52 rayonda su təchizatı yenidən qurulacaq - ARAŞDIRMA
“İki aydan artıqdır ki, su üzünə həsrətik. Bu boyda kəndin həm içməli, həm də suvarma suyu 3 arteziana baxır, onun da ikisi işləmir”.
Bərdə rayonunun İmamqulubəyli kənd sakini Tamara xala deyir ki, onların həm içməli, həm də suvarma üçün yeganə su mənbəyi artezianlardır. Amma kənddəki artezianların birinin elektrik enerjisinə görə borcu olduğu üçün işlədilməsinə icazə verilmir, ikincisi isə ümumiyyətlə işləmir: “Camaat bir neçə dəfə yığılıb gedib Rayon Su idarəsinə. Orada deyirlər ki, artezianın borcunu yığıb versəniz, gəlib açarıq, amma camaatın imkanı yoxdur, tələb olunan pulu hamı verə bilmir. Xarab olan arteziana isə yaxın duran yoxdur, idarədə deyirlər həmin artezian qaçqınlara aid olduğundan onu “Qaçqınkom” düzəltməlidir. “Qaçqınkom”da isə deyirlər ki, bizim işimiz artezianı qurub istifadəyə verməkdir, bundan sonra onun necə işlədilməsi Su İdarəsinin ixtiyarındadır”.
Təxminən 300 ailənin yaşadığı İmamqulubəyli kəndinin əhalisini narahat edən əsas məsələ bu problemin uzun müddət davam etməsidir. Sakinlər bildirirlər ki, artıq əkin-biçin dövrü başlayır və bundan sonra su qıtlığı məsələsi onların təkcə içməli su təminatına yox, iqtisadi vəziyyətinə daha çox mənfi təsir göstərəcək.
Dünyada həyat və dirilik mənbəyi olan sudan korluq çəkənlər təkcə Bərdə rayonunun İmamqulubəyli kəndinin sakinləri deyil. Su çatışmazlığı problemi hazırda bu rayonun digər kəndləri, hətta qonşu rayonlar üçün də xarakterik xüsusiyyətlərdir. Səbəblər isə fərqli olduğu qədər də oxşardır.
Cəbhəyanı kəndlərdə yeni artezian quyuları
Cəbhəyanı yaşayış məntəqələrinin problemlərindən biri olan su qıtlığı Ağdam rayonunda da əsas problemlərdən sayılır. İşğaldan sonra rayonun mərkəzi hesab olunan Quzanlı qəsəbəsində son bir neçə ildə yeni artezian quyuları qazılsa da, təxminən 100-dək ailə içməli suyu 1,5 kilometr aralıda yerləşən başqa bir arteziandan gətirirlər. Həmin artezian isə sutkada cəmi bir neçə saat işləyir və bu müddət ərzində kim su götürə bilməsə, növbəti günədək susuz qalır.
Qəsəbə sakinləri bildirirlər ki, son illər məcburi köçkünlərin bir qisminin burada məskunlaşdırılması suya tələbatı ikiqat artırıb. Qəsəbədəki mövcud su mənbələri isə az olduğundan yerli əhalinin bir hissəsinin sudan istifadə etmək imkanları demək olar ki, yoxdur.
Bununla belə, Quzanlıda əhalinin su təminatının yaxşılaşdırılması üçün ciddi tədbirlərə başlanıb. Qəsəbənin su təchizatı ilə təmin etməli olan Su-Kanal İdarəsinin nümayəndələri Lent.az-a bildiriblər ki, “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində cəbhəboyu kəndlərdə su probleminin aradan qaldırılması istiqamətində görülən işlər davam etdirilir. Belə ki, indiyədək Ağdamın işğal olunmayan ərazilərində onlarla yeni su quyuları, o cümlədən ötən ilin noyabr-dekabr aylarında 27 artezian quyusu istifadəyə verilib. Rayonun Su İdarəsində bildirirlər ki, yeni quyular kəndlərdə istər içməli, istərsə də təsərrüfat suyuna olan ehtiyacı ödəyəcək. Bununla Quzanlı və digər yaşayış məntəqələrinin sakinləri hələ sovetlər dönəmindən becərə bilmədikləri yüzlərlə hektar torpaq sahəsində əkin işləri apara biləcək.
Ümumiyyətlə, bölgənin cəbhəyanı kəndlərində su çatışmazlığına əsas səbəb təbii su mənbələrinin – “Qarqar”, “Tərtər”, “Xaçın” çayları və Sərsəng su anbarının ermənilərin nəzarəti altında olmasıdır. Hazırda Ağdam ərazisində 707 artezian quyusu istismarda olsa da, bəzi kəndlərdə su çatışmazlığı problemi qalmaqdadır. Rayonun bütün yaşayış məntəqələrindəki su çatışmazlığının isə yeni layihəyə əsasən, bu il ərzində qazılacaq yeni artezian quyuları vasitəsilə həllini tapacağı gözlənilir.
Bir proqrama sığmayan problem
Xatırladaq ki, Bakıda və bölgələrdə su çatışmazlığı probleminin aradan qaldırılması “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın tərkib hissəsidir. Həm 2004-2008, həm də 2009-2013-cu illər üzrə Dövlət Proqramlarında həm də “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər planı”, “Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər proqramı” çərçivəsində də ölkənin müxtəlif regionlarında əhalinin suya olan tələbatın ödənilməsi üçün onlarla layihələr həyata keçirilib.
İqtisadi İnkişaf Nazirliyindən Lent.az-a bildiriblər ki, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində ölkənin 52 rayonunda su təchizatı və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması, habelə genişmiqyaslı irriqasiya tədbirlərinin görülməsi nəzərdə tutulur. Həmin proqram çərçivəsində hazırlanmış Tədbirlər Planında 52 rayonun hər birində modul tipli sutəmizləyici qurğuların quraşdırılmasından tutmuş kənd və qəsəbələrin, rayon mərkəzlərinin içməli, qış otlaqlarının və əkin sahələrinin suvarma su təchizatının yaxşılaşdırılması, su ehtiyatlarının inteqrasiyalı idarə edilməsi mexanizmlərinin hazırlanmasınadək müxtəlif tədbirlər planlaşdırılıb. Məhz bu proqram çərçivəsində ötən il ərzində Ağsu şəhərinə 25 kilometr məsafədən 219 millimetrlik polad borularla Quzay kəndi ərazisindəki bulaqların suyu gətirilməklə şəhərin, Pirhəsənli və Qaraqaşlı kəndlərinin ekoloji cəhətdən təmiz suya olan ehtiyacları aradan qalxıb, İsmayıllı rayonunun isə 7 kəndinin su təminatının yaxşılaşdırılıb.
Nazirlikdə onu da bildirirlər ki, 2010-cu ildə ölkə ərazisində suvarılan torpaqların su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılması məqsədilə kənd təsərrüfatı torpaqlarında 179879 pm kollektor-drenaj şəbəkələri, 133 917 pm suvarma kanalları tikilib. Bundan başqa, 2950 hektar əkin sahəsinin su təminatının yaxşılaşdırılması üçün 114 ədəd subartezian quyusu qazılıb, 35016,3 hektar torpaq sahəsinin meliorativ vəziyyətinin yaxşılaşdırılması istiqamətində tədbirlər yerinə yetirilib.
Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisinin başa çatdırılması, 156 kənddə quraşdırılan modul tipli sutəmizləyici qurğuların tikintisi də "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın ötən il üçün icrasının nəticələrindən hesab olunur. Ekologiya və Təbii Sərvətlər Nazirliyində bildirirlər ki, ötən il 156 kənddə quraşdırılmış sutəmizləyici qurğular vasitəsilə 300 min nəfər əhali ekoloji cəhətdən təmiz içməli su ilə təmin olunub.
Ölkənin içməli su ilə təminatına cavabdehlik daşıyan “Azərsu” Səhmdar Cəmiyyətində isə bildirirlər ki, Bakıda və regionlarda su sistemlərinin yenidən qurulması istiqamətində irimiqyaslı tədbirlərə 2008-ci ildən start verilib. Məhz həmin il respublikanın şəhər və rayonlarında su təchizatı və kanalizasiya sisteminin yaxşılaşdırılması üçün müxtəlif diametrli 252,2 kilometr uzunluğunda su xətti və 85,4 kilometr uzunluğunda kanalizasiya kollektoru quraşdırılıb, 3 su qəbuledici qurğu, 2 kanalizasiya nasos stansiyası, 4 istehsalat binası tikilib, 7 subartezian quyusu qazılıb. Bundan başqa, 2008-ci ildə ümumi həcmi 15 350 kubmetr olan 9 su anbarı tikilib, sutkada 16 000 kubmetr buraxılış gücünə malik 1 təmizləyici qurğu yenidən qurulmuş, ümumi gücü sutkada 206200 kubmetr olan 3 təmizləyici qurğular kompleksi tikilib.
"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın ötən iki ilinin yekunlarına gəlincə, “Azərsu”da bildirirlər ki, 2009-2010-cu illərdə su və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması istiqamətində görülən işlərin çoxu Daşkəsən, Dəvəçi, Qobustan, Tovuz, Zaqatala, Qax, Balakən, İsmayıllı, Bərdə, Beyləqan, Ucar rayonlarını, Bakı şəhəri və ətraf qəsəbələri, Abşeron yarımadasında yerləşən digər yaşayış məntəqələrini əhatə edib.
Kiçik su anbarlarına ehtiyac var
“Azərsu”da bildirirlər ki, mərkəzləşdirilmiş su sistemi və mövcud qurğular əhalini içməli su ilə təminatı üçün yetərli deyil. Bu səbəbdən Dövlət Proqram çərçivəsində hazırlanmış Tədbirlər Planında yeni qurğuların quraşdırılması, istismar müddəti başa çatmış qurğuların bərpası, kiçik ölçülü qurğu və sistemlərin daha böyük gücə malik avadanlıqlarla yeniləri ilə vəz edilməsi nəzərdə tutulur. Həmçinin Dövlət Proqramına uyğun olaraq, ölkə ərazisindəki çaylar üzərində bir neçə kiçik su anbarlarının tikilməsi planlaşdırılır. Üstəlik su itkilərinin qarşısının alınması, su təchizatı və kanalizasiya sistemində baş verən qəzaların vaxtında aradan qaldırılması üçün istismara yararsız olan elektrik mühərriki və su nasoslarının, kabellərin yenisi ilə əvəzlənməsi, su anbarları yuyulması üçün əlavə tədbirlərə dair təkliflər də hazırlanıb.
Bundan başqa, beynəlxalq maliyyə təşkilatları tərəfindən dəstəklənən, respublika regionlarının su təchizatı və kanalizasiya sisteminin yaxşılaşdırılmasına yönəlmiş layihələr üzrə işlər davam etdirilir. Asiya İnkişaf Bankının dəstəyi ilə Ağdaş, Göyçay, Ağcabədi, Balakən, Beyləqan rayon mərkəzlərinin, Naxçıvan şəhərinin su və kanalizasiya sistemlərinin yenidən qurulması da bu qəbildəndir. Almaniyanın KFW Bankı və İsveçrənin SEKO təşkilatı ilə imzalanmış sazişlər çərçivəsində Gəncə və Şəki şəhərlərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması, artezian quyularının qazılması, magistral boru kəmərlərinin və paylayıcı şəbəkənin bərpası da bu sahədəki problemin həllinə şərait yaradacaq. Azərbaycan Hökuməti və Dünya Bankı tərəfindən maliyyələşdirilən “Milli su təchizatı və kanalizasiya xidmətləri layihəsi” çərçivəsində Azərbaycanın üst-üstə 43 rayon mərkəzində və ətraf kəndlərində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması 2013-cü ilədək başa çatdırılacaq.
Azərbaycan hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankı tərəfindən maliyyələşdirilən “Azərbaycan Respublikasının kiçik şəhərlərində su təchizatı layihəsi” isə respublikanın 10 rayon mərkəzində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasını nəzərdə tutur. Bu layihə regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramının tərkib hissəsidir. Layihənin əsas məqsədi Şirvan, Bərdə, Neftçala, Salyan, Xaçmaz, Yevlax, Xızı, Qusar, Qobustan, Naftalan rayon mərkəzlərində su və kanalizasiya xidmətlərinin keyfiyyətini, etibarlılığını və davamlılığını təmin etməkdən ibarətdir.
“Azərsu” Səhmdar Cəmiyyətində hesab edirlər ki, bu proqramların gerçəkləşdirilməsi ölkənin su və kanalizasiya xidməti sahəsindəki problemlərin tam şəkildə aradan qaldırılması istiqamətində həlledici rol oynaya bilər. Bu gözləntilərin özünü necə doğruldacağı isə həmin layihələrin icrasından asılı olacaq.
Elxan SALAHOV

1374