Fərqlənmə nişanı olmadan sərnişin daşınması ilə bağlı yüzlərlə fakt aşkarlanıb
21 aprel 2011 23:06 (UTC +04:00)

Fərqlənmə nişanı olmadan sərnişin daşınması ilə bağlı yüzlərlə fakt aşkarlanıb

Bu ilin birinci rübü ərzində əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, nəzarət-kassa aparatlarından istifadə, vergi orqanlarında uçota durmadan fəaliyyət göstərən ödəyicilərin aşkar edilməsi, valyuta sərvətlərinin ödəniş vasitəsi olaraq qəbul edilməsi kimi operativ nəzarətin əhatə funksiyalarına daxil olan məsələlər üzrə keçirilmiş operativ nəzarət tədbirləri zamanı 14 min 631 vergi ödəyicisi tərəfindən qanunvericiliyin pozulması faktları aşkar edilib və müvafiq tədbirlər görülüb.
Lent.az-ın Vergilər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, 4 min 874 vergi ödəyicisi tərəfindən nağd hesablaşmaların aparılması qaydalarının pozulması, 1 601 vergi ödəyicisi tərəfindən valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi və valyuta sərvətlərinin ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla alınıb-satılması və ya dəyişdirilməsi faktları aşkarlanıb.
Keçirilən tədbirlər zamanı vergi orqanlarında uçota durmadan fəaliyyət göstərən 906 vergi ödəyicisi aşkar edilib, 1079 vergi ödəyicisinin xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) almadan məşğul olması faktları müəyyənləşdirilib. Vergi orqanlarının həyata keçirdiyi operativ nəzarət tədbirləri zamanı 1568 vergi ödəyicisi tərəfindən 1576 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb edilməsi, 431 vergi ödəyicisi tərəfindən fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşınması faktları aşkar olunub.
Aksiz markalarının tətbiqi vəziyyətinə nəzarət məqsədilə keçirilən tədbirlər zamanı 4970 vergi ödəyicisində aksiz markaları ilə müvafiq qaydada markalanmamış 2110,35 manat dəyərində 176 ədəd mal aşkar edilib.
# 822

Oxşar yazılar