Gəncə “Gil-torpaq” İstehsalat Sahəsinin tullantılarının ətraf mühitə zərərli təsirinin azaldılması üçün Kompleks Tədbirlər Planı hazırlanıb
19 mart 2011 10:50 (UTC +04:00)

Gəncə “Gil-torpaq” İstehsalat Sahəsinin tullantılarının ətraf mühitə zərərli təsirinin azaldılması üçün Kompleks Tədbirlər Planı hazırlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi mütəmadi olaraq Gəncə “Gil-torpaq” İstehsalat Sahəsinin ərazisində araşdırma və monitorinqlər keçirilir


“Azəralüminium” ASC-nin tabeliyində olan Gəncə “Gil-Torpaq” İstehsalat sahəsinin fəaliyyəti nəticəsində əmələ gəlmiş alunit və boksit tullantılarının ətraf mühitə zərərli təsirinin aradan qaldırılması istiqamətində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ardıcıl tədbirlər həyata keçirilir.

Ekologiya və Təbbi Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu sahədə problemlər də mövcuddur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 2002-ci ildən başlayaraq müəssisədə müvafiq araşdırmalar aparılıb, müəssisənin fəaliyyəti zamanı “Ətraf mühitin mühafizəsi haqqında” və “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikası Qanunlarının müvafiq tələbləri pozulduğuna görə Gəncə “Gil-Torpaq” İstehsalat Sahəsinin rəhbərliyinə qarşı dəfələrlə inzibati qaydada tədbirlər görülüb və çatışmazlıqların aradan qaldırılması üçün icrası məcburi olan göstərişlər verilib. Lakin müəssisə rəhbərliyinin təbiətə, ətraf mühitin mühafizəsinə laqeyd münasibəti nəticəsində göstərişlərin icrası öz həllini tapmayıb.

Qeyd edək ki, 1966-cı ildə fəaliyyətə başlamış Gəncə “Gil-torpaq” İstehsalat Sahəsində Daşkəsən rayonunun Zəylik mədənindən gətirilmiş alunit filizindən istifadə edilib və istehsalat prosesi zamanı il ərzində əmələ gələn 2 milyon ton şlamın yığılması məqsədilə müəssisənin ərazisində ümumi sahəsi 159 hektar olan 2 ədəd şlam hovuzu tikilərək istifadəyə verilib. Lakin illər keçdikcə müəssisənin fəaliyyətində yaranan bir sıra çətinliklər, o cümlədən alunit emalının ətraf mühiti çirkləndirməsi səbəbindən müəssisədə alunit filizinin emalı getdikcə azaldılıb, 1997-ci ildən isə tamamilə dayandırılıb.
1976-cı ildə müəssisədə istehsal gücü ildə 450 min ton boksit filizinin emalı xətti işə salınıb və xarici ölkələrdən (Qvineya və Hindistan) idxal olunan boksitin emalına başlanıb. Emal prosesi zamanı ildə 500 min tona qədər boksit şlamının əmələ gəldiyi nəzərə alınaraq, müəssisə tərəfindən alunit şlamı hovuzlarının yanında sahəsi 82 hektar olan 3-cü hovuz hazırlanıb istifadəyə verilib. 1998-ci ildən isə müəssisə boksit şlamını 2-ci alunit hovuzunda yerləşdirməyə başlayıb.

Hazırda müəssisənin alunit şlamı hovuzlarında, ümumilikdə 12 milyon 730 min ton alunit tullantı şlamı, boksit şlamı hovuzunda isə 8 milyon 843 min ton boksit tullantı şlamı yığılıb qalıb. 2008-ci ildə dünyada baş verən maliyyə böhranı səbəbindən alüminium oksidinin dünya bazarında qiymətinin ucuzlaşması nəticəsində 2009-cu ildən gil-torpaq sexlərinin işi tamamilə dayandırılmıb və bu günə qədər də fəaliyyət göstərmir. Nazirlər Kabinetinin tapşırığına uyğun olaraq Gəncə “Gil-torpaq” İstehsalat Sahəsinin fəaliyyəti nəticəsində əmələ gəlmiş alunit və boksit tullantılarının ətraf mühitə zərərli təsirinin aradan qaldırılması ilə bağlı Kompleks Tədbirlər Planının layihəsinin hazırlanması üçün Fövqəladə Hallar, Sənaye və Energetika, Ekologiya və Təbii Sərvətlər Nazirliklərinin, Əmlak Məsələləri Dövlət Komitəsinin, həmçinin, “Azəralüminium” ASC-nin, Cəncə “Gil-torpaq” İstehsalat Sahəsinin, Azərbaycan Milli Elmlər Akademiyasının və Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndələrindən ibarət tərkibdə Fövqəladə Hallar Nazirliyində işçi qrup yaradılıb. İşçi qrup tərəfindən Gəncə “Gil-torpaq” İstehsalat Sahəsinin fəaliyyəti nəticəsində əmələ gəlmiş alunit və boksit tullantılarının ətraf mühitə zərərli təsirinin azaldılması və aradan qaldırılmasına dair Kompleks Tədbirlər Planı hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən mütəmadi olaraq Gəncə “Gil-torpaq” İstehsalat Sahəsinin ərazisində araşdırma və monitorinqlər keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1263

Oxşar yazılar