbaycanda koronavirusa qarşı mübarizənin ilk günlərindən vəziyyət Nazirlər Kabinetinin yanında Operativ Qərargah tərəfindən nəzarətə götürüldü və sistemli tədbirlərin həyata keçirilməsinə başlanıldı. Xüsusi xəstəxanaların müəyyənləşdirilməsi və onların texniki təminatı, yeni xəstəxanaların açılması, modul tipli xəstəxanaların quraşdırılması, yeni laboratoriyaların alınması, dünya ölkələri arasında kəskin mübarizə şəraitində süni nəfəs aparatlarının alınması və ölkəyə gətirilməsi, testlər, dərman preparatları ilə təchizat və zəruri olan digər məsələlər ən qısa zamanda həll edildi. Xaricdə olan 20 mindən artıq vətəndaş ölkəyə gətirildi, 4-5 ulduzlu otellərdə karantin təşkil edildi. Keçirilmiş testlərin sayına görə, Azərbaycan dünyada öncüllər sırasındadır. Məhz bu tədbirlərin nəticəsidir ki, dünyanın ən inkişaf etmiş ölkələrində yaranmış acınacaqlı vəziyyət Azərbaycanda müşahidə olunmadı.  Bu gün istər yoluxma, istərsə də vəfat edənlərin sayına görə Azərbaycan ən yaxşı nəticələr nümayiş etdirir. Ölkəmizin bu istiqamətdə gördüyü işlər dəfələrlə ÜST, ayrı-ayrı beynəlxalq qurumlar, dövlət və hökumət başçıları tərəfindən xüsusi qeyd olunur.

Əhalinin sosial təminatı, iqtisadiyyatın dayanıqlığının təmin edilməsi, sahibkarlara yardım məqsədilə milyardlarla vəsait ayrılıb.

İndi bütün dünya pandemiya ilə mübarizə aparır, iqtisadi tənəzzülün qarşısının alınması, böhranın daha da dərinləşməməsi üçün çoxsaylı tədbirlər həyata keçirir. Elə Azərbaycan da istisna deyil.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru Vüsal Qasımlının dediyinə görə, Prezident İlham Əliyevin hökumətin qarşısına qoyduğu bütün istiqamətlərdə qənaətbəxş nəticələr var: “Makroiqtisadi sabitliyin qorunması, COVİD-19-un yayılma sürətinin nəzarətdə saxlanılması, iş yerlərinin saxlanılması, pandemiyanın sosial təsirlərinin azaldılması, korrupsiya və kölgə iqtisadiyyatı ilə mübarizənin gücləndirilməsi, su resurslarının səmərəli idarəedilməsi, ərzaq təhlükəsizliyi və rəqabətqabiliyyəti arasında balansın qurulması, sahibkarlığın dəstəklənməsi sahələrində sistemli işlər aparılıb”.

  

Məlumata görə, pandemiya əleyhinə tədbirlərin maliyyə tutumu 3,5 milyard manata çatmaqla, ÜDM-in 4,3 faizini təşkil edir. Qlobal şokların, OPEC+ öhdəliyinə uyğun neft hasilatının azalmasının və pandemiyanın təsiri altında Azərbaycanda bu ilin ilk 6 ayında ÜDM 2,7 faiz düşsə də, qeyri-neft-qaz sənayesi 11,2 faiz, bitkiçilik 1,1 faiz, heyvandarlıq 3,2 faiz, informasiya və rabitə xidmətləri isə 4,4 faiz artıb. Təqdirəlayiq haldır ki, Azərbaycanda mədənçıxarma sənayesində azalma qeydə alınsa da, emal sənayesi və elektrik enerjisi sənayesində artım var. Beləliklə, bir tərəfdən ölkədə sənaye həcmi artır, digər tərəfdən isə sənayenin strukturu xammaldan hazır məhsullara doğru yerdəyişmə edir.

 

Emal sənayesində artım əsasən əczaçılıq, avtomobil, qoşqu və yarımqoşqular, metallurgiya, kompüter, elektron və optik məhsullar, kimya sənayesi, rezin və plastik kütlə məmulatlarının istehsalı sahəsində olub. Əvvəlcədən də gözlənildiyi kimi, pandemiyanın təsiri altında ictimai iaşə, nəqliyyat, logistika, turizm və tikinti kimi sahələrdə geriləmə qaçılmaz olub. Məsələn, bu ilin yanvar-iyun aylarında Azərbaycana dünyanın 152 ölkəsindən 590,1 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,4 dəfə az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Bir maraqlı fakt: Azərbaycanın liderlik etdiyi regional layihələr hətta pandemiya şəraitində belə töhfələr verir. Məsələn, Bakı-Tbilisi-Qars dəmir yolu ilə bu ilin ilk yarısında daşınmış yüklərin həcmi 3,7 dəfə artıb. “Şərq-Qərb” nəqliyyat dəhlizi ilə bu ilin ilk dörd ayı ərzində 3 milyon ton, Şimal-Cənub nəqliyyat dəhlizi 800 min ton yük daşınıb.



BVF-nin proqnozlarına əsasən, bu il dünyada dövlət borcu ötən illə müqayisədə 19 faiz artaraq ÜDM-in 101 faizini keçəcək. Müqayisə üçün bu göstərici Azərbaycanda orta dünya səviyyəsindən beş dəfə aşağıdır. Azərbaycan COVİD-19 pandemiyası ilə mübarizədə daha çox daxili resurslarına əsaslanır və xarici borclanmaya üstünlük vermir. “Moody`s” beynəlxalq reytinq agentliyi Azərbaycanda makroiqtisadi dayanılığın əsas qarantı kimi ölkənin valyuta rezervlərini göstərir. Bu il ölkənin sosial-iqtisadi inkişaf proqnozlarında neftin qiyməti hər barel üçün 55 dollar nəzərdə tutulduğu halda, bu ilin ilk altı ayı ərzində neftin orta qiyməti 38 dollar olub. Buna baxmayaraq, ilin əvvəlindən Azərbaycanın valyuta ehtiyatlarının azalması 100 milyon dollara çatmayıb.



Pandemiya şəraitində dövlət büdcəsi hesabına sosial layihəyələr daha da genişləndirilib və ilk 6 ayda sosial xərclər 5 milyard manata yaxınlaşmaqla, ilk dəfə büdcənin 42,5 faizini təşkil edib. Məsələn, bu il rekord sayda - 7 min köçkün və 1500 şəhid ailəsinə yeni mənzillər veriləcək, özünüməşğulluq rekord həddə - 12 min ailəni əhatə edəcək, ödənişli ictimai işlər ilk dəfə olaraq 90 minə çatdırılacaq, ünvanlı sosial yardım alanların sayı 85 min ailəyə və ya 300 mindən çox insana çatacaq.

 

Hər zaman olduğu kimi pandemiya dövründə də vətəndaşların sosial rifahı cənab Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tərəfindən əsas diqqət ayrılan məsələ olub. Məhz bu dönəmdə əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə 4,8 milyon insanı əhatə edən və cari il üçün müvafiq istiqamətdə həyata keçirilən tədbirlərə ayrılan vəsaitə əlavə olaraq 600 milyon manatlıq paket təqdim olunub. Vətəndaşların sosial rifahının yaxşılaşdırlması məqsədilə həyata keçirilən tədbirləri 4 əsas istiqamət üzrə qruplaşdırmaq olar: Əmək müqaviləsi ilə işləyən şəxslərin iş yerlərinin qorunması; İşsiz və qeyri-formal işləyən vətəndaşların sosial rifahının yaxşılaşdırılması; Özünüməşğulluq proqramı çərçivəsində dəstəyin göstərilməsi; Sosial layihələrin əhatə dairəsinin genişləndirilməsi.

 

Vüsal Qasımlının dediyinə görə, Azərbaycanı post-pandemiya dövrü də gözləyir. Və artıq dövlətin post-pandemiya dövründə iqtisadi artımın yeni modeli tətbiq edəcəyi məlumdur.

Direktorun dediyinə görə, dövlətin iqtisadi siyasətinin əsas prioritetləri bunlar olacaq: tikinti, dağ-mədən sənayesi, neft-kimya sənayesi, rəqəmsal iqtisadiyyat, nəqliyyat, ticarət, logistika, telekommunikasiya, daxili turizm, kənd təsərrüfatı və emal sənayesi.

Bu məqsədlə, Dövlət İnvestisiya Holdinqi yaradılacaq. Yeni özəlləşdirmə proqramı hazırlanacaq.

Tikinti sektorunda strateji layihələrin işlənməsi və həyata keçirilməsinin yeni mexanizminin yaradılması məqsədilə şəhərlərin və regionların inkişafının sürətləndirilməsi üçün Azərbaycan İnşaat Korporasiyası yaradılacaq. Bu Korporasiya yeni layihələrin işlənməsini, investorların cəlb edilməsini və pilot layihənin həyata keçirilməsini təmin edəcək.

Burda bir məqama diqqət yetirək; Azərbaycanın korona-böhranla mübarizə büdcəsi ümumilikdə 3 milyard manata, başqa sözlə, dövlət büdcəsi gəlirlərinin 12,3 faizinə bərabərdir. Postsovet məkanında böhran səbəbindən devalvasiyaya uğramayan yeganə valyuta olan manatın sabitliyi üçün təkcə bu ilin mart ayında Dövlət Neft Fondu tərəfindən 1 milyard 928,3 milyon ABŞ dolları məbləğində vəsait satılıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan postsovet məkanında korona-böhranla mübarizəyə ÜDM-in ən böyük hissəsini ayırmış ölkədir. Məqsəd isə budur: ölkəmizi post-korona dövründə daha əlverişli mövqelərə çıxarmaq.

Və biz buna nail olacağıq! Çünki BİZ bir yerdə güclüyük!

Səbuhi Məmmədli, Lent.az

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3196
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar