Mənzillər icbari sığortalanacaq
21 aprel 2011 14:35 (UTC +04:00)

Mənzillər icbari sığortalanacaq

Layihəyə görə, daşınmaz əmlakın icbari sığortası əmlakın yanğın və digər hadisələr nəticəsində zədələnməsi, məhv olması və ya hər hansı formada itkisi ilə bağlı dəyən zərərin ödənilməsi məqsədi daşıyır.

«APA-ECONOMICS»in məlumatına əsasən, qanun layihəsinə görə, hüquqi və fiziki şəxslərə məxsus tikililər, yaşayış və qeyri-yaşayış sahələri, yaşayış evləri və binalar, mənzillər, eləcə də siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən dövlət əmlakının sığortası icbari olacaq. Ümumiyyətlə, mülkiyyətində hər hansı daşınmaz əmlak olan və ya ona faktiki sahiblik edən şəxslər bu əmlakı sığortalamalı olacaqlar.

Daşınmaz əmlakın icbari sığortası zamanı sığorta hadisəsi sayılacaq hallar adi sığorta xidmətlərində göstəriləndən demək olar ki, fərqlənmir.

Qanunda sığorta və azadolma məbləğləri də müəyyən edilib. Yaşayış evləri və mənzillər üzrə Bakı şəhərində daşınmaz əmlakın icbari sığorta məbləği (ödəniş) 25 min manat, azaldolma məbləği 250 manat, Gəncə, Sumqayıt, Naxçıvanda sığorta məbləği 20 min manat, azadolma 200 manat, digər yaşayış məntəqələrində müvafiq olaraq 15 min manat və 150 manat nəzərdə tutulur.

Tikililər və binalar üzrə sığorta məbləği həmin əmlakın yerləşdiyi ərazidə eyni cür tikilinin və binanın inşasının dəyəri məbləğində sığortalanır. Qeyri-yaşayış sahələrinin sığortasında isə sığopta məbləği əmlakın yerləşdiyi yerdə eyni cür və həmin vəziyyətdə olan əmlakın orta bazar dəyəri məbləğində götürülür. Layihəyə görə, əmlaka dəyən zərərin həcmindən asılı olmayaraq ona görə ödənilən vəsait qanunda göstərilən sığorta məbləğindən artıq olmamalıdır.

Daşınmaz əmlakın icbari sığortası ilə bağlı sığorta haqları isə sığorta nəzarəti orqanı tərəfindən təyin edilən müvafiq tariflərin sığorta məbləğinə tətbiq edilməsi ilə müəyyənləşdirilir.

Xatırladaq ki, hazırda əmlak sığortası ən ucuz sığorta növlərindən sayılır – ölkənin sığorta şirkətlərinin təklif etdiyi könüllü sığorta tariflərinə görə, indi əmlakı bütün əsas risklərdən sığortalamaq üçün onun dəyərinin orta hesabla 0,1%-i qədər sığorta haqqı kifayətdir.

Qeyd edək ki, yeni qanunun tələblərini pozaraq daşınmaz əmlakını sığortalamayanlar gələcəkdə dövlət tərəfindən verilə biləcək kompensasiyanın böyük hissəsindən məhrum olacaqlar. Sənədə görə, əgər əmlak sahibi öz mülkiyyətini sığortalamasa, həmin əmlaka dəymiş zərərə görə dövlətin kompensasiya verməsi qərara alınarsa, ona ödəniləcək kompensasiya dəyən zərərin 20%-dən çox olmayacaq.

Xatırladaq ki, «İcbari sığortalar haqqında» qanun layihəsi artıq parlamentdə I oxunuşdan keçib.
# 944

Oxşar yazılar