Maliyyə Monitorinqi Xidmətinin nümayəndələri Niderlandda olub
30 mart 2011 14:57 (UTC +04:00)

Maliyyə Monitorinqi Xidmətinin nümayəndələri Niderlandda olub

Martın 14-dən 17-dək Niderland Krallığının Aruba vilayətində Eqmont Qrupunun İşçi Alt-qruplarının iclası keçirilib. Təşkilatın Hüquq İşçi Alt-qrupunun iclasının gündəliyinə Azərbaycan Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin Eqmont Qrupuna üzvlüyü məsələsi daxil edilib.

Maliyyə Monitorinqi Xidmətindən Lent.az-a bildiriblər ki, iclasda Azərbaycanı bu qurumun nümayəndə heyəti təmsil edib. İclasında Azərbaycan nümayəndə heyətinin ölkəmizin cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə mübarizə sahəsində nailiyyətləri və Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidmətinin fəaliyyətinə dair təqdimatı keçirilib. Eqmont Qrupuna üzvlük proseduru çərçivəsində mühüm mərhələ olan bu müzakirələrin nəticəsi olaraq Hüquq İşçi Alt-qrupu tərəfindən Maliyyə Monitorinqi Xidmətinin Eqmont Qrupuna üzvlüyünə dair müsbət rəy bildirilib. Mövcud prosedurlara əsasən, Eqmont Qrupuna üzvlüklə bağlı qərar təşkilatın plenar iclasında qəbul edilir. Eqmont Qrupunun növbəti plenar iclasının 2011-ci ilin iyul ayında təşkil ediləcəyi planlaşdırılır.

Maliyyə Monitorinqi Xidmətinin nümayəndə heyəti bu iclas çərçivəsində Eqmont Qrupunun Təlim İşçi Alt-qrupunun iclasında, habelə İşçi Alt-qruplarının ümumi iclasında da iştirak edib. Həmçinin təşkilata üzv ölkələrin nümayəndələri ilə ikitərəfli müzakirələr aparılıb və Eqmont Qrupunun rəhbər şəxsləri ilə görüşlər keçirilib.

Xatırladaq ki, Eqmont Qrupunun əsası 1995-ci ildə maliyyə monitorinqi orqanları arasında beynəlxalq əməkdaşlığı təkmilləşdirmək məqsədilə yaradılıb. Hazırda 120 ölkənin maliyyə monitorinqi orqanı Eqmont Qrupunun üzvüdür. Eqmont Qrupunun əsas məqsədi ilkin inkişaf mərhələsində olan maliyyə monitorinqi orqanlarının təşkilinə yardım göstərilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı məlumat mübadiləsinin həyata keçirilməsi, maliyyə monitorinqi orqanlarının əməkdaşlarının təcrübə və peşəkarlıq səviyyəsinin artırılması məqsədilə təlim seminarlarının keçirilməsindən ibarətdir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 592

Oxşar yazılar